Logo

Elmi kadr hazırlığının vəziyyəti ilə bağlı fikir mübadiləsi aparılıb

29.07.2021 18:04 355 baxış
IMG

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının növbəti onlayn iclasında elmi kadr hazırlığının vəziyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.

 

Bu barədə institutdan məlumat verilib. Şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifov bildirib ki, institutda magistratura pilləsi üzrə 2020-2021-ci tədris ilində 8 magistrant dissertasiya işini müvəffəqiyyətlə müdafiə edərək məzun olub. Hazırda 5 magistrant 2-ci kursda təhsilini davam etdirir.

 

F.Yusifov cari ildə institutun magistraturasına 9 yer ayrıldığını, artıq qəbul üzrə müsabiqənin keçirildiyini, sənəd qəbulunun aparıldığını söyləyib. O, institutun doktorantura fəaliyyəti haqqında da məlumat verib. 2020-ci ildə doktoranturaya qəbul olunmuş 4 nəfərin hazırda öz təhsillərini davam etdirdiklərini deyib.

 

Şöbə rəhbəri İnformasiya Texnologiyaları İnstitutunun elmlər doktoru hazırlığı üzrə dissertanturasına qəbul olunan fəlsəfə doktorları, eləcə də fəlsəfə doktoru üzrə dissertantura və doktorantura proqramı üzrə təhsil alan şəxslər barədə məlumat verib.

 

AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək elmi kadr hazırlığının rəhbərlik etdiyi qurumun qarşısında duran əsas vəzifələrdən olduğunu qeyd edib. Bildirib ki, hər bir şöbə rəhbəri institutda təhsil alan magistrantlarla fəal iş aparmalı, gənclərə dəstək göstərərək onları elmə həvəsləndirməlidir.

 

R.Əliquliyev institutda mütəmadi olaraq elmi seminarların keçirilməsinin əhəmiyyətindən də söz açıb: “Əldə olunan mühüm elmi nəticələr institutun elmi seminarlarında müzakirə edilməli, şöbə əməkdaşlarının bu kimi tədbirlərdə fəal iştirakı təmin olunmalıdır. Bu, bütövlükdə institutun elmi fəaliyyətinin optimallaşdırılması baxımından zəruridir”.

Xəbər lenti