Logo

BMU İnha Universiteti ilə birgə dron texnologiyaları üzrə mütəxəssis hazırlığına başlayır

04.11.2020 13:07 499 baxış
IMG

Bakı Mühəndislik Universiteti (BMU) Koreyanın İnha Universiteti ilə birgə dron texnologiyaları üzrə mütəxəssis hazırlığına başlayır. Bu sahə üzrə mütəxəssis hazırlığının həyata keçirilməsi BMU ilə İnha Universiteti arasında cari ildən icrasına başlanılan ikili diplom proqramına əsasında gerçəkləşir.

 

Proqram çərçivəsində BMU-da İnşaat mühəndisliyi, İnformasiya texnologiyaları, Elektrik mühəndisliyi və Elektronika mühəndisliyi ixtisasları üzrə hazırki əmək bazarında daha çox tələb olunan bir sıra yeni ixtisas fənnləri tədris olunacaq. Bu sırada Elektrik mühəndisliyi və Elektronika mühəndisliyi ixtisaslarında “Dron mühəndisliyi”nə aid dərslərin tədrisi aparılacaq. “Dron mühəndisliyi” fənninin tədrisi ilə yanaşı, “İnsansız elektron qurğuların idarə olunması”, “Video görüntülərin emalı” kimi fənlərin də tədrisi nəzərdə tutulur. Qeyd olunan əlavə fənlər “Dron mühəndisliyi”ndə daha çox istifadə olunur.

 

Sözügedən sahədə ixtisaslı kardların hazırlanması geniş yayılsa da ölkəmizdə ilk dəfə olaraq BMU-da ikili diplom proqramı çərçivəsində bu işə start verilir. Tədris olunan həmin fənn hesabına gələcəkdə Azərbaycanın hərbi qüdrətinin daha da gücləndirilməsi istiqamətində “Dron mühəndisliyi” ixtisasının təşkili və qurğuların BMU-nun Texnoparkında prototiplərinin hazırlanması planlaşdırılıb.

 

BMU, “Dron mühəndisliyi” ixtisasının hazırlanması istiqamətində xarici tərəfdaş universitetlər və transmilli şirkətlərlə də intensiv işlər aparılır.

 

Qeyd edək ki, BMU ilə İnha Universiteti arasında bu ildən icrasına başlanılan ikili diplom proqramı çərçivəsində tədris olunacaq yeni ixtisas fənləri sırasına İnşaat mühəndisliyi üzrə Elementar geodeziya, Ekoloji hidravlika və laboratoriya, İnformasiya texnologiyaları mühəndisliyi üzrə İKT buraxılış layihəsi, İnteqrasiya edilmiş analoq dövrələr, Vizual proqramlaşdırılma, Elektron və Elektrik mühəndisliyi üzrə Avtonom elektromobil mühəndisliyi, Smart şəbəkə mühəndisliyi kimi fənnlər də daxildir. Yuxarıda qeyd olunan ixtisaslarda təhsil alan tələbələr optimal enerji istifadəsi və tədarükünü təmin etmək, kəsilmə reaksiyaları, həmçinin bərpası üçün daha yaxşı planlaşdırma təmin etmək, yenilənə bilən enerji sistemləri, elektrikli nəqliyyat vasitələri şəbəkələri və ağıllı evlər kimi heterojen texnologiyaların inteqrasiyasını asanlaşdırmaq üçün qabaqcıl metod və təcrübələrə diqqət yetirə biləcəklər. Bununla yanaşı, onlar smart enerji şəbəkəsinin dizaynı, istismarı ilə bağlı müxtəlif mühüm mühəndislik problemləri barədə ətraflı informasiya əldə edəcəklər.

Xəbər lenti