Logo

Azərbaycan-Fransız Universitetində “Məzun günü”

17.07.2021 13:09 406 baxış
IMG

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) “Məzun günü” keçirilib.

 

Əvvəlcə Azərbaycan Dövlət Himni səsləndirilib və Vətən müharibəsində həlak olmuş şəhidlərimizin ruhu 1 dəqiqəlik sükütla anılıb.

 

Tehsil.biz xəbər verir ki, tədbirdə çıxış edən təhsil naziri Emin Əmrullayev UFAZ-ın Azərbaycan Prezidentinin təşəbbüsü ilə yarandığını və 2016-cı ildən pilot bir layihə kimi fəaliyyətə başladığını bildirib. O, belə bir təhsil ocağının ADNSU nəzdində yaranmasının təsadüfi olmadığını qeyd edərək, 100 illik yubileyini qeyd etmiş bu universitetin ölkə tarixində böyük iz buraxdığını söyləyib. UFAZ-da tələbələrin təhsil göstəricilərinin oxşar ixtisaslar üzrə ümumi göstəricilərdən daha yüksək olduğunu bildirən nazir bunun düzgün və keyfiyyətli işin nümunəsi olduğunu bildirib. E.Əmrullayev məzunların işğaldan azad olunmuş ərazilərin bərpasında və inkişafında böyük töhfə verə biləcəyini qeyd edib və onlara gələcək karyeralarında müvəfəqiyyətlər arzulayıb.

 

ADNSU-nun rektoru professor Mustafa Babanlı çıxışında UFAZ-da ötən il 125, bu il isə 113 məzunun olduğunu bildirib. Rektor qeyd edib ki, ötən il ilk dəfə bu tədris ocağında magistratura pilləsi üzrə təhsil başlayıb. UFAZ-ın builki məzunlarından 44 nəfər universitetin magistratura pilləsinə qəbul olunub. M.Babanlı UFAZ-dakı təhsilin dünyəvi təhsil olduğunu qeyd edib: “Əsas məqsədimiz Azərbaycan gəncinin öz ölkəsini tərk etmədən Avropanın qabaqcıl universitetlərinin vermiş olduğu təhsili almasıdır. ADNSU öz növbəsində bu təhsilin daim keyfiyyətli qalmasına əlindən gələni əsirgəmir”.

 

Rektor valideynləri təbrik edib, məzunlara uğurlar arzulayıb.

 

UFAZ-ın icraçı direktoru Vazeh Əskərov ADNSU tərəfindən göstərilən diqqətə görə rektor Mustafa Babanlıya təşəkkür edib. V.Əskərov UFAZ-ın bu il məzun olmuş tələbələrindən 14 nəfərinin dünyanın aparıcı universitetlərinə qəbul olunduğunu bildirib.

 

Tədbirdə çıxış edən “Azərkosmos” ASC-nin sədr müavini Dunay Bədirxanov UFAZ ilə əməkdaşlıqdan danışaraq, bu universitetin tələbələrinin bir sıra yarışmalarda və beynəlxalq tədbirlərdə fəal iştirakını vurğulayıb. Azərbaycanın 3-cü peykinin orbitə buraxılması prosesində canlı iştirakçılardan birinin UFAZ tələbəsi olmasının təsadüfi olmadığını bildirib.

 

Tələbələr adından çıxış edən Fidan Kərimova müəllim və professorlara təşəkkürünü bildirib.

 

Rəsmi hissədən sonra məzunların mükafatlandırılması mərasimi olub. İlk olaraq ən yüksək nəticə göstərmiş məzunlara ADNSU tərəfindən xüsusi hədiyyələr və sertifikatlar təqdim olunub.

 

Sonra UFAZ tələbəsi Aysu Məmmədova iştirakçılar üçün bir neçə mahnı ifa edib.

Xəbər lenti