Logo

COVİD-19 pandemiyasına qarşı Azərbaycanda həyata keçirilən vaksinasiya dövlətimizin qarşısında duran prioritet məsələlərdən biri kimi

24.07.2021 16:19 933 baxış
IMG

Bütün dünyanı cənginə alan COVİD-19 pandemiyasına qarşı mübarizə bu gün daha qlobal məsələyə çevrilmişdir. Pamdemiyaya qalib gəlmək üçün qlobal həmrəylik strateji əhəmiyyət kəsb edir. Pandemiyanın iqtisadiyyata mənfi təsirinin azaldılması məqsədilə Azərbaycan hökuməti tərəfindən sistemli tədbirlər görülmüş və əhali arasında bununla bağlı geniş maarifləndirmə işləri aparılmışdır. Artıq bir ildən coxdur ki, ölkə əhalisinin vaksinasiya prosesinə başlanılmışdır. Azərbaycan Respublikasının vaksinasiya ilə bağlı xüsusi strategiyası hazırlanmış, Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında COVİD-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün vaksinasiya strategiyası” qəbul olunmuşdur. Prezident İlham Əliyevin böyük uzaqgörənliklə ölkəmizi daxil etdiyi vaksinasiya platformaları öz bəhrəsini verməkdədir. Bunun nəticəsidir ki, bu gün ölkəmizdə artıq əhaliyə 4 növ vaksin seçimi verilmişdir. Onların hər biri effektiv və təhlükəsizdir. 


Vaksinlər xəstəliyə yoluxma zamanı ağırlaşma və ölüm hallarının qarşısını alan təhlükəsiz vasitədir. İmmun sistemi vaksini antigen kimi qəbul edir və ona qarşı anticisimlər yaradır. Orqanizm peyvənd vasitəsilə virusla tanış olduğu üçün artıq xəstəliklə qarşılaşanda hazırlıqlı olur və ağırlaşmanın qarşısı alınır. Vaksin öldürülmüş və ya zəiflədilmiş mikroblar və onların ifraz etdiyi bəzi antigen xassəli maddələr olduğu üçün xəstəliyə yoluxma zamanı qarşıya çıxan canlı virusla müqayisədə heç bir təhlükə yaratmır. Bu baxımdan Azərbaycanda COVİD-19 pandemiyasına qarşı mübarizə planlı şəkildə aparılır. Azərbaycan dövləti əhalinin sağlamlığının qorunmasını özünün əsas vəzifəsi hesab edir. Pandemiya təhlükəsi başlandığı ilk gündən dövlət vacib addımlar atmışdır. Prezident İlham Əliyevin göstərişi əsasında Nazirlər Kabinetinin Sərəncamı ilə 2020-ci il 30 yanvar tarixində “Azərbaycan Respublikasında yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planı” təsdiq edildi. Həmçinin Koronavurusla Mübarizəyə Dəstək Fondu yaradıldı.  Qabaqlayıcı tədbirlər çərçivəsində xüsusi laboratoriyalar və xəstəxanaların sayı artmış və hazırda belə laboratoriyaların sayı 20-dən çoxdur. Ölkəmizin yüksək səviyyədə təchiz edilmiş xəstəxanaları koronavirus xəstələrini müalicə etmək üçün ayrıldı. Hazırda bu cür xəstəxanaların sayı da 20-dən çoxdur. Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, koronavirusa yoluxan xəstələrin mütləq əksəriyyəti tibb müəssisələrində müalicə alır. Bu baxımdan “İmmunitet sertifikatı” və onun etibarlılıq müddəti daha böyük önəm kəsb edir. “İmmunitet sertifikatı” koronavirusa yoluxduqdan sonra yaranan immun cavabı təsdiq edir. COVİD-19 xəstəliyini keçirmiş və bununla bağlı PCR testi vermiş, nəticəsi pozitiv çıxmış, rəsmi qeydiyyata düşmüş və sağalmış şəxslər “İmmunitet sertifikatı” əldə edir. Elmi tədqiqatlar göstərir ki, xəstəliyi keçirmiş şəxslərin qanında 6 aydan sonra anticisimlərin titri aşağı düşür. Bu səbəbdən “İmmunitet sertifikatı”nın etibarlılıq 6 ay qəbul edilir. “İmmunitet sertifikatı”nın müddəti bitdiyi üçün ölkəmizdə istifadə olunan hər hansı vaksindən 2021-ci il 2 iyul tarixindən sonra 1 doza qəbul edən şəxsin “İmmunitet sertifikatı” müddətsiz olaraq uzadılır. 2021-ci il 2 iyul tarixindən əvvəl 1 doza vaksin vurdurmuş şəxslər isə 2-ci doza vaksini mütləq vurdurmalıdırlar. “Peyvənd sertifikatı” COVİD-19 xəstəliyinə qarşı vaksinasiya ilə yaranan immun cavabı təsdiq edir.

 

COVİD-19 xəstəliyinə qarşı Azərbaycanda tətbiq olunan vaksinlərdən hər hansı birinin hər iki dozasını vurduran şəxslərə “Peyvənd sertifikatı” verilir. “randevu.its.gov.az” saytına daxil olaraq, “COVİD-19 vaksin randevu” elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün online qaydada növbə götürülməlidir. Peyvəndə əks göstərişi olan şəxslərin xüsusi komissiyanın rəyi əsasında qeydiyyat sisteminə daxil edilməsi və onlara QR kodu olan sənədin verilməsi məsələsinə baxılır. Hazırda beynəlxalq səhiyyə qurumları COVİD-19 peyvənd və immunitet sertifikatlarının ölkələr arasında tanınması mexanizmi üzərində işləyir. Hazırda Azərbaycanda 4 istehsalçının: SİNOVAC(Çin), AstraZeneca/Vaxzevria (İngiltərə), Biontech/Pfizer (Almaniya/ABŞ), Sputnik V(Rusiya) vaksini tətbiq olunur.

 

Peyvənd sertifikatı etibarlılıq baxımından müddətsizdir. Dünya COVİD-19 əleyhinə vaksinasiyadan sonra yaranan immun cavabın dayanıqlığı və müddətinin müəyyən olunması istiqamətində elmi tədqiqatlarını davam etdirir. Aparılan tədqiqtların nəticələri açıqlandlqdan, ÜST və digər beynəlxalq səhiyyə qurumlarının tövsiyyələri məlum olduqdan sonra bu məsələyə yenidən baxılacaqdır. Ölkəmizdə hər bir vətəndaşa fərqli vaksinlər vurdurmaq imkanı yaradılmışdır. Belə ki 2-ci dozadan 6 ay sonra peyvənd olunmuş şəxs ölkəmizdə istifadəsinə icazə verilmiş istənilən 2 dozasını vurdura bilər. “Peyvənd sertifikatı”nda son qəbul edilmiş 2 doza haqqında məlumat əks olunacaq. Bu gün hər birimizi düşündürən məsələlərdən biridə 3-cü dozasına ehtiyacın olub-olmaması və “buster doza”dır. 2-ci dozadan 6 ay keçdikdən sonra yüksək risk qrupuna daxil olanlara (tibb işçiləri, yaşı 60-dan yuxarı olan şəxslər autoimmin xəstəlikləri olan şəxslər) 3-cü doza (buster/qüvvətləndirici) vaksin vurulması məqsədəuyğun hesab olunmüşdur. Qüvvətləndirici doza kimi istənilən vaksin növü istifadə oluna bilər.


Peyvənləmə sosial məsələdir və bu sahədə  hər bir vətəndaşın, fərdin üzərinə böyük məsuliyyət düşür. Ətrafdakıları qorumaq naminə hər kəs peyvənd olunmalıdır. Bununlada ilk növbədə hamilə qadınlar, süd verən analar və yaşı 18-dən aşağı olan şəxslər, eləcə də bütün cəmiyyət qorunmuş olar.


Azərbaycan Prezidenti İlham Əliyevin atdığı hər bir addım xalqımızda gələcəyə nikbinlik yaradır, dünya Azərbaycan təcrübəsini mənimsəyir.
 İnanırıq ki, “Biz birlikdə güclüyük” şüarı ilə pandemiyaya qarşı mübarizədə çətinlik arxada qalacaq, İlham Əliyevin rəhbərliyi ilə xalqımız bu gözəgörünməz düşmənə qarşı mübarizədə qalib gələcəkdir.

                         
Ucar şəhər 5 nömrəli tam orta məktəbin direktoru - Hakim Nəcəfov

Xəbər lenti