Logo

Türkiyəli həkimlər ATU-da Vətən müharibəsindən danışıblar

17.07.2021 14:12 493 baxış
IMG

Bakıya səfərə gəlmiş Türkiyə Milliyyətçi Həkimlər Dərnəyinin üzvləri Azərbaycan Tibb Universitetində olublar. Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı ilə baş tutan görüşdə ATU-nun rektoru, professor Gəray Gəraybəyli çıxış edərək ali təhsil müəssisəsinin fəaliyyəti, təhsilin keyfiyyətinin daha da yüksəldilməsi üçün görülən işlərdən danışıb. 

 

ATU-nun Hərbi tibb fakültəsi barədə də qonaqlara məlumat verən rektor G.Gəraybəyli torpaqlarımızın azadlığı ilə nəticələnmiş Vətən müharibəsində məhz bu fakültənin məzunlarının böyük fədakarlıq və peşəkarlıq nümayiş etdirdiklərini, onlardan bəzilərinin döyüşlərdə şəhidlik zirvəsinə ucaldıqlarını bildirib. 

 

G.Gəraybəyli bu qəhrəman tibb işçilərinin xatirəsinin daim hörmətlə anılacağını qeyd edib. 
Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli türkiyəli qonaqların səfəri haqqında məlumat verib. Türkiyə Milliyyətçi Həkimlər Dərnəyinin sədri Semih Uşaklıoğlu Azərbaycanın apardığı haqq savaşı dövründə türkiyəli həkimlərin də səfərbər olduğunu, Azərbaycana yardım üçün müraciət etdiklərini xatırladıb. S.Uşaklıoğlu dərnəyin üzvləri olan həkimlərin Azərbaycanı haqlı mübarizəsində daim dəstəklədiklərini vurğulayıb. 

 

Görüşdə ATU-nun Hərbi tibb fakültəsinin dekanı Çingiz Əlləzov, Beynəlxalq əlaqələr üzrə prorektor Orxan İsayev, Ümumi işlər üzrə prorektor Tahir Vəliyev, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Müşfiq Orucov iştirak ediblər. 


Qeyd edək ki, Türkiyə nümayəndə heyətində qurumun İdarə Heyətinin üzvləri professor Enver Özdemir, dr. Yavuzhan Baş, dr. Halit Gökalp Küçük, dr. Ceren Tunay və müəllim Merve Küçük təmsil olunublar.

Xəbər lenti