24 iyul 2021-ci il tarixdə Odlar Yurdu Universitetinin həyətində, açıq havada Odlar Yurdu Universitetinin, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və "Ağ Top" Şahmat Klubunun birgə təşkilatçılığı ilə şəhid Zakir Cəfərovun xatirəsinə həsr edilmiş şahmat üzrə rayon turniri keçirilib.
Tehsil.biz xəbər verir ki, turnirdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, “Ağ Top” Şahmat klubun direktoru Cavanşir Bağırov, şəhid Zakir Cəfərovun anası Kəmalə Abdullayeva, “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları, Şəhid Ailələri” İctimai Birliyinin Nizami rayon filialının sədri Məhi Mehtiyev, şəhid, polkovnik-leytenant Sədi Musayevin yoldaşı Gülşad Musayeva, aprel döyüşləri şəhidi Mahir Mirzəyevin atası Sabir Mirzəyev, şəhid Daşqın Rzalının yoldaşı Fatimə Rzalı, şəhid, mayor Rasim Məmmədovun qardaşı Şahin Məmmədov, aprel döyüşləri şəhidi Fəxrəddin Qurbanlının valideynləri Seyfəddin Qurbanov və Həzinə Qurbanova, şəhid Əbdülməcid Axundovun anası Ceyran Axundova, şəhid ailələrinin üzvləri və yaxınları, rayonun fəal könüllüləri və 56 nəfər yeniyetmə və gənc şahmatçı iştirak etmişlər.
Açılış mərasiminində çıxış edən Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, “Ağ Top” Şahmat klubun direktoru Cavanşir Bağırov, “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları, Şəhid Ailələri” İctimai Birliyinin Nizami rayon filialının sədri Məhi Mehtiyev, şəhid, mayor Rasim Məmmədovun qardaşı Şahin Məmmədov, aprel döyüşləri şəhidi Fəxrəddin Qurbanlının atası Seyfəddin Qurbanov, aprel döyüşləri şəhidi Mahir Mirzəyevin atası Sabir Mirzəyev, şəhid Əbdülməcid Axundovun anası Ceyran Axundova və digər çıxışçılar qeyd etdilər ki, 1988-ci il fevral hadisələrindən sonra Dağlıq Qarabağ Muxtar Vilayətinin separatçı-terrorçu qruplaşmaları və Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağın ələ keçirilməsi uğrunda hərbi əməliyyatlara başladılar.
Ermənilər işğal etdikləri torpaqları "viran qoymaq" taktikasına əl atmışdılar. Müharibədə 20 min azərbaycanlı şəhid olmuş, 100 min nəfər yaralanmış, 50 min nəfər əlil olmuşdu. Qaçqın və köçkünlərin sayı milyonu keçmişdi. Lakin vətənpərvərlik xalqın qan yaddaşı, şəxsiyyəti səciyyələndirən ən yüksək əxlaqi-etik keyfiyyətdir. Bu keyfiyyət xalqımızın həyatında həmişə başlıca meyar və xarakter kimi formalaşıb. Ötən ilin son aylarına təsadüf edən, Azərbaycanın böyük zəfəri ilə yekunlaşan 44 günlük Vətən müharibəsi günlərində həm ön, həm də arxa cəbhədə baş verən proseslər bu deyilənləri bir daha təsdiqlədi.
Sonra çıxış edən şəhid Zakir Cəfərovun anası Kəmalə Abdullayeva turnir təşkilatçılarına təşəkkürünü bildirdi və qeyd etdi ki, Zakir Cəfərov 3 may 1996-cı ildə Bakı şəhərində anadan olub.
Zakir Cəfərov 2011–2015-ci illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kollecində təhsil almışdır. Əsgər Zakir Cəfərov 2017-ci ildə Fevral döyüşləri zamanı şəhid oldu. Zakir Cəfərov Bakı şəhərinin Nizami rayonunun Keşlə qəsəbəsində son mənzilə yola salınmışdır. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatılmışdır. Zakir Cəfərov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə "Şücaətə görə" medalı ilə təltif edilib.
Tədbirin rəsmi hissəsindən sonra yarışlara start verilmişdir. Gərgin mübarizə nətcəsində I, II və III yerləri tutmuş şahmatçılar təşkilatçılar tərəfindən müvafiq dərəcəli diplom, medal, hədiyyələr və pul mukafatı ilə, eyni zamanda qızlar və 12 yaşadək uşaqlar arasında qalib gəlmiş şahmatçılar isə diplom, medal və hədiyyələr ilə təltif olunmuşlar.
Sonda şəhidin anası Kəmalə Abdullayevaya Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən turnirin xatirə diplomu və Azərbaycan Bayrağı təqdim edilmişdir.