Logo

İslam dini Qafqazda birləşdirici mənəvi qüvvə kimi - Münasibət

23.07.2021 12:43 428 baxış
IMG

Qafqaz tarixən dünyanın ən mürəkkəb etnik struktura malik bölgələrindən biri olub. Bölgədə 50-dən çox müxtəlif dil və ləhcələrdə danışan etnik qruplar mövcuddur.

 

Qafqaz eyni zamanda, müxtəlif dini konfessiyaların da məkanı olub. Burada çoxluğu təşkil edən müsəlmanlarla yanaşı, müxtəlif yəhudi və xristian məzhəblərinin nümayəndələri də yaşayır. Lakin bütün bu müxtəlifliyə baxmayaraq, müəyyən istisnalar xaric, Qafqazda dini zəmində heç vaxt ciddi münaqişələr baş verməyib.

 

Məşhur tədqiqatçı Paul B.Henzeyə görə, din həmişə Qafqazda etnik kimliyin tamamlayıcı ünsürü olub. Yəni burada etnik kimlik xalqlararası münasibətlərin müəyyənləşdirilməsində dini kimlikdən daha güclü amil kimi çıxış edib.

 

Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Aqil Şirinov deyir ki, əslində, müxtəlif dinlərə mənsub Qafqaz xalqları arasında dini zəmindən çox etnik zəmində mübarizələrin baş verməsi bu fikri qismən təsdiqləsə də, Henzenin fikri reallığı tam əks etdirmir. Ötən əsrin 20-ci illərinə qədər Qafqazın müsəlman xalqları arasında dini kimlik həmişə ön planda olub. Xüsusilə İslam dini Qafqazdakı müxtəlif etnik qruplar arasında birləşdirici mənəvi qüvvə kimi çıxış edib.

 

Ümummilli lider Heydər Əliyev də bu məsələ ilə bağlı Bakıda keçirilən Beynəlxalq Konfransda və Qafqaz Müsəlmanları Qurultayında nitqində vurğulayıb: "Məlumdur ki, Qafqazda olan xalqların, millətlərin, insanların əksəriyyəti İslam dininə mənsubdur və İslam dini Qafqazda böyük mənəvi gücə malikdir".

 

Rektorun fikrincə, bölgədəki dini dözümlülüyü şərtləndirən əsas amili Qafqaz xalqlarının milli və dini dünyagörüşündə axtarmaq lazımdır: "Biz burada xüsusilə Qafqazda hakim olan dini dünyagörüşünün birgəyaşayış ənənəsinə necə yol açdığından bəhs etmək istərdik. Bölgə xalqlarının əksəriyyəti İslam dininə mənsub olduğu üçün bu dinə mənsub olan xalqların dünyagörüşünü əsas götürəcəyik.

 

Qafqazda tarixən birgəyaşayış və dözümlülük ənənəsini təmin etmiş ən mühüm ünsürlərin başında sufi-irfan ənənəsi dayanır. Belə ki, Qafqazdakı İslam anlayışı tarix boyunca daha çox təsəvvüf mərkəzli olmuşdur. Təsəvvüf İslamın dəruni tərəfini təmsil etməklə dinin zahiri hökmlərinin arxasındakı həqiqi mənanın üzə çıxarılmasına xidmət edir. Bu dünyagörüşünə görə, varlıqlar bizə çox və fərqli görünsələr də, dərinliyə vardıqda, əslində, aralarında bir vəhdətin olduğunu görərik. Bu vəhdət həm ontoloji, həm də qneseoloji bir vəhdətidir. Buna görə də, təsəvvüf düşüncəsi vəhdətdən kəsrətə, yəni təklikdən çoxluğa deyil, kəsrətdən vəhdətə doğru hərəkət edən bir düşüncə şəklidir. Bu baxımdan sufinin kainata baxışı da ayıran deyil, birləşdiricidir. Bunun ictimai təzahürü müxtəlif dini qruplar arasındakı fərqlərə xor gözlə baxmamaqdır. Düzdür, bu, o mənaya gəlmir ki, sufilər üçün bütün dinlər və məzhəblər eynidir. Sufilər müsəlmandır və çoxu da müəyyən bir məzhəbə bağlıdır. Lakin sufinin digər dinlərə və məzhəblərə baxışı müsəlman teoloqların (mütəkəllim, kəlamçı) baxışından fərqlidir. Teoloq zahiri fərqlilikləri, yəni kəsrəti əsas alır və başqalarını buna görə dəyərləndirir. Sufi isə zahirən görünənin arxasındakı ilk baxışda görünməyən vəhdəti axtarır. Bu baxımdan sufi fərqlilikləri minimuma endirməyə çalışır.

 

Təsəvvüfün yuxarıda qeyd etdiyimiz nöqteyi-nəzəri sufilərin tarix boyunca zahir üləmasına nisbətlə başqa dinlərə və məzhəblərə qarşı daha tolerant olması ilə nəticələnmişdir. Buna görə də tarixən təsəvvüf təriqətlərinin yayıldığı bölgələrdə ümumən tolerant mühit hakim olmuşdur. Müasir dövrdə, xüsusilə Şimali Qafqazda təsəvvüf ənənəsinin zəifləməsi və sələfi-vəhhabi dünyagörüşünün daşıyıcılarının çoxalması ilə birlikdə dini dözümsüzlüyün də artması bu fikrin doğruluğunu təsdiq edir".

 

 

 

A.Şirinovun dediyinə görə, Azərbaycan Qafqazda tolerantlığın və birgəyaşayışın qarantı olan irfani-sufi həyatın mərkəzi olub və bu dünyagörüşü bütün Qafqaza məhz buradan yayılıb. Belə ki, nəinki Qafqazın, hətta Osmanlı dövləti başda olmaqla İslam dünyasının bir çox bölgəsinin dini həyatında önəmli rol oynamış xəlvətiyyə təriqətinin mərkəzi məhz Azərbaycan olub: "Təriqəti sistemləşdirən və intişar tapmasını təmin edən əsas şəxsiyyət Seyid Yəhya Şirvani məhz ölkəmizdə yaşayıb-yaratmışdır. Bir versiyaya görə, təriqətin qurucusu Ömər Xəlvəti də Şamaxıdandır. 19-cu əsrdən başlayaraq bütün Şimali Qafqaz bölgəsinin müsəlman əhalisinin dini-irfani dünyasını müəyyənləşdirən əsas mürşid də Azərbaycanlı Şeyx İsmayıl Şirvani (Kürdəmiri) olmuşdur. Nəqşbəndi təriqətinə mənsub bu sufi mürşid bütün Qafqazda tolerantlığa əsaslanan ictimai strukturun formalaşmasında önəmli rola malik olmuşdur. Şirvani nəqşbəndi təriqətinin əsas qollarından biri olan xalidiliyin qurucusu Mövlana Xalid Bağdadinin tələbəsi olub və birbaşa ondan təsəvvüf ənənəsi üzrə icazət almışdır. Şirvani Qafqaz müsəlmanları arasındakı məzhəb fərqliliyini ədavətə çevirmək istəyənlərə qarşı mübarizə aparmış, hətta məzhəblərarası fərqliliyə münasibətində öz şeyxindən də xeyli fərqlənmişdir. Belə ki, hər halda dövrün siyasi hadisələrinin də təsirində qalmış Xalid Bağdadinin şiə məzhəbinə qarşı münasibəti mənfi olub. Xüsusilə təsəvvüfdəki rabitə mövzusunu müzakirə etdiyi "Risalə fi təhqiqir-rabita adlı əsərinin sonunda şiələrə qarşı mənfi fikirlər səsləndirib. Şeyx İsmail Şirvanidə isə bu münasibətin tam əksini görürük. Yetişdirdiyi tələbələr vasitəsilə Qafqazda sufiliyi yayan bu şeyx bölgədəki məzhəblərarası münasibətin müsbət məcrada davam etməsində xüsusi rola malik olub. Onun tələbəsi Mir Həmzə Nigari məsələyə münasibətdə müəllimindən də qabağa getmiş, xüsusən Qarabağ və Qazax-Borçalı bölgələrində hər iki məzhəbin dəyərlərini birləşdirən bir irfan ənənəsinin əsasını qoyub".

 

Rektor vurğulayıb ki, Şeyx İsmayıl Şirvaninin bu ənənəsi təkcə Azərbaycanda deyil, bütün Qafqaz müsəlmanları arasında yayılıb və beləcə həm bölgədəki müsəlman xalqlarının eyni ənənə ətrafında birləşərək bir-biri ilə müsbət əlaqə qurmalarına, həm də digər dinlərdən olan insanlara qarşı dözümlü yanaşmalarına böyük töhfə verib. Bu ənənə Qafqaz xalqlarının birləşərək yadelli işğalçılara qarşı mübarizə aparmalarında da böyük rola malik olub. Belə ki, Şirvaninin fikirlərini Şimali Qafqazda Xas Məhəmməd Şirvani, daha sonra isə Məhəmməd Yaraği və Cəmaləddin Qazıkumuki davam etdirib. Yarağinin müridi Qazi Məhəmməd və onun davamçısı Həmzə bəy Qafqazı işğal edən ruslara qarşı mübarizə aparıb və nəticədə qətlə yetirilib. Qafqaz xalqlarını birləşdirərək işğalçılara qarşı əsas mübarizəni isə Qazıkumukinin müridi və elmi ədəbiyyatda "müridizm" hərəkatının lideri kimi tanınan Şeyx Şamil aparıb. Şeyx Şamil də öz müəllimləri kimi məhz İsmayıl Şirvani ənənəsinə mənsub olub: "Qeyd edim ki, Qafqazın müsəlman olmayan əhalisi arasında da dini tolerantlığın çox sayda nümunələrinə rast gəlirik. Erməni kimliyində olduğu kimi din və etnik ambisiyaların iç-içə keçdiyi nümunələri istisna etsək, Qafqazda yaşayan digər qeyri-müsəlman qrupların həyatında da əsasən tolerantlığın hakim olduğunu görürük. Tarixin müəyyən dövrlərində Gürcü çarları pravoslavlığın hamisi kimi çıxış etsə də, IV Davidin (1073 -1125) nümunəsində olduğu kimi Gürcüstan tarixində də başqa dinlərə dözümlü yanaşmanın nümunələrinə rast gəlmək mümkündür. Bəzi gürcü mənbələrində bu barədə mübaliğələrə yol verilsə də, Davidin başda müsəlmanlar olmaqla digər dinlərin nümayəndələrinə qarşı dözümlülük nümayiş etdirməsi bir çox tədqiqatçının vurğuladığı bir xüsusdur. Başqa dinlərin mənsublarına qarşı dözümlü münasibəti Qafqazın qədim yəhudi icması olan Dağ Yəhudiliyində, eləcə də Qədim Qafqaz-Alban Kilsəsinin davamçıları olan Udi icmasının ənənələrində də görmək mümkündür. Azərbaycanda, xüsusilə yəhudi və xristian icmalarının müsəlmanlarla birlikdə sülh şəraitində yaşamalarını təmin edən səbəblərdən biri də ölkənin böyük əksəriyyətinin dini olan İslamın başqa inanclara qarşı ehtiramı olub. Heydər Əliyev də məhz bu həqiqəti "Azərbaycanlılar başqa dinlərə münasibətdə həmişə dözümlü olublar. Bunu bizə Qurani-Kərim və Peyğəmbər Həzrət Məhəmməd tapşırıbdır" və "İslam dini başqa dinlərə qarşı heç vaxt düşmən olmayıb. Çünki bu dinlərin hamısı Allahdan gəlir", - şəklində ifadə edərək, həm Qurani-Kərimə, həm də Peyğəmbərimizin hədislərinə nəzər saldıqda, İslamın bu iki əsas mənbəyində başqa inancdan və fikirdən olan insanlara qarşı dözümlü münasibətin öz əksini tapdığını və radikallığın əsas göstəricisi olan dözümsüzlüyün rədd edildiyini vurğulayıb.

 

Bu ənənələr 44 günlük Vətən müharibəsində özünü büruzə verdi. Azərbaycanda bütün dinlərin və mövcud etnik qrupların nümayəndələri Vətəni qorumaq üçün birgə addımladılar. Onlar bunu vətənpərvərlik əzmi ilə etdilər. Təbii ki, Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə tarixi qələbəni əldə etdik.

 

"Xalqlar arasındakı dostluq, mehriban münasibət bizim böyük sərvətimizdir. Biz bunu qorumalıyıq... İkinci Qarabağ müharibəsində Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri fədakarlıq, qəhrəmanlıq göstərmişlər, şəhid olmuşlar, Vətən uğrunda vuruşmuşlar, Azərbaycan Bayrağı altında ölümə gedirdilər. Azərbaycanda belə cəmiyyət mövcuddur. Bu, bizim böyük sərvətimizdir". Bu fikirləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VII qurultayındakı yekun nitqində bildirib.

 

Nəticə olaraq qeyd etmək mümkündür ki, tarixən Qafqaz xalqlarının dini dünyagörüşləri ekskluzivist (kənarlaşdırıcı) deyil, inkluzivist (birşləşdirici, əhatə edici) bir xarakterə malik olmuşdur. Bu da qeyd olunan bölgədə dini zəmində ümumən dözümlü bir mühitin yaranmasına səbəb olmuşdur. Eyni zamanda, Azərbaycanda tarixən formalaşmış birgəyaşayış ənənəsi dünyada mövcud olan nümunəvi modellərdən biridir".

 

Sevinc QARAYEVA

Xəbər lenti