Logo

Qurban bayramının tarixi, vacib şərtləri və özəllikləri

21.07.2021 13:18 870 baxış
IMG

Azərbaycan xalqı qədim tarixə və zəngin dövlətçilik ənənələrinə, o cümlədən milli-mənəvi dəyərlərimizi özündə əks etdirən, qədim və zəngin tarixə malik bayramlara və əlamətdar tarixi günlərə malikdir. Onlara aiddir: Orucluq, Qurban və Novruz bayramları və 28 may - Respublika Günü, 15 iyun - Qurtuluş Günü, 26 iyun-Milli Ordu Günü, 18 oktyabr - Müstəqillik Günü, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və s. Bu bayramların bir hissəsi milli-mənəvi dəyərlərimizi özündə əks etdirir və onların qədim tarixi vardır. Ən sərt və amansız qadağalar, totalitar rejimlər belə, bu bayramların keçirilməsinə mane ola bilməmişdir (Orucluq, Qurban, Novruz və s.). Elə bayramlarımız da vardır ki, onlar çağdaş tariximizlə, dövlətçiliyimiz və müstəqilliyimizlə bağlıdır.

 

Dünyada qeyd olunan, ölkəmiz üçün də mühüm əhəmiyyət kəsb edən bayramlar, tarixi günlər vardır. Xalqımızın milli-mənəvi dəyərləri ilə ümumbəşəri dəyərlər vəhdət təşkil edir. Ölkəmiz dünyanın bir parçasıdır. BMT və UNESCO kimi mötəbər dünya qurumlarının qərarı ilə qeyd olunan bir çox bayram və tarixi günlər Azərbaycanın dünyaya inteqrasiyasında əhəmiyyətli rol oynayır.

 

Qurban bayramı - İslam dünyasında ən müqəddəs bayramlardan biri olmaqla bütün müsəlman ölkələrində təmtəraqla qeyd olunur.

 

“Qurban” kəlməsinin lüğəti mənası “Allaha yaxınlıq etmək üçün vəsilə olan” deməkdir. Dini termin olaraq isə qurban “ibadət məqsədi ilə müəyyən bir vaxtda müəyyən şərtləri olan heyvanın qaydalara görə kəsmək və ya bu şəkildə kəsilən heyvan” deməkdir.

 

Bütün müsəlman aləmində hər il hicri təqvimi ilə zilhiccə ayının 10-cu günündən başlayır və adətən 3 gün davam edir. Mərasimlərdə qoyun, qoç, inək, dana və s. kəsilir. Qurbanın (niyyətindən asılı olmayaraq) bir hissəsi pay göndərilir, digər hissələri isə, ehtiyac sahiblərinə paylanır. Qurban ətindən hamıya bərabər pay verilir, qurban kəsən özü də bərabər pay götürə bilər. Qurban bayramı həm də, ən qədim bayramlardan biridir. Dini qurban kəsmə mərasimi İslamdan da əvvəl mövcud olub, lakin o vaxtlar günahdan təmizlənmək, qəzəblənmiş İlahların könlünü almaq və s. nəzərdə tutulurdu.

 

Hicrinin (Məhəmməd Peyğəmbərin Məkkədən Mədinəyə köçməsinin) 2-ci ilindən sonra dini qurban kəsmənin İslam aləmində yeni məqsədləri və səbəbləri yarandı. Belə ki, dini qurban kəsmə aləmində böyük ruh yüksəkliyi, dindarlıq, xeyriyyəçilik, başqalarına kömək etmək kimi əlamətlərə yiyələndi.

 

Dini qurban kəsmə İbrahim Peyğəmbərin həyatında baş verən əhvalatdan sonra yaranmışdı.

 

Azərbaycan müstəqillik əldə etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli “Azərbaycan Respublikasının bayramları haqqında” Qanuna əsasən Qurban bayramı ölkəmizdə də dövlət səviyyəsində bayram edilir.

 

Səmavi dinlərin - Yəhudilik, Xristianlıq və İslamın hər üçündə müxtəlif formada qurbanlıq mövcuddur. Lakin İslamda bu ayin xüsusi mahiyyət və əhəmiyyət kəsb edir. Onun əsasında Allaha sonsuz sevgi, Onun qüdrətinə inam və iman işığı durur.

 

İnsanları halallığa, paklığa səsləyən Qurban bayramının çox maraqlı tarixi və şərtləri var. Allaha qəlbən yaxın və sadiq olduğunu sübut etmək istəyən İbrahim peyğəmbər oğlu İsmayılı qurban kəsməyə hazır idi. Lakin uca Allah bunu elçisinə rəva bilmədi və qurbanlıq üçün ona bir qoç göndərdi. Buna görə də, Qurbanlıq bayramında kəsilən qurbana “İsmayıl qurbanı” da deyirlər.

 

İbrahimin qoca yaşında Allah ona bir oğlan uşağı (İsmayılı) nəsib etmişdi. Çox sevdiyi balasını Allah yolunda Qurban verməyə hazır olması Peyğəmbərin Allah qarşısında imanının, səmimiliyinin və mütiliyinin bariz sübutudur. Odur ki, din tarixində dərin iz salmış bu hadisə Allaha inamın, dərin etiqadın nümunəsidir. Bu hadisə onu göstərir ki, insanlar Allahı sonsuz inamla sevməli və öz sevgilərində bu cür səmimi olmalıdırlar. Çətin anlarda Allahı yada salıb, yaxşı zamanlarda Onu unutmaq möminə yaraşan hərəkət deyil.

 

Bu rəvayətin başqa bir fəlsəfi-əxlaqi mənası ondan ibarətdir ki, İslam dinində insanın Allah yolunda qurban kəsilməsi qəbul olunmur. İslama qədər bir çox dinlərdə insanların qurban vermə ayinlərinə rast gəlmək mümkündür. Məsələn atəşpərəstlər insanı odda yandırırdılar. Onlar bu yolla guya Allaha yaxın olduqlarını göstərirdilər. Qədim Çində də insanların ilahlara qurban vermək adəti var idi. Bu ölkədə təbii fəlakətlərdən, daşqınlardan hifz olunmaq üçün uşaqları çaya atırdılar.

 

İnsan Allahın yaratdığı ən şərəfli və ən üstün məxluqdur. Allah özünün yaratdığını özü yolunda qurban kəsilməsini qəbul etmir.

 

İsmayıl Qurbanında kəsilən heyvanlarda bir sıra şərtlər vacib sayılır. Qurbanlıq kimi seçilən heyvan, qoç, iribuynuzlu dana yaxud da dəvə olmalıdır. Nəsil artımında dişi heyvanların müstəsna rolu olduğuna görə, qurbanlıq heyvanın erkək olması daha üstün tutulur. Qurbanlıq qoçun yaşına gəlincə, bu ən azı 6 aylıq heyvan olmalıdır. Lakin dana, yaxud dəvənin 1 yaşı tamam olsa, daha yaxşıdır. İsmayıl qurbanında kəsilən heyvanın sağlam olması da, vacib şərtdir. Əzalarında hər hansı nöqsan olan, buynuzunun, yaxud qulağının biri olmayan, axtalanmış heyvanın qurban kəsilməsi İslamda məsləhət görülmür.

 

Bu bayramın əsas mahiyyəti Allah yolunda kəsilmiş qurbanlıq heyvanın ətini Allahın imkansız bəndələri ilə bölüşmək, onları sevindirmək və sevincinə şərik olmaqdır. Beləliklə, bu bayramın və ayinin də, əsasında, orucluqda olduğu kimi, xeyirxahlıq, paklıq, Allaha inam və sevgi durur.

 

Bəzən bir neçə adam bir heyvan alıb onu öz aralarında bölüşməklə, yaxud gedib bazardan ət alıb gətirməklə öz qurbanını kəsmiş hesab edir. Lakin İslam dininə görə bunlar qurbanlıq hesab olunmur. Əlbəttə, bir neçə nəfər yığışıb bir dananı kəsə bilərlər, bu şərtlə ki, hər bir şəxsə düşmüş ət payını ən azı 3 hissəyə bölmək mümkün olsun. Bu hissələrdən biri onların öz ailəsinə sərf olunmalı, qalan hissələri isə fəqir-füqəraya paylanmalıdır.

 

Qurbanlığın ən gözəl xüsusiyyətlərindən biri də, odur ki, burada din, məzhəb ayı-seçkiliyinə yol verilmir. Bu bayramlarda istənilən dindən olan yetimin, kimsəsizin və yoxsulun haqqı var ki, varlının imkanlarından bəhrələnsin, adi günlərdə yeyə bilmədiyi qurbanlıq ətindən dadsın. Qurbanlıq o deməkdir ki, insanlar Allahın xoşuna gələcək bir əməli icra edirlər.

 

Qurbanlığın şərtlərindən biri də qurban kəsmək yalnız buna imkanı olan varlı adamların boynunda haqdır. İmkanı olmayan şəxsə isə, qurban kəsmək vacib deyil. Qurbanı kəsmək üçün borc pula heyvan almaq İslamda təqdir olunmur, çünki bu bayramın əsas mahiyyəti zənginlərlə imkansızların birliyi, qardaşlığıdır. Bu bayramda hamı sevinməlidir: varlılar Allaha xoş gedən əməli icra etdikləri və kasıbları sevindirdiklərinə görə, kasıblar isə, dünya naz-nemətindən əldə etdiklərinə və başqalarından duyduqları mərhəmət və qayğıya görə. Əhalinin və nüfuzlu din xadimlərinin xahişi əsasında Milli Məclis 19 dekabr 2006-cı ildə qəbul etdiyi “ Azərbaycan Respublikasının əmək məcəlləsinə dəyişiklik edilməsi barədə” Qanunla Qurban bayramının 2 gün qeyd olunmasını rəsmiləşdirmişdir.

 

Qurban bayramınız mübarək!

 

İbrahim Zeynalov,

BDU-nun Tarix fakültəsinin professoru

Xəbər lenti