Logo

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin uğurları

29.07.2021 11:36 451 baxış
IMG

BDU-nun nəzdində “Gənc istedadlar” Liseyi 14 illik fəaliyyəti dövründə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq bilikli və innovativ düşüncəyə malik vətənpərvər gənclərin yetişdirilməsinə xidmət edir.

 

Tehsil.biz xəbər verir ki, hazırda Liseydə 622 şagird təhsil alır. 2020/2021-ci tədris ilində “Sabahın Alimləri” onuncu Respublika müsabiqəsində liseyin 21 şagirdi Kompüter elmləri, Kimya, Riyaziyyat, Fizika və astronomiya, Biologiya, Ekologiya, ətraf mühitin idarə olunması kimi sahələr üzrə müxtəlif mövzularda layihələrlə çıxış etmiş və 3 layihə 1-ci yerə, 5 layihə 2-ci yerə, 3 layihə 3-cü yerə və 1 layihə isə xüsusi mükafata layiq görülmüşdür. 1-ci yerə layiq görülmüş 2 layihə ölkəmizi Amerika Birləşmiş Ştatlarında  təşkil olunmuş Intel ISEF - Beynəlxalq Elm və Mühəndislik sərgisində təmsil etmişdir. Bu nəticələrlə Lisey Respublika üzrə ilk yerdə qərarlaşmışdır.

 

Liseyin şagirdləri müxtəlif ölkələrdə keçirilən bilik yarışmalarında layiqincə çıxış etmiş, Respublika və beynəlxalq olimpiadalarda 10 medal qazanmışlar ki, bunun da 2-i qızıl, 2-i gümüş, 6-i bürüncdür. Fizika, Kimya, Riyaziyyat və İnformatika fənləri üzrə keçirilən Beynəlxalq Meqapolislər olimpiadasında Liseyin 10-cu sinif şagirdi Nəriman Şirinli Kimya üzrə Bürünc medal, 10-cu sinif şagirdi Şirinli Nəriman PolyUp Azərbaycan müsabiqəsində 2-ci yer tutaraq beynəlxalq müsabiqəyə vəsiqə qazanmış və 55-ci Beynəlxalq Mendeleyev Kimya olimpiadasında Bürünc medala, 11-ci sinif şagirdi Xanlar Abbasov Con Fon Neyman adına Macarıstan Beynəlxalq riyaziyyat olimpiadasında həvəsləndirici mükafata layiq görülüb.

 

Respublika Fənn olimpiadasında Liseyin 10-cu sinif şagirdləri Nəriman Şirinli Kimya üzrə və Rəfsan Həbubullayev Fizika üzrə  Qızıl medal, 11-ci sinif şagirdi Xanlar Abbasov və 6-cı sinif şagirdi Süleyman Abdulla isə İnformatika üzrə Bürünc medal qazanıblar.

 

Lütfüzadə adına Məntiq olimpiadasında 5-ci sinif şagirdləri Cahangir Zeynallı və Əli Nəsirli Gümüş medal, Fəridə Cəfərova və Turqut Hüseynli isə Bürünc medala layiq görülüblər.

 

Ölkəmizi Avropa Fizika olimpiadasinda (EuPhO-2021) təmsil edən Liseyin 10-cu sinif şagirdi  Rəfsan Həbubullayev həvəsləndirici mükafata layiq görülüb.

 

Təhsil ocağının uğurları burada BDU tərəfindən yaradılmış şəraitlə və liseydə tədrisin müasir tələblərə uyğun səviyyədə qurulması və müəllimlərin tədrisdə müasir təlim texnologiyalarından istifadə etmələri ilə bağlıdır. Bu il liseyi bitirən 50 11-ci sinif şagirdindən 9 şagird qızıl və 2 şagird gümüş medalla, 7 şagird liseyi fərqlənmə attestatı ilə bitirib.

Xəbər lenti