Logo

“Mənəvi dəyərlərimiz, tarixi zəfərimiz və gənclik” mövzusunda onlayn formatda tədbir keçirilib

26.07.2021 16:53 629 baxış
IMG

İyulun 26-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) sədrinin birinci müavini, yazıçı-publisist, əməkdar jurnalist Səyyad Salahlının “EDU Company” Təhsil Mərkəzinin müəllim-tələbə heyəti ilə onlayn formatda görüşü keçirilib.

 

“Mənəvi dəyərlərimiz, tarixi zəfərimiz və gənclik” mövzusunda keçirilən tədbiri giriş sözü ilə açan təhsil mərkəzinin baş direktor müavini Kamil Hüseynov bildirib ki, zəngin həyat yolu keçən, böyük dövlətçilik təcrübəsinə malik ziyalı Səyyad Salahlı ilə görüşün təşkil olunması gənclərin maariflənməsində, eləcə də dünyagörüşlərinin formalaşmasında olduqca əhəmiyyətlidir. Natiq yazıçının son dövrlər nəşr edilən “Başdaşı” və “İrəvəna gedən yollar” əsərlərinin oxucular, xüsusilə gənclər tərəfindən böyük rəğbətlə qarşılandığını da diqqətə çatdırıb.

 

Daha sonra çıxış edən DQİDK sədrinin birinci müavini Səyyad Salahlı öncə 44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi zəfərdən danışıb. Qeyd edib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu özünün qüdrəti ilə müstəqil dövlətimizin tarixinə şanlı səhifə yazaraq, işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etdi. Həmçinin S. Salahlı qeyd edib ki, Azərbaycanının əldə etdiyi nailiyyətlər, eləcə də Qarabağ problemi hər zaman onun yaradacılığında da əsas yer tutub: “Təsadüfü deyil ki, “Başdaşı” və “İrəvəna gedən yollar” əsərlərim məhz Qarabağ mövzusundan bəhs edir". 

 

Dövlət Komitəsi sədrinin birinci müavini Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı xidmətlərindən danışıb. O qeyd edib ki, Azərbaycan xalqının Ümummilli Liderinin ölkədə insan hüquq və azadlıqlarının təmin edilməsində, mənəvi dəyərlərin qorunmasında, böyüməkdə olan nəsillərin sağlam ruhda tərbiyəsində, eləcə də elm, təhsil, mədəniyyət və digər sahələrin inkişafında müstəsna xidmətləri olub. Bu gün də bu siyasət uğurla davam etdirir.

 

Gəncləri təhsilə, elmə, mənəvi dəyərlərimizə daha da bağlı olmağa çağıran Səyyad Salahlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti barədə də ətraflı məlumat verib. Natiq dövlət başçısının müvafiq sərəncamları ilə DQİDK-nın tabeleyində Mənəvi Dəyərlərin Təbliği Fondu və Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasından, Dövlət Komitəsinin digər dövlət qurumları ilə birgə respublikamızda həyata keçirdiyi maarifləndirmə tədbirlərindən danışıb. Onu da bildirib ki, milli-mənəvi dəyərlərimizin qorunması, inkişafı və gənclər arasında təbliği istiqamətində mühüm işlər həyata keçirilməkdədir.

 

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.

 

​​​​

Xəbər lenti