“Axşam evdəydim. Dostlardan biri zəng elədi ki, internetdə Vüsalın şəkli yayılıb. Ürəyim düşdü. Nə şəkil, nə foto, deyə soruşdum. Dedilər ki, İslam, qorxub eləmə, salamatçılıqdır. Bütün Azərbaycan sənin oğlundan danışır”.
Tehsil.biz xəbər verir ki, bunu son günlər fotosu bütün sosial şəbəkələri, saytları bəzəyən topçu əsgərimizin atası İslam Şahkərimov deyir.
Vüsal İslam oğlu Şahkərimov 2001-ci il iyunun 29-da Xaçmaz rayonunun Qusarçay kəndində anadan olub. Orta təhsilini eyni kənddə şəhid Arif Məmmədov adına orta məktəbdə alıb.
İslam kişi deyir ki, Vüsalın fotosunu ona göstərəndə göz yaşlarını saxlaya bilməyib:
“Dedim, qurban olum sənə, sən necə böyümüsən ki, xəbərim olmayıb. Qəhrəman balam, dedim, telefonu qucaqlayıb öpdüm. Mən fəxr edirəm ki, belə bir oğul böyütmüşəm. Şükürlər olsun ki, belə oğullarımız sayəsində əsgərlərimiz erməniləri iti qovan kimi qovub çıxarır işğal olunmuş kəndlərimizdən. Qoy qısa müddətdə qələbəmizlə bitsin müharibə. Bütün oğullarımız salamat qayıtsın. Amin!”.
Lent.az