Logo

“Dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə müsahibənin keçirilmə qaydaları”

23.07.2021 20:17 1031 baxış
IMG

23 iyul 2021-ci il tarixində Dövlət İmtahan Mərkəzinin “Müsahibələrin təşkili” sektorunun müdiri Xədicə Əzimova və həmin sektorun baş mütəxəssisi Kamran Səfərov tərəfindən “Dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə müsahibənin keçirilmə qaydaları” mövzusunda onlayn təlim təşkil edilib.

 

Təlimdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları iştirak ediblər.

 

Təlimdə iştirakçılara müsahibə üçün xarakterik olan xüsusiyyətlər, müsahibənin məqsədi, müsahibəyə hazırlıq, namizədin biliyinin qiymətləndirilməsi üzrə tələb olunan bacarıqlar, müsahibənin strukturu, keçirilmə qaydaları, namizədin qiymətləndirilmə meyarları haqqında ətraflı məlumat verilib. Eyni zamanda, təlimdə müsahibə komissiyasının reqlamenti, o cümlədən müsahibə komissiyası tərkibinin formalaşdırılması, müsahibənin təşkili və keçirilməsi ilə bağlı normativ hüquqi aktların tələbləri, namizədin vakant vəzifəyə uyğunluğunu qiymətləndirmək üçün vəzifənin tələbləri ilə əlaqədar və müsahibə proqramına uyğun suallar verilməsinə, sualları və tapşırıqları verərkən müəyyən edilmiş vaxt bölgüsünə əməl edilməsinə diqqət yetirilməsi barədə məlumat verilib.

 

Bütün bunlarla yanaşı, iştirakçılara dövlət qulluğu vəzifələri üzrə vəzifə təlimatlarının və müsahibə proqramlarının qanunvericiliyin tələblərinə uyğun hazırlanması, dövlət orqanlarında vakant vəzifələrin elana çıxarılması qaydası, müsahibədə uğur qazanmış namizədlərin vəzifəyə təyinat prosesi barədə də təqdimat edilib. 

 

Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb.

Xəbər lenti