2020-ci ilin martından başlayaraq Azərbaycanda da distant təhsil alternativsiz yeganə çıxış yolu kimi qəbul edildi. Bütün dünyada olduğu kimi, minlərlə tələbələr auditoriyalardan ekran və monitorların arxasına keçdilər. Minlərlə müəllimlər öz mühazirə və məşğələlərini online formata keçirdilər. Bu zaman ən çox səslənən fikirlərdən biri ondan ibarət oldu ki, oinline təhsilə keçid üçün mövcud olmuş bütün maneələrin aradan qalxmasına artıq heç bir problem yoxdur.
Həqiqətdə nə baş vedi? Doğrudur, distant təhsilə keçid texnoloji olaraq baş verdi. Amma metodoloji keçid baş vermədi. “Dünən” və “bu gün” arasında seçim etdik. Ali təhsilin “sabahı” bu gün diqqət mərkəzindədir. Bu gün də təhsillə bağlı böyük əksəriyyəti düşündürən əsas sual pandemiyanın nə vaxt bitəcəyidir. Bu sualın cavabı, şübhəsiz ki, ənənəvi təhsilə qayıdıb qayıtmamaqla bağlıdır.
Bu baxımdan iki məsələnin vacib olduğunu düşünürük. Birincisi, demək olar ki, artıq böyük əksəriyyət qəbul edir ki, əvvəlki formada ənənvi təhsilə qayıdış mümkün deyil. Heç lazım da deyil. Bəs necə olsun? Bu suala artıq cavab da bəllidir. Yəni, yeni təhsilin hibrid formada təşkil edilməsi daha məqsədəuyğundur. Hibrid formada dərslərin təşkilinə keçidin mərkəzləşdirilmiş yoxsa universitetlər tərəfindən ayrılıqda həyata keçiriləcəyi məsələsi ən qısa vaxt ərzində həllini tələb edir. Hər iki halda müvafiq qərara ehtiyac var. Hətta pandemiyanın davam edəcəyi halda üz-üzə dərslərin təşkilini mümkün edən yanaşmaya da ehtiyacın olduğunu düşünürük. Dərslərin başlayacağı 15 sentyabra az vaxtın qalması bu məsələnin aktuallığını artırır.
İkincisi, distant təhsilin gələcəyinə də aydınlıq gətirmək vaxtıdır. Əminik ki, distant təhsil də dəyişəcək, son üç semestrdə tətbiq edilən distant təhsildən forma və məzmun baxımından əhəmiyyətli dərəcədə fərqli olacaqdır (olmalıdır!).
Söhbət ilk növbədə təhsilalanların fərdi təhsil trayektoriyasının təhsilin əsas keyfiyyət amilinə çevrilməsindən gedir. Düşünürük ki, distant təhsillə bağlı da müvafiq yanaşmanın rəsmiləşdirilməsi tələb olunur və burada gecikmək arzuolunmazdır. Ali təhsilin gələcəyi baxımından distant təhsil qarşısında hər hansı bir ciddi maneə görünmür. Distant təhsilin rəsmi tətbiqi vaxtının çatdığına inanırıq. Burada da distant təhsilə keçidin mərkəzləşdirilmiş yoxsa universitetlər tərəfindən ayrılıqda təmin edilməsi əsas sualdır. Keyfiyyətli distant təhsilin həm də eksperimentlər, vaxt, resurs tələb etdyini və bu sahədə beynəlxalq təhsl rəqabətində sürətin həlledci amil olduğunu nəzərə alaraq hazırkı mərhələdə mərkəzləşdirilmiş keçid məqsədəuyğun görünmür.
Ədalət Muradov
UNEC-in rektoru