Logo

Məktəblilər üçün ekoloji yay düşərgələri keçirilir - FOTOLAR

24.07.2021 14:32 653 baxış
IMG

14-30 iyul 2021-ci il tarixlərində məktəblilər üçün nadir heyvan növlərinin, xüsusilə bəbir, zubr və ceyranların əhəmiyyətinə və təbiətdə roluna həsr olunmuş ekoloji yay düşərgələri keçirilir.

 

Tehsil.biz xəbər verir ki, yay düşərgələri Təhsil Nazirliyinin dəstəyi, İDEA İctimai Birliyi, Azərbaycan Gənclər Fondu, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və Ümumdünya Vəhşi Təbiətin Mühafizəsi Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə keçirilir. 

 

İlk olaraq cari ilin 14-16 iyul tarixlərində Masallı rayonunda “Bəbirləri mühafizə edək!” ekoloji yay düşərgəsi keçirilib. Digər iki yay düşərgəsinin isə 21-23 iyul tarixlərində Qəbələ rayonunda “Zubrları təbiətimizə qaytaraq!” və 28-30 iyul tarixlərində Salyan rayonunda “Ceyranları qoruyaq!” adı altında keçirilməsi nəzərdə tutulur. Sözügedən düşərgələr bilavasitə ceyran, zubr və bəbirlərin məskunlaşdığı regionlarda və həmin ərazilərdə yaşayan məktəblilər üçün təşkil olunur. 

 

60-a yaxın məktəblinin qoşulduğu ənənəvi “Bəbirləri mühafizə edək!” ekoloji yay düşərgəsində iştirakçılar bəbirlərin həyat tərzi, ölkəmizdə məskunlaşma tarixi, yayıldığı ərazilər və təbiətdəki rolu haqqında geniş məlumatlar alıblar. Onlar bu nadir canlı növünün qorunması mövzusunda seminarlarda, bəbirlərin populyasiyasının azalma səbəbləri ilə bağlı təqdimatda, o cümlədən müxtəlif ekoloji müsabiqələrdə, biomüxtəlifliklə bağlı bilik yarışmalarında iştirak ediblər. Həmçinin, məktəblilərə təbiət fotoqrafı və rejissoru Adrian Stern tərəfindən çəkilən "Dünyanın ən çox axtarılan bəbiri" sənədli filmi, o cümlədən Dayanıqlı İnkişaf Məqsədləri, ekosistem xidmətləri haqqında RUGİM tərəfindən çəkilən animasiya filmləri nümayiş olunub, Hirkan Milli Parkına ekskursiya təşkil edilib və yekunda düşərgə iştirakçılarına sertifikatlar və xatirə hədiyyələri təqdim olunub. 

 

Qeyd edək ki, İDEA İctimai Birliyinin təşəbbüsü ilə ətraf mühit və biomüxtəliflik mövzusunda düşərgələr mütəmadi olaraq 2014-cü ildən etibarən hər il təşkil edilir. Bu müddət ərzində düşərgələrdə Salyan, Neftçala, Goranboy, Samux, Qax, Şəki, Masallı, Cəlilabad, Yardımlı, Lənkəran, Astara, Göygöl, Lerik, Qəbələ və İsmayıllı rayonlarından ümumilikdə 500-ə yaxın məktəbli iştirak edib.

 

 

 

 

 

 

Xəbər lenti