Logo

Akademik Fikrət Əliyev SOMPATY layihəsi çərçivəsində keçirilən vebinarda plenar məruzə ilə çıxış edib

23.07.2021 12:09 183 baxış
IMG

İyulun 22-də Bakı Dövlət Universitetinin nəzdində Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun və Bakı Dövlət Universiteti Mexanika-riyaziyyat fakültəsinin əməkdaşlarının tərəfdaş olduğu “HORIZON 2020” Spektral Optimallaşdırma: riyaziyyatdan fizika və yüksək texnologiyaya (“HORIZON 2020” SOMPATY - Spectral Optimization: From Mathematics to Physics and Advanced Technology) layihəsi çərçivəsində elmi vebinar keçirilib. Vebinara layihənin direktoru Almaniyanın İlmenau Texniki Universitetinin professoru Karsten Trunk sədrlik edib.


Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun direktoru, AMEA Rəyasət Heyətinin üzvü, akademik Fikrət Əliyev vebinarda maye demperli rəqsvarı sistemlərin riyazi problemləri və onların həll üsullarına dair (Some mathematical problems and their solution for the problem of oscillatory systems with liquid dampers) plenar məruzə ilə çıxış edib. Qeyd edək ki, layihənin Azərbaycan tərəfdən direktoru akademik Fikrət Əliyevdir.


Məruzədən sonra seminar diskussiya şəklində davam etdirilib. Lübek Universitetinin professoru Jürgen Prestin, Daşkənd Turin Politexnik Universitetinin professoru Davron Matrusulov, Praqa Doppler Riyazi Fizika və Tətbiqi Riyaziyyat İnstitutunun professoru Pavel Exner Fikrət Əliyevə suallar ünvanlayıblar, məruzəçi ona verilən sualları cavablandırıb.


Bu layihədə iştirak edən tədqiqat institutları, spektral optimallaşdırma və nanotexnologiya, təbiət elmləri və kvant mexanikasında tətbiqetmə mövzusunda güclü bir araşdırma mərkəzinə sahibdirlər.
SOMPATY layihəsi çərçivəsində 2020-2024-cü illər arasında dörd layihə tədbiri (ildə bir dəfə) təyin edilib. Layihənin məqsədi Azərbaycan, Belarus, Çexiya, Almaniya, Qazaxıstan, Ukrayna və Özbəkistanın universitetləri və tədqiqat təşkilatları arasında kadr mübadiləsi, birgə tədqiqat və təlim işlərinin aparılmasıdır. Bu layihə Avropa ilə Müstəqil Dövlətlər Birliyi arasında tədqiqat əlaqələrini daha da inkişaf etdirilməsinə yönəlib.

Xəbər lenti