Logo

ABŞ-ın Oklahoma Universitetinin nümayəndə heyəti BANM - də olub

26.07.2021 18:24 518 baxış
IMG

Bakı Ali Neft Məktəbində (BANM) ABŞ-ın Oklahoma Universitetinin Neft-qaz və Geologiya mühəndisliyi kafedrasının müdiri, professor Runar Nygaardla görüş keçirilib.  


Qonaq əvvəlcə Ali Məktəbin kampusu, tədris prosesinin təşkili, yüksək səviyyəli təhsil üçün yaradılan imkanlarla tanış olub. 


Sonra BANM-in Ümumi işlər üzrə prorektoru Babək Məmmədovla Oklahoma Universitetinin kafedra müdiri, professor Runar Nygaard arasında görüş keçirilib. Prorektor qonağı salamlayıb və Ali Məktəbdə görməkdən məmnunluğunu ifadə edib. BANM-nin tarixi barədə məlumat verilərək bildirib ki, Bakı Ali Neft Məktəbi dövlət ali təhsil müəssisəsi statusunda SOCAR-ın strukturunda yaradılıb.


Ali Məktəbin 10 illik yubileyinə hazırlaşdığını qeyd edən Babək Məmmədov bu illər ərzində əldə edilən nailiyyətlər, beynəlxalq əlaqələr, BANM-də tədris prosesinin təşkilindən bəhs edib. Qeyd olunub ki, BANM Azərbaycanda və xarici ölkələrdə fəaliyyətini genişləndirən SOCAR-ın və ölkənin digər sənaye sahələrinin müasir tədris proqramları və təlim texnologiyaları əsasında ingilis dilində təhsil almış yüksəkixtisaslı mühəndis kadrlarına olan ehtiyaclarını ödəmək məqsədilə təsis edilib. Prorektor BANM- in məramının Prezident İlham Əliyevin Bakı Ali Neft Məktəbinin açılış mərasimindəki çıxışında  “Biz neft kapitalını insan kapitalına çevirməliyik” fikrini həyata keçirmək olduğunu vurğulayıb. 


BANM-də təhsil və təlim prosesində beynəlxalq standartların tətbiqinə verilən xüsusi önəmdən və tələbələr üçün istehsalat təcrübəsinin təşkilindəki müxtəlif beynəlxalq şirkətlərin rolundan bəhs edən prorektor vurğulayıb ki, BANM Azərbaycanda tədris və maddi-texniki bazasına görə ali məktəblər arasında ilk onluqda yer alır. Prorektor hər il BANM-nin çox sayda məzununun dünyanın nüfuzlu ali məktəblərinin magistratura və doktorantura pilləsi üzr təqaüd qazandıqlarını qeyd edib. Bildirilib ki, bu il  Ali Məktəbin 7 məzunu ABŞ-ın nüfuzlu universitetlərinə tam təqaüdlə doktorantura səviyyəsinə qəbul edilib.

 

Azərbaycan Dövlətinin dəvəti ilə böyük nümayəndə heyətiylə Bakıya gəldiklərini nəzərə çatdıran Oklahoma Universitetinin kafedra müdiri, professor Runar Nygaard bildirib ki, BANM haqqında təəssürat və fikirləri  yüksək səviyyədədir. Professor Runar Nygaard Ali Məktəbin yerləşdiyi ərazinin neft yataqları ilə əhatə olunmasını xüsusi qeyd edərək, elə bu faktdan BANM-nin tələbələrinin öyrəndiklərinin əyani tətbiqinə nə qədər üstünlük verildiyini təsdiq etdiyini vurğulayıb. Təmsil etdiyi ali məktəbin təhsil və təcrübə proqramlarından danışan kafedra müdiri Runar Nygaard bildirib ki, Oklahoma universiteti ABŞ dövlət universitetləri arasında 50-likdə yer alır. O, Oklahoma universitetinin neft-qaz proqramının 100 illik tarixindən bəhs edib. 

 

Görüşdə BANM-nin Ümumi işlər üzrə prorektoru Babək Məmmədovla Oklahoma Universitetinin kafedra müdiri, professor Runar Nygaard arasında təcrübə və əməkdaşlıq geniş müzakirə olunub.

 

Sonda qonağa Ali Məktəb adından simvolik hədiyyələr təqdim edilib və xatirə fotoları çəkilib.

Xəbər lenti