Logo

BDU ilə ABŞ-ın Linkoln Universiteti arasında ikili diplom proqramı üzrə əməkdaşlıq müqavləsi imzalanıb

17.07.2021 11:53 85 baxış
IMG

Bakı Dövlət Universiteti (BDU) və ABŞ-ın Linkoln Universiteti (Lincoln University) arasında BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi və Linkoln Universitetinin Biznes inzibatçılığı sahəsində magistratura (MBA) proqramı bazasında Biznesin təşkili və idarə edilməsi, maliyyə ixtisaslaşması üzrə magistratura səviyyəsində ikili diplom proqramına dair əməkdaşlıq müqaviləsinin imzalanma mərasimi keçirilib.

 

Qeyd edək ki, Linkoln Universitetində biznes administrasiyası sahəsində yüksək səviyyədə bakalavr (BBA), magistr (MBA) və doktorant hazırlığı həyata keçirilir və sözügedən Universitetin Biznesin təşkili və idarə edilməsi (maliyyə üzrə) proqramı ABŞ-da Biznes Təhsili üzrə Beynəlxalq Akkreditasiya Şurası (IACBE) tərəfindən xüsusi akkreditasiyadan keçmişdir.

 

Onlayn imzalanma mərasimində BDU-nun rektoru Elçin Babayev, rektorun strateji inkişaf və əlaqələr üzrə müşaviri Əli Nağıyev və Linkoln Universitetinin prezidenti Mixail Brodski iştirak ediblər.

 

Görüşdə BDU-nun rektoru Elçin Babayev Linkoln Universiteti ilə birgə kadr hazırlığının, universitetlərarası ikili diplom proqramının əhəmiyyətindən bəhs edib və gələcək əməkdaşlığın məhsuldar və faydalı olması üçün bütün zəruri addımların atılacağını bildirib.

 

Linkoln Universitetinin prezidenti Mixail Brodski çıxışında imzalanma mərasimini gələcək əməkdaşlığın inkişafına töhfə verəcəyini bildirib və onu birgə əməkdaşlıq istiqamətində görülən işlərin bəhrəsi kimi qiymətləndirib.

 

Görüşün sonunda BDU və Linkoln Universiteti arasında ikili diplom proqramı üzrə əməkdaşlıq müqaviləsi imzalanıb.

 

Bu ikili diplom proqramı iqtisadi və idarəetmə elmlərinin fundamental və tətbiqi metodlarından istifadə edərək öz peşə fəaliyyətlərində praktik problemləri təsnif etmək və onları effektiv həll etmək bacarıqlarına malik olan, təhsil, elm və işgüzar fəaliyyət sahəsi üçün ölkəmizdə yüksək ixtisaslı mütəxəssislərin hazırlanması prosesinə təkan verəcəkdir.

Xəbər lenti