Logo

Respublika Təhsil Şurası tanınmış alimi təltif edib

23.07.2021 16:48 504 baxış
IMG

Respublika Təhsil Şurası Azərbaycan Respublikası Təhsil İnstitutunun “Təhsilin iqtisadiyyatı və idarəolunması” şöbəsinin müdiri, pedaqogika üzrə elmlər doktoru, professor, əməkdar müəllim Piralı Əliyevi Azərbaycanda pedaqoji elmin inkişafında, pedaqoji kadr hazırlığı sahəsində uzun illik səmərəli fəaliyyətinə görə “Fəxri fərman”la təltif edib.

 

Mərasimdə çıxış edən pedaqogika üzrə elmlər doktoru, professor İntiqam Cəbrayılov söyləyib ki, professor Piralı Əliyev  görkəmli pedaqoq-alimlər Mehdi Mehdizadənin, Əhməd Seyidovun, Nurəddin Kazımovun, Hüseyn Əhmədovun, Əliheydər Həşimovun, Zahid Qaralovun irsini şərəflə davam etdirən alimlərimizdəndir. Onun Azərbaycanda pedaqoji elmin, pedaqoji fikir tarixinin zənginləşməsində müstəsna xidmətləri var. O, pedaqoji elmin problemlərinin müzakirəsində daim yaxından iştirak edib, təklif və tövsiyələrini irəli sürüb.

 

Professor Piralı Əliyevin pedaqogika elminə bəxş etdiyi ən böyük töhfələrdən biri şəxsiyyətyönümlü təhsilin məzmununun yaradılması üzrə həyata keçirilən işlərə fəal surətdə qoşulmasıdır. Onun hazırladığı tədris proqramları, dərs vəsaitləri, monoqrafiyalar müəllimlər, metodistlər, təhsil işçiləri üçün qiymətli mənbə hesab olunur. 


Sonda Respublika Təhsil Şurasının sədri Samir Mehdizadə alimə “Fəxri fərman”ı təqdim edib, ona cansağlığı, elmi-pedaqoji fəaliyyətində uğurlar diləyib.

Xəbər lenti