Logo

Bu il Qurban bayramını qalib xalqın qalib nümayəndələri kimi qeyd edirik

20.07.2021 16:25 885 baxış
IMG

Dünyada məzhəblərarası dözümsüzlük, qarşıdurma, ayrı-seçkilik və ciddi fəsadlar törədən münaqişələr baş verdiyi halda, Azərbaycanda tolerantlıq və multikulturalizm, birgə yaşayış ənənəsi hökm sürür. Azərbaycan, həmçinin dünyada sülhün, dinlərarası, sivilizasiyalararası, mədəniyyətlərarası dialoqun güclənməsinə və sülhün bərqərar olunmasına böyük töhfələr verir. Azərbaycanda keçirilən çoxsaylı beynəlxalq tədbirlər həm ölkəmiz, həm də dünya üçün böyük məna daşıyır. Çünki Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir. Tolerantlıq Azərbaycan xalqının milli sərvətidir. Bu günlərdə bütün dünyada Qurban bayramı qeyd olunur. Bu bayram Azərbaycanda tolerantlığın təntənəsinə çevrilmişdir.


Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib.


“Müxtəlif dini konfessiyaların nümayəndələri bu bayram günlərində vahid Azərbaycan xalqının birlik və qardaşlığını nümayiş etdirir, müsəlman dostlarını təbrik edirlər. Bu, Azərbaycan xalqının mənəvi birliyinin ifadəsidir. İslam aləminin ən müqəddəs bayramlarından biri olan Qurban bayramı bütün dünya müsəlmanlarının həmrəylik və qardaşlıq rəmzidir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Qurban bayramının ölkəmizdə dövlət səviyyəsində qeyd olunması Azərbaycan xalqının öz milli və dini ənənələrinə sadiq olduğunu dünyaya nümayiş etdirdi. Qurban bayramı humanizm, bərabərlik və qardaşlıq prinsiplərini özündə birləşdirən,insanları halallığa, paklığa səsləyən mənəvi mirasdır. İslama sədaqətini həmişə nümayiş etdirmiş Azərbaycan xalqı əsrlər boyu, hətta ən mürəkkəb dövrlərdə belə Qurban bayramını özünün əziz günlərindən biri kimi qeyd etmişdir. Bu bayramın əsas mahiyyəti Allah yolunda kəsilmiş heyvanın ətini Allahın imkansız bəndələri ilə bölüşmək, onları sevindirmək və sevincinə şərik olmaqdır. Beləliklə, bu bayramın və ayinin də əsasında, orucluqda olduğu kimi, xeyirxahlıq, paklıq və Allaha inam və sevgi durur. Müqəddəs Qurban bayramı insanları mənəvi saflığa və xeyirxah amallar uğrunda hər cür fədakarlığa hazır olmağa dəvət edir. Builki Qurban bayramını Qalib xalqın qalib nümayəndələri kimi qarşılayırıq. 30 illik Qarabağ həsrəti sona çatdı. Builki Qurban bayramında Şuşada, Ağdamda, Kəlbəcərdə və digər işğaldan azad olunmuş ərazilərdə də Azan səsi eşidiləcək, bayram namazı qılınacaq, qurbanlar kəsiləcək. Azərbaycan xalqının böyüklüyü, ali milli və dini dəyərlərinə sadiqliyi, tarixi kökünə bağlılığı Azərbaycanı ərazi bütövlüyünə qovuşdurdu, ay-ulduzlu üçrəngli bayrağımızı əzəli torpaqlarımızda dalğalandırdı”, - deyə deputat söyləyib.


O əlavə edib ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın qəhrəman oğulları Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən naminə canından keçməyə hazır olduqlarını göstərdilər. Qurban bayramı Allah yolunda fədakarlığın, Qarabağ müharibəsi Vətən yolunda fədakarlığın təntənəsidir.

Xəbər lenti