Sabah saat 9:00 dan etibarən “bakibagcayaqebul.edu.az” saytı aktivləşdiriləcək və ilkin olaraq sayt vasitəsi ilə Bakı şəhərinin Nizami rayonu ərazisində yerləşən məktəbəqədər təhsil müəssələrinə uşaqların elektron qaydada qəbulu həyata keçiriləcək.
"Tehsil.biz"in xəbərinə görə, ölkə başçısının tapşırıqlarına uyğun olaraq, Bakı şəhərinin məktəbəqədər tərbiyə müəssisələrinə uşaqların qəbulunda şəffaflığın təmin edilməsi ilə bağlı uşaq bağçalarına uşaqların qəbuluna dair elektron xidmətin yaradılması işləri başa çatdırılıb. Artıq valideynlər evdən çıxmayaraq, innovativ əlavənin köməyi ilə bağçalarda boş yerlər barədə asanlıqla məlumat əldə edərək öz övladını paytaxtın uşaq bağçasına qeydiyyata aldıra bilərlər.
Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi tərəfindən pilot layihə kimi seçilən Nizami rayonunda bütün hazırlıq və təşkilati işlər həyata keçirilib. Bağçalara uşaq qəbulunun elektron qaydada həyata keçirilməsi üçün “bakibagcayaqebul.edu.az” saytı yaradılıb və istifadəçiləri maraqlandıran bütün suallar, o cümlədən qeydiyyatdan keçmə qaydası, məlumatların daxil edilməsi, uşaqların müəssisələrə qəbulu ilə bağlı sualların cavabları bu saytda yerləşdirilib. Saytın istifadəyə verilməsi üçün sınaq testləri keçirilib və sayt avqust ayının 2-dən saat 9:00-dan etibarən fəaliyyətə başlayacaq.
Valideynlər sayta daxil olaraq, müəssisənin adı yazılmış xanaya toxunmaqla müəssisədə övladının yaşına uyğun boş yerlər barədə məlumatı əldə edə biləcək, boş uşaq yeri olmadıqda vətəndaşa əraziyə yaxın 5 bağçada növbəyə dayanmaq seçimi təklif ediləcək.
İlk gündən etibarən prosses zamanı vətəndaşların qarşılaşdıqları problemlərin operativ həlli, qarşıya çıxan sualların cavablandırlması, mübahisəli məqamların aydınlaşdırılması ilə bağlı iş günləri saat 09:00-dan 18:00-a kimi “22-24" nömrəli "qaynar xətt" fəaliyyət göstərəcək və onun fəaliyyəti üçün elektron xidmət qrupu yaradılıb.
Elektron qəbul sistemi iş prosesində qarşıya çıxan nöqsanlar, rəylər və təkliflər əsasında təkmilləşdiriləcək, Nizami rayonunda layihənin tətbiqindən sonra mərhələli şəkildə digər rayonlarda da elektron qəbul sisteminin tətbiqi həyata keçiriləcək.