Milli dövlətçilik tariximizin mühüm səhifələrindən birini təşkil edən Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyət dövrü qısa zaman müddətini əhatə etsə də, həmin dövrün tariximizdə, mədəniyyətimizdə, elm və təhsilimizdə, eləcə də mətbuatımızda xüsusi yeri vardır. Bu tarixi mərhələnin müxtəlif parametrlər üzrə və ilkin mənbələr əsasında tədqiqi, gerçəklərin üzə çıxarılması, həqiqətlərin bugünkü və gələcək nəsillərə çatdırılması günümüzün ən ümdə məsələlərindən biri sayıla bilər.
Xalqımızın ümummilli lideri Heydər Əliyev hər zaman Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə yüksək dəyər vermiş, eyni zamanda, həmin dövrün yenidən və hərtərəfli öyrənilməsinin vacibliyini dəfələrlə vurğulamışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2017-ci il mayın 16-da “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” sərəncamın imzalanması, həmçinin 2018-ci ilin ölkəmizdə “Cümhuriyyət ili” elan edilməsi də məhz bu məqsədə xidmət edir.
Cümhuriyyət hökumətinin 23 aylıq qısa zaman müddətində diqqət yetirdiyi istiqamətlərdən biri də milli mətbuatın yaradılması və formalaşdırılması idi. Müstəqil Azərbaycan dövlətinin tanıdılmasında, siyasi hakimiyyətin sosial dayaqlarının möhkəmləndirilməsində mətbuatın oynayacağı müstəsna rolu qiymətləndirən Cümhuriyyət Parlamentinin 1919-cu il 30 oktyabr tarixli qərarı ilə “Mətbuat haqqında Nizamnamə” qəbul edilmişdir. Mətbuat sahəsinə sərbəstliyin verilməsi, fikir və ifadə azadlığının təsbit olunması qısa zaman ərzində öz bəhrəsini vermiş, ölkədə müxtəlif dillərdə və müxtəlif ideoloji baxışları təmsil edən çoxsaylı qəzetlərin çapına nail olunmuşdur.
Həmin dövr mətbuatının mənzərəsinə nəzər saldıqda cümhuriyyət ideyalarının təbliğində, xalqımızın maariflənməsində parlamentin orqanı kimi fəaliyyət göstərən “Azərbaycan” qəzetinin müstəsna əhəmiyyətini və rolunu daha aydın şəkildə görürük. Ceyhun Hacıbəyli və Üzeyir Hacıbəyli qardaşlarının redaktorluğu ilə türk, Şəfi bəy Rüstəmbəylinin redaktorluğu ilə rus dillərində nəşr olunan qəzetin ilk 4 sayı Gəncədə, qalan nömrələri isə Azərbaycan milli hökumətinin Bakıya köçürülməsindən sonra Bakı şəhərində işıq üzü görmüşdür.
“Azərbaycan” qəzetinin ilk nömrəsinin işıq üzü gördüyü tarix də xalqımızın taleyində mühüm əhəmiyyət və rəmzi məna daşıyır. Qəzetin ilk sayı məhz 15 sentyabr 1918-ci ildə – Nuru Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusunun və Xalq Cümhuriyyətinin silahlı qüvvələrinin Bakını və digər şəhərlərimizi işğalçı-terrorçu bolşevik-erməni birləşmələrindən azad etdiyi gün nəşr edilmişdir.
“Azərbaycan” qəzetinin Cümhuriyyət dövründə nəşr olunan nömrələri öz dövründə həyata keçirdiyi missiya ilə yanaşı, bu gün də qiymətli mənbələr kimi tarixi əhəmiyyətini qoruyub saxlayır. Özündə tariximizin parlaq səhifələrini əks etdirən “Azərbaycan” qəzetinin bir mənbə kimi dərindən və hərtərəfli tədqiqi, orada yer alan materialların bugünkü və gələcək nəsillər üçün daha rahat şəkildə əlçatanlığının təmin edilməsi məqsədilə ADA Universitetinin təşəbbüsü və dəstəyi ilə qəzetin ərəb əlifbasından latın qrafikalı müasir Azərbaycan əlifbasına çevrilməsi (transliterasiyası) həyata keçirilir.
Məlumdur ki, görkəmli ictimai xadim, nüfuzlu elm və təhsil təşkilatçısı, professor Hafiz Paşayevin rəhbərlik etdiyi ADA Universiteti artıq dünyada müasir tipli ali təhsil müəssisəsi kimi tanınır, qəbul edilir. Bu mükəmməl ali təhsil müəssisəsi ölkəmizdə modern dünyagörüşlü, innovativ bilik və bacarıqlara, hərtərəfli savada malik, eyni zamanda, milli ruhlu gənc nəslin yetişdirilməsində müstəsna rol oynayır. Hər zaman kreativ, mütərəqqi ideyaları və innovativ addımları ilə diqqəti cəlb edən ADA Universitetinin təşəbbüsü və dəstəyi ilə həyata keçirilən bu mühüm layihənin də Azərbaycanın ictimai həyatında, tarixi həqiqətlərimizin üzə çıxarılmasında müstəsna əhəmiyyəti və rəmzi mənası vardır.
Bu mühüm layihənin ideya müəllifi ADA Universitetinin rektoru, çağdaş elm, təhsil və eləcə də diplomatiya tariximizin parlaq simalarından olan professor Hafiz Paşayevdir. Şərəfli ömrünü bütünlüklə xalqımızın maariflənməsinə, rifahına həsr edən, Vətənə bağlılığı, ulu öndər Heydər Əliyevin və Prezidentimiz İlham Əliyevin siyasi xəttinə sadiqliyi ilə hər birimizə nümunə olan professor Hafiz Paşayevin bu ideyası da olduqca mütərəqqi və təqdirəlayiqdir.
2021-ci ildə haqqında bəhs etdiyimiz layihə çərçivəsində “Azərbaycan” qəzetinin 1918–1920-ci illərdə nəşr edilmiş, təxminən, 450 nömrəsindən seçilmiş 10 nömrəsi hər iki əlifbada ayrıca toplu halında nəfis tərtibat və müasir dizaynla çap edilmişdir. Qəzetin topluya daxil edilmiş 10 nömrəsinin materialları Türkiyə Cümhuriyyəti Mərmərə Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Mehdi Gəncəli və filoloq, tərcüməçi Azad Ağaoğlu tərəfindən transliterasiya edilmişdir. Bu zaman peşəkar mütəxəssislər tərəfindən qəzetin dil-üslub xüsusiyyətləri qorunmuş, həmçinin orijinal tərtibata riayət edilmişdir. Toplunun elmi redaktoru Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimlidir.
Cümhuriyyət dövrü tariximizi öyrənmək baxımından qiymətli mənbə və güvənilən məxəz rolunu oynayan toplu həmin dövrün tədqiqatçıları üçün xüsusi əhəmiyyət kəsb edən, dəfələrlə müraciət ediləcək bir ünvan olacaqdır. Sovet dövründə tariximizin mühüm səhifələrini təşkil edən bu tarixi mərhələnin gerçəkləri məqsədli şəkildə xalqımızdan və eləcə də elmi ictimaiyyətdən gizlədilmiş, eyni zamanda, təhrif edimişdir. XX əsrdə yenə də məqsədli şəkildə əlifbamızın üç dəfə dəyişdirilməsi bizi həmin mənbələrdən daha da uzaqlaşdırmışdır. Bütün sadalanan amilləri və həmçinin də müasir dövrdə tədqiqatçıların heç də hamısının həmin mühüm mənbələri ərəb qrafikasından oxumaq imkanlarına malik olmadığını nəzərə aldıqda ADA Universitetinin həyata keçirdiyi bu layihənin mahiyyəti və tarixi əhəmiyyəti bir daha üzə çıxır.
Mütərəqqi ideyanın, peşəkar komandanın və gərgin zəhmətin təzahürü kimi ortaya çıxan və 2021-ci ildə nəşr edilən topluya ADA Universitetinin rektoru, professor Hafiz Paşayev ön söz yazmışdır. Professor Hafiz Paşayev yazdığı ön sözdə layihənin əhəmiyyətindən bəhs etmiş, “Azərbaycan” qəzetinin tariximizdəki müstəsna rolunu dəfələrlə vurğulamışdır. 1918–1920-ci illərdə nəşr olunan “Azərbaycan” qəzetinin tam kolleksiyasının ǝrǝb qrafikalı ǝlifbadan latın qrafikalı müasir Azǝrbaycan ǝlifbasına köçürülǝrǝk, lüğǝt, izahlar, şǝrhlǝr vǝ adlar göstǝricisi ǝlavǝ edilmǝklǝ nǝşrǝ hazırlanmasının önəmindən bəhs edən və belə bir nəşrin tədqiqatçılar, bütövlükdə isə oxucular üçün böyük maraq doğuracağını vurğulayan professor Hafiz Paşayev yazır: “Azǝrbaycan” qǝzetindǝki materiallar Azǝrbaycan Cümhuriyyǝtinin bilavasitǝ tarixini ǝks etdirir. Qǝzetin sǝhifǝlǝrindǝ Azǝrbaycan Hökumǝtinin qǝrarları, Parlament üzvlǝrinin çıxışları, paytaxtda vǝ bölgǝlǝrdǝ baş verǝn hadisǝlǝrin tǝfǝrrüatları, müxtǝlif tǝhlillǝr, xatirǝlǝr öz ǝksini tapıb. Günümüzdǝ xüsusi ǝhǝmiyyǝt kǝsb edǝn Qarabağ, Zǝngǝzur bölgǝlǝrinǝ dair materiallar oxucularda böyük maraq doğuracaqdır. Elǝcǝ dǝ Azǝrbaycan Cümhuriyyǝtinin xarici dövlǝtlǝrlǝ münasibǝtlǝri, dövrün ab-havası müfǝssǝl şǝkildǝ qǝzetin sǝhifǝlǝrindǝ ǝks olunub. Ümumiyyǝtlǝ, bu qǝzetin transliterasiyası Azǝrbaycan Cümhuriyyǝti tarixşünaslığında yeni bir sǝhifǝ açacaq vǝ gǝlǝcǝk tǝdqiqatlar üçün mühüm stimul olacaqdır”.
Qəzetin topluya daxil edilmiş 1918, 1919 və 1920-ci illəri əhatə edən ayrı-ayrı nömrələri Cümhuriyyət dövrünün mürəkkəb, ziddiyyətli, eyni zamanda da şərəfli və parlaq tarixini özündə əks etdirir. Topluda ilk olaraq “Azərbaycan” qəzetinin 15 sentyabr 1918-ci ildə işıq üzü görmüş ilk sayı təqdim olunur. Qeyd etdiyimiz kimi, qəzetin ilk sayı məhz Bakının bolşeviklərdən və erməni daşnaklarından azad edildiyi gün nəşr olunub. İlk nömrədə Azərbaycan Hökumətinin verdiyi əmrlər, qəbul etdiyi qərarlar, Qafqaz İslam Ordusunun Xalq Cümhuriyyəti Ordusu ilə birlikdə apardığı döyüşlər barəsində detallı bilgilər yer almış, Bakının işğaldan azad edilməsi ilə bağlı xəbərlər, bu münasibətlə Qafqaz İslam Ordusunun Komandanı general Nuru Paşaya gələn təbrik məktubları və həmin ovqatı ifadə edən digər materiallar dərc olunmuşdur. İstiqlalçı şair Məhəhəmməd Hadininin “Türkün tökülən qanları bihudə gedərmi?” misrası ilə başlayan məşhur şeiri də qəzetin ilk sayında yer almışdır.
Topluya daxil edilmiş digər nömrələrdə də hökumət əmrləri, xarici və yerli xəbərlər, xarici mətbuatdan xülasələr, müxtəlif məsələlərə dair müəllif yazıları, Azərbaycan Parlamentində müazakirə olunan qanun layihələri barədə materiallar dərc edilmiş, həmçinin bədii ədəbiyyat nümunələri yer almışdır.
ADA Universitetinin tǝşǝbbüsü vǝ dǝstǝyi ilǝ ǝrǝb qrafikalı ǝlifbadan latın qrafikalı müasir Azǝrbaycan ǝlifbasına köçürülǝrǝk dərc edilən nəşrdə “Azərbaycan” qəzetinin iki sayı xüsusilə diqqəti cəlb edir. Qəzetin topluya salınmış 31 mart 1919-cu il tarixli nömrəsi bütünlüklə Mart soyqırımının ildönümünə həsr edilmişdir. Məlumdur ki, 1918-ci ilin mart ayında xalqımıza qarşı törədilən amansız soyqırımı cinayətləri 70 illik sovet hakimiyyəti dövründə hər vəchlə ört-basdır edilmiş, yalnız ulu öndərimiz Heydər Əliyev siyasi hakimiyyətə gəldikdən sonra 1998-ci il martın 26-da müdrik rəhbərimizin imzaladığı fərmanla Mart hadisələrinə adekvat siyasi qiymət verilmiş, 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 18 yanvar 2018-ci il tarixində “1918-ci il Azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” sərəncam imzalanmış, həmçinin mart hadisələrinin tədqiqi, dünyaya çatdırılması, soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə ölkənin Birinci-vitse prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Qubada “Soyqırımı Memorial Kompleksi” inşa edilmişdir.
Mart soyqırımlarının tarixinin araşdırılması və həqiqətlərin üzə çıxarılmasının bu gün Azərbaycan dövləti üçün prioritet məqsəd daşıdığını nəzərə aldıqda “Azərbaycan” qəzetinin ilk mərhələdə transliterasiya edilmiş nömrələri sırasında məhz mart hadisələrinin birinci ildönümünə həsr edilmiş 31 mart 1919-cu il tarixli sayının yer almasının xüsusi əhəmiyyəti bir daha aydınlaşır. Həmin nömrədə qanlı Mart hadisələrindən bəhs edən “Unudulmaz faciə”, “El yası”, “Keçmiş mart günləri” və s. başlıqlarla dərc edilmiş məqalələrdə hadisələr geniş şəkildə təhlil edilmiş, günahkarlar müəyyənləşdirilmişdir.
Qəzetin topluya daxil edilmiş 28 may 1919-cu il tarixli sayı da diqqəti xüsusilə cəlb edir. Xalq Cümhuriyyətinin elan edilməsinin ildönümünə həsr edilmiş bayram nömrəsində bu tarixi hadisə münasibətilə keçiriləcək dövlət tədbirləri, mərasimləri haqqında məlumatlar yer almış, 28 may 1918-ci ildə Tiflisdə qəbul edilmiş “İstiqlal Bəyannaməsi” dərc edilmişdir. Eyni zamanda, bu nömrədə bayram ovqatını ifadə edən “İstiqlaliyyət”, “Bir yaş”, “Şərəfli bayram”, “Nə böyük bayram”, “Azərbaycan istiqlalı”, “Böyük bir gün”, “Türk şüərası və istiqlal” kimi bir-birindən maraqlı yazılar çap olunmuşdur. Həmin məqalələrdə Xalq Cümhuriyyətinin elan olunmasının sevincini, bu hadisənin gətirdiyi sonsuz qürur hisslərini və eyni zamanda, Cümhuriyyətin gələcəyi ilə bağlı peşəkar analiz və təhlilləri özündə əks etdirən fikirlər yer almışdır.
Qəzetin topluya daxil edilmiş 9 iyul 1919-cu il tarixli sayında Mirzəbala Məhəmmədzadə tərəfindən qələmə alınmış “Darülfünun haqqında” adlı məqalədə Bakı Dövlət Universitetinin yaradılması üçün göstərilən cəhdlər, eyni zamanda bu müqəddəs işin həyata keçirilməsinə törədilən maneələr, gətirilən əks arqumentlər, bəhanələr öz əksini tapmışdır. Qəzetin həmin sayında dərc edilən məqalələr sırasında “Naxçıvan məktubatı” adlı yazı da xüsusi önəm kəsb edir. Məqalədə mənfur ermənilərin öz havadarlarının köməyi ilə Azərbaycanın ayrılmaz parçası olan Naxçıvanı işğal etmək cəhdləri və Naxçıvan əhalisinin bu mənfur plana kəskin etirazı yer almışdır.
Qəzetin 14 yanvar 1920-ci tarixli sayı da əlamətdarlığı ilə seçilir. Bu mənada həmin nömrənin də ADA Universiteti tərəfindən ilkin mərhələdə transliterasiya olunaraq çap edilən topluya salınması təqdirəlayiq hal kimi yüksək dəyərləndirilməlidir. 11 yanvar 1920-ci ildə Paris Sülh Konfransına Antanta dövlətlərinin təşəbbüsü ilə dəvət edilmiş Azərbaycanın dövlət müstəqilliyinin de-fakto tanınması mühüm tarixi hadisə kimi qəzetin bəhs olunan nömrəsində geniş şəkildə işıqlandırılmışdır. Həmin nömrənin ilk səhifəsində verilmiş elanda bu münasibətlə 14 yanvar 1920-ci ildə gündüz saat 12-də Azərbaycan Məclisi-Məbusanının təntənəli iclasının keçiriləcəyi qeyd edilmiş, digər səhifələrdə isə Antanta dövlətləri tərəfindən Azərbaycanın istiqlalının təsdiq edilməsi haqqında xəbərlər, məqalələr, təbrik teleqrafları yer almışdır. Həmin sayda dərc edilmiş “Azərbaycanın böyük günü” adlı məqalədən oxuyuruq: “Bu gün, həqiqətən, bir Azərbaycan var, bir də Azərbaycan türkünün beynəddüvəl təsdiq və qəbul edilmiş siyasi, milli bir mövcudiyyət və istiqlaliyyəti var!”.
Qəzetin topluya daxil edilmiş bütün nömrələrində mənfur qonşu ermənilərin xalqımıza qarşı apardığı işğalçılıq və separatçılıq siyasətini əks etdirən məqalələr də dərc edilmişdir. Həmin məqalələr öz əhəmiyyəti, tarixi faktların zənginliyi, bir çox hallarda ilkin mənbə funksiyası daşıması ilə müasir araşdırmaçılar, xüsusilə tarixçilər üçün olduqca qiymətli mənbələrdir. Bəhs olunan məqalələri diqqətdən keçirərkən tarixin təkrarlandığının, əsrin əvvəllərindəki Azərbaycanda baş verən hadisələrlə bugünkü Azərbaycanda baş verən hadisələr arasındakı paralellərin, oxşarlıqların, müəyyən məqamlarda eyniyyətin şahidi oluruq. Bütün bunlar isə tarixdən nəticə çıxarmaq üçün olduqca əhəmiyyətli və vacibdir. Bu mənada ADA Universitetinin xeyirxah təşəbbüsünün qiyməti daha böyükdür və bu qiyməti zaman keçdikcə tarixin özü verəcəkdir.
Qəzetin 15 sentyabr 1918-ci il tarixli ilk sayındakı xəbərdən oxuyuruq: “3/9/34-də düşməndən bir köy alınmış və o köydəki düşmən cənuba qaçırılmışdır. Son xəbərlərə görə, Baküdə türklər tərəfindən 30 minədək müsəlləh düşmən əsgərləri əsir alınmışdır. Alınan qənimətin ədədi hədsizdir”. “Azərbaycan” qəzetinin 15 sentyabr 1918-ci il tarixli sayında yer almış bu xəbər 27 sentyabr 2020-ci ildə başlanan Vətən Müharibəsi günlərində Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin kəndlərimizin, şəhərlərimizin azad edilməsi ilə bağlı hər gün verdiyi müjdələrlə və 10 noyabrda düşmənin qarşımızda diz çökməsi, müharibədə ordumuz tərəfindən saysız-hesabsız qənimətlərin əldə edilməsi ilə bağlı verilən xəbərlərlə həmahəng səsləşir.
Qəzetin 4 oktyabr 1918-ci il tarixli sayında təqdim olunan “Qarabağ üsyançılarının yumşalması” başlıqlı xəbərdə deyilir: “...Qarabağda üsyan edən erməni əşqiyası türk komandanlığı nəzdinə gəlib aman istəmişlər və təslim olmalarına rizalıq etmişlər. Andranik isə İrəvan tərəfə qaçmışdır”. XX əsrin əvvəllərində ordumuzun qarşında diz çökərək təslim olan erməni quldurları və qaçmağı yeganə çıxış yolu görən Andraniklə XXI əsrin əvvəllərində Müzəffər Ordumuzun qarşısında diz çökən erməni quldurları və yenə də qaçıb gizlənməkdən başqa çıxış yolu tapmayan Paşinyanın talelələri də eyniyyət təşkil edir.
ADA Universitetinin təşəbbüsü və dəstəyi ilə ǝrǝb qrafikalı ǝlifbadan latın qrafikalı müasir Azǝrbaycan ǝlifbasına köçürülǝrǝk çap edilən nəşrə əsaslanaraq bu cür paralellərin sayını kifayət qədər artırmaq mümkündür. Hələlik isə qəzetin topluda yer almış sonuncu nömrəsində – 25 yanvar 1920-ci il tarixli sayında dərc edilmiş “Qarabağda istiqlal bayramı” adlı məqalənin müəyyən məqamlarını qeyd etməklə fikirlərimizi ümumiləşdirmək olar. Antanta dövlətləri tərəfindən Azərbaycanın istiqlalının təsdiq edilməsi münasibətilə Qarabağda – Qarabağın ürəyi Şuşada keçirilən bayram tədbirlərindən bəhs edən yazıdan oxuyuruq: “Yanvarın 14-ü Qarabağda tarixi və ümumi bir şadlıq günü oldu. Hələ Şuşada rəsmi xəbər alınmamışdan şəhərin ticarət və sair məhafillərində xüsusi xəbərlər alındığı üçün əhali bu bayramı qarşılamağa hazırlaşmışdı”.
İndi isə 12–13 may 2021-ci ildə 30 illik işğaldan sonra yenə Qarabağın ürəyi Şuşada keçirilən bayram tədbirlərindən - “Xarıbülbül” musiqi festivalından bəhs edən yazıya diqqət yetirək: “Mayın 12-də Azərbaycan mədəniyyətinin paytaxtı Şuşa “Xarıbülbül” musiqi festivalına ev sahibliyi edir. Qədim mədəniyyət beşiyi olan Şuşa 29 ildən sonra yenə doğmalarını, qonaqlarını qarşılayır”. 14 yanvar 1920-ci ildə “Azərbaycan” qəzetində yer almış cümlələrlə 14 may 2021-ci ildə Azərbaycan qəzetlərində yer almış cümlələr quruluşu, forması, məzmunu, mahiyyəti, məramı, yaşatdığı qürur hissləri ilə üst-üstə düşür, eyniyyət təşkil edir, beləliklə də şanlı tariximiz addım-addım təkrar olunur. Bu şanlı tarixin hər bir parçası isə bizim üçün əziz və müqəddəsdir, qutsaldır. Bu mənada ADA Universitetinin bu mühüm təşəbbüsü özünün elmi, praktiki, tarixi, siyasi əhəmiyyəti, ictimai məzmunu ilə yanaşı, müqəddəsliyi ilə də seçilir, ilahi ədalətin təntənəsinin təzahürü kimi hər birimizin gözündə zirvələrə ucalır.
ADA Universitetinin rektoru, professor Hafiz Paşayevin bilavasitə təşəbbüsü, gərəkli zəhməti sayəsində ərsəyə gələn toplu Cümhuriyyət dövrü tariximizin yazılı abidəsi, salnaməsi kimi olduqca qiymətlidir. Bu mənbədən tarixçilərdən, politoloqlardan tutmuş iqtisadçılara, sosioloqlara qədər bütün tədqiqatçılar uğurla istifadə edə bilərlər. Onlarca dissertasiyalar, tədqiqat əsərləri yazıla bilər.
Bakının azad edildiyi 15 sentyabr 1918-ci ildən Bakının yenidən bolşeviklər tərəfindən işğala məruz qaldığı, Azərbaycanın dövlət müstəqilliyini itirdiyi 27 aprel 1920-ci ilədək 445 sayı işıq üzü görən “Azərbaycan” qəzetinin latın qrafikasına çevrilən 10 nömrəsini əhatə edən toplunun yeni – qəzetin bütün nömrələrini əhatə edəcək cildlərini ərsəyə gətirmək arzusu ilə ADA Universitetinə, universitetin rektoru, professor Hafiz Paşayevə böyük uğurlar diləyirik.
Elçin BABAYEV,
Bakı Dövlət Universitetinin rektoru