Logo

BDU Qarabağ Dirçəliş Fondu ilə əməkdaşlığa başlayır

30.07.2021 12:13 363 baxış
IMG

Bakı Dövlət Universitetində (BDU) Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə Qarabağ Dirçəliş Fondu ilə BDU arasında əməkdaşlıq məsələləri, birgə layihələrin həyata keçirilməsi, müvafiq elmi tədqiqatların aparılması və s. müzakirə olunub.

 

Görüşdə BDU-nun rektoru Elçin Babayev son illərdə BDU-da həyata keçirilən yeni layihələr və elmi-tədqiqat işlərindən, Vətən Müharibəsinə və doğma torpaqalarından didərgin düşmüş məcburi köçkünlərin pozulmuş hüquqlarının təhlilinə həsr olunmuş layihələrdən bəhs edərək Universitetin güclü elmi potensialının və bu sahədə zəngin təcrübəsinin olduğunu bildirib. Qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun parlaq qələbəsi ilə azad olunmuş əzəli torpaqlarımızda quruculuq işlərində, Qarabağ torpaqlarının bərpa olunması üçün həyata keçirilən layihələrdə BDU kollektivi də yaxından iştirak etməyə hazırdır. BDU ilə Fond arasında birgə layihələrin hazırlanması və reallaşdırılması doğma torpaqlarımızın dirçəldilməsinə və davamlı inkişafına töhfə verəcəkdir.

 

Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev Fondun fəaliyyəti və planları haqqında məlumat verib. Bildirib ki, Fond öz fəaliyyəti çərçivəsində müxtəlif layihələr, o cümlədən Qarabağın maddi dəyərlərinin bərpasına, sərmayələrin cəlb olunmasına və insan kapitalının inkişafına yönəldilmiş layihələr həyata keçirəcək. Qeyd edib ki, Qarabağ Dirçəliş Fondunun əsas fəaliyyəti Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulmasını, yüksək səviyyədə inkişaf etmiş regiona çevrilməsini, məskunlaşma,  məcburi köçkünlərin öz torpaqlarına qayıtmasını təmin edəcək mühitin bərqərar olmasına yönəlib. Bu layihələrin reallaşmasında ölkəmizin ən böyük elm və təhsil ocağı olan BDU-nun potensialından və təcrübəsindən istifadə olunması və birgə fəaliyyət ölkəmizin inkişafında birgə uğur salnaməsi yaradaraq, qələbəmizi daha da parlaq edəcəkdir.

 

Daha sonra Cənubi Qafqaz regionunda yeni geosiyasi reallıq və bölgə ölkələrinin gələcəyi üçün yeni perspektivlər və risklər, Zəngəzur dəhlizinin Cənubi Qafqazda yeni geoiqtisadi modelin folmalaşmasına təsiri, Azərbaycanda post-münaqişə dövrü və yeni idarəçilik modellərinin tətbiqi, Qarabağda rəqəmsal iqtisadiyyatın formalaşması və inkişafı problemləri və perspektivləri, Qarabağ bölgəsinin dirçəldilməsində dövlət-özəl tərəfdaşlığın (public private partnership) tətbiqi, Qarabağda “Ağıllı şəhər” və “Ağıllı kənd” modelinin tətbiqi, post-münaqişə dövründə münbit investisiya mühitinin yaradılması, Qarabağda mövcud olan muzeylərin və abidələrin işğalçı qüvvələr tərəfindən dağıdılması, işğaldan azad edilmiş ərazilərdə yaşıl, inklüziv və dayanıqlı şəhər və qəsəbələrin salınması, alternativ enerji, kosmik təsvirlər, atmosfer, geologiya, biologiya, ekologiya, sosiologiya, psixologiya, hüquq, tarix-arxeologiya, folklor, etnoqrafiya, toponimlər və digər əlaqəli mövzularda layihələrin birgə hazırlanması, həmçinin müştərək proqram və qrant müsabiqələrinin keçirilməsi və s. mövzularda müzakirələr aparılıb.

Xəbər lenti