Bu gün Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında Almaniyadan, Rumıniyadan və İtaliyadan praktikaya gələn tələbələrlə görüş keçirilib.
Tehsil.biz xəbər verir ki, ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev universitetin xarici ali təhsil müəssisələri ilə əməkdaşlığı, müştərək layihələr və elmi araşdırmalar barədə ətraflı məlumat verib. Qeyd edib ki, ATU ilə dünyanın bir sıra aparıcı universitetləri arasında əməkdaşlığa dair memorandumlar imzalanıb ki, bunun sayəsində həmin ali məktəblərlə uğurlu tələbə mübadiləsinin aparılması mümkün olub.
ATU-nun Tədris Cərrahiyyə Klinikasının baş həkimi, professor Ramiz Poluxov əcnəbi tələbələrin praktika keçməsi üçün yaradılan şərait haqqında danışıb. Onun sözlərinə görə, tələbələrin hər birinə kurator təyin edilib. Bu müddət ərzində avropalı gənclər ATU həkimlərinin apardığı maraqlı cərrahiyyə əməliyyatlarında iştirak ediblər, müayinə və müalicə proseslərini yaxından izləyiblər. Professor R.Poluxov qarşılıqlı əməkdaşlığın gələcəkdə müsbət nəticələr verəcəyindən əminliyini vurğulayıb.
Görüş zamanı Avropa ölkələrindən olan tələbələr də onlar üçün yaradılan şərait üçün təşəkkürlərini bildiriblər. Qeyd ediblər ki, ATU-nun Tədris Cərrahiyyə Klinikasında praktika müddətində maraqlı təlimlərdə iştirak ediblər, tanınmış alimlərdən dərs alıblar, modern tibbi mulyajlar üzərində işləyiblər. Əcnəbi tələbələr göstərilən mehriban münasibət üçün ATU rəhbərliyinə və kollektivinə bir daha təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, görüşdə Tədris Cərrahiyyə Klinikasının müdirinin tədris işləri üzrə müavini, professor Davud Pənahov, ATU-nun ümumi cərrahlıq kafedrasının müdiri, professor Elçin Ağayev, Qulaq,burun və boğaz xəstəlikləri kafedrasının müdiri, professor Vəfa Pənahian, beynəlxalq əlaqələr şöbəsinin müdir müavini Nigar Ələkbərova iştirak ediblər.