Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) yay imtahan sessiyası çərçivəsində ixtisas və doktorluq fərq imtahanları təşkil olunub. İmtahanlar akademiyanın 22 elmi müəssisəsində keçirilib.
Bu barədə AMEA-dan məlumat verilib. Bildirilib ki, imtahanlarda iştirak edən fəlsəfə və elmlər doktoru hazırlığı üzrə doktorant və dissertantların ümumi sayı 140 nəfər olub.
Xarici dillər və Azərbaycan dili (əcnəbi vətəndaşlar üçün) fənlərindən doktorluq imtahanları iyunun 20-21-də Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilib.
İmtahanlara nəzarət (müşahidəçi qismində) AMEA Rəyasət Heyəti aparatının Təhsil şöbəsinin Doktorantura sektorunun əməkdaşları tərəfindən keçirilib. İmtahanların şəffaf və mövcud qaydalara uyğun təşkil olunması üçün bütün müvafiq tədbirlər yüksək səviyyədə həyata keçirilib, doktorant və dissertantların elmi biliyinin obyektiv qiymətləndirilməsi prioritet götürülüb. Doktorant və dissertantların əksəriyyəti imtahanlardan müvəffəqiyyətlə keçiblər.
Yay sessiyasının yekun nəticələri imtahanda iştirak edən doktorant və dissertantların yüksək biliyə və elmi potensiala malik olduqlarını göstərir.
Xatırladaq ki, imtahan sessiyası iyunun 22-dən iyulun 22-dək keçirilib.