Logo

Qrız kəndində məktəb tikintisi tam dayandırıldı - FOTO

18.07.2021 17:06 377 baxış
IMG

Qubanın dağlıq Qrız kəndinin ərazisində məktəbin tikintisi zamanı qədim qəbirlər aşkar edildiyindən inşa işləri davam etdirilə bilməz.


Bizim.Media xəbər verir ki, bunu Qrızdan qayıdan Azərbaycan Milli EA-nın Arxeologiya və Etnoqrafiya İnstitunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Qəhrəman Ağayev səsləndirib.


Onun sözlərinə görə, bir neçə gün əvvəl Qriz kəndində yeni məktəbin inşası zamanı qədim qəbirlər tapılıb, dərhal yerli qurumlar və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti məlumatlandırılıb.

 

Məktəbin tikintisi dayandırılıb və əraziyə mütəxəssis baxışının keçirilməsi barədə qərar çıxarılıb. Bu məqsədlə Mədəniyyət Nazirliyi Arxeologiya və Etnoqrafiya İnstitutuna müraciət edib.


Müraciətdən sonra Qubanın Qrız kəndinə ezam olunduğunu söyləyən Qəhrəman Ağayev məktəb tikintisinin aparıldığı sahəyə və ümumilikdə Qrız kəndinə baxış keçirdiyini deyib.


Bildirib ki, Qrız kəndində tarixi 6-cı əsrdən başlayan və bu günümüzə gəlib çıxan qədim nekropol var. Bu nekropol müxtəlif dövrləri əhatə edir.


Məktəbin inşası nekropolun üstündə tikilir. Məktəbin özülü qazılarkən buradan 8 müsəlman qəbri tapılıb. Həmin qəbirlər üzü qibləyə, müsəlman dini qaydalarına uyğun dəfn edilib.


Arxeoloq alimin qənaətinə görə, yerli əhalinin ehtimalları düz çıxıb, tapılan qədim qəbirlər nekropolun 12-ci əsrə aid olduğu sahədə aşkar edilib.


Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri hesab edir ki, Qrız kəndində yeni məktəbin inşasının köhnə binanın ərazisində aparılması daha məqsədəuyğundur. Köhnə məktəbin sahəsinə baş çəkdiyini söyləyən Qəhrəman Ağayev bildirib ki, köhnə binanın sökülüb yerində yeni məktəb tikilməsi mümkündür.


Arxeloqun məlumatına görə, Qrız kəndinin hər daşı bir tarixdir: "Kənddə möhtəşəm qala divarlarını gördük. Uçulub dağılsa da qalıb. Bu, onu göstərir ki, Qrız kəndində qədim tayfa və ya xanlıq yaşayıb.

Onlar 17-ci əsrin ortalarınadək qalada yaşayıblar və 18-ci əsrin əvvəllərindən başlayaraq insanlar kənarda, yəni ətraf hissələrdə ev-eşik tikib, məskən salıblar. İndi Qrız kəndində olan evlər ətrafda salınmış evlərdir".


Qəhrəman Ağayev bu səbəbdən Qrız kəndində geniş arxeoloji qazıntıların aparılmasını vacib sayır. Onun qənaətinə görə, Mədəniyyət Nazirliyi Milli EA qarşısında məsələ qaldırsa, bu tarixi kənddə ətraflı arxeloji tədqiqatlar aparıla bilər.

 

Quba rayon təhsil şöbəsinin müdiri Rüfət Hacıyev məsələdən xəbərdar olduğunu deyib. Bildirib ki, yeni məktəbin inşası üçün Qrız kəndində münasib yerdə sahə ayrılacaq və tezliklə məktəbin inşasına başlanılacaq.


Beləliklə,Təhsil Nazirliyi də öz qərarını açıqlayıb. Qədim tarixi abidənin məhv olmasına bu qurum da heç vaxt rəvac verməz.


Mədəniyyət Nazirliyi ilə Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu anlaşa bilsə, Qrız kəndində böyük həcmli arxeoloji qazıntılara start verilə bilər.


Təhsil Nazirliyi yeni məktəblə bağlı işləri yoluna qoyacağını deyib.


Aytəkin Alxaslı, Bizim.Media


 



 

 

​​​​​

 


 


 


Xəbər lenti