Logo

“Gənc mühəndislər üçün idarəetmə və biznes bacarıqları” layihəsinin növbəti qrupunun bağlanışı olub

02.08.2021 11:27 397 baxış
IMG

Bakı Ali Neft Məktəbi (BANM) və BP şirkəti arasında bağlanmış Qrant müqaviləsinə əsasən, “Gənc mühəndislər üçün idarəetmə və biznes bacarıqları” layihəsinin növbəti qrupunun bağlanışı olub. 

 

Tehsil.biz xəbər verir ki, layihənin məqsədi idarəetmə və biznes bacarıqlarının qlobal və fərqli biznes mühitində texnoloji şirkətlərin mühüm elementinə çevrilməsini artırmaqdır.

 

BANM-in rektoru Elmar Qasımov kursu uğurla başa vuran iştirakçılarla görüşərək onları təbrik edib. Elmar Qasımov BANM-in  tarixindən bəhs edərək bildirib ki, Bakı Ali Neft Məktəbi dövlət ali təhsil müəssisəsi statusunda Prezident İlham Əliyevin “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunda dəyişiklik edilməsi haqqında” 2011-ci il tarixli Fərmanı ilə SOCAR-ın strukturunda yaradılıb. Rektor həmçinin qeyd edib ki, BANM Azərbaycanda və xarici ölkələrdə fəaliyyətini genişləndirən, beynəlxalq transmilli şirkətə çevrilən SOCAR-ın və ölkənin digər sənaye sahələrinin müasir tədris proqramları və təlim texnologiyaları əsasında ingilis dilində təhsil almış yüksəkixtisaslı mühəndis kadrlarına olan ehtiyaclarını ödəmək məqsədilə təsis edilib. 

 

Prezident İlham Əliyevin Bakı Ali Neft Məktəbinin açılış mərasimindəki çıxışında  “Biz neft kapitalını insan kapitalına çevirməliyik” fikrini xatırladan rektor Elmar Qasımov vurğulayıb ki, BANM – in fəaliyyəti artıq bunun bariz nümunəsidir. Ali Məktəbin müəllim – professor heyəti, tələbələri və məzunlarının uğurları bunu bir daha təsdiq edir. 

 

Ali Məktəbin 10 illik yubileyinə hazırlaşdığını qeyd edən Elmar Qasımov bu illər ərzində əldə edilən nailiyyətlər, beynəlxalq əlaqələr, BANM-də tədris prosesinin təşkilindən bəhs edib. 

 

Rektor bildirib ki, son illər ərzində dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatlarından biri Azərbaycanın iqtisadiyyatıdır. “Prezident, cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu sosial-iqtisadi islahatlar nəticəsində neft və qeyri-neft sektorunda iri miqyaslı layihələr Azərbaycanı regionun ən inkişaf etmiş ölkəsinə çevirib. 

 

Bu təlim proqramı texniki biliklərdən istifadə edərkən, qazandıqları bacarıqları və effektiv qərar qəbul etmə bacarıqlarını birləşdirərək, mühəndislər və işgüzar şəxslərin arasında boşluğun aradan qaldırılmasına yardım edəcəkdir” - deyə rektor Elmar Qasımov vurğulayıb.
 

Qeyd edilib ki, tədris olunan modullar yeni sosial biliklərin əldə edilməsində mühüm rol oynayır. Texniki bacarıqlar spesifik texniki tapşırıqların icrasında əsas amil olduğu halda idarəetmə və biznes bacarıqları insanların istiqamətləndirilməsi, layihələrə nəzarət və qərarların qəbul edilməsi üçün əhəmiyyətlidir. 

 

Görüşün sonunda BANM-in rektoru Elmar Qasımov “Gənc mühəndislər üçün biznes və menecment bacarıqları təlimi” proqramını uğurla başa vuran iştirakçıları BANM və BP-in birgə sertifikatı ilə təltif edib, onlara Ali Məktəb adından simvolik hədiyyələr təqdim olunub və xatirə fotoları çəkilib. 

 

Xatırladaq ki,  “Gənc mühəndislər üçün idarəetmə və biznes bacarıqları” layihəsinə “İnsan resursları”, “Layihələndirici düşüncə”, “Liderlik və komandalar”, “Dəyişikliklər üzrə menecment”, “Agile (Çeviklik)”, “Etik davranış qaydaları” və s. kimi modullar daxildir.

 

Təlim proqramında “Azəriqaz" İB, “Azərikimya” İstehsalat Birliyi, Qaz İxrac” İdarəsi, Nəqliyyat İdarəsi, Əmək şəraiti normalarının işlənməsi İdarəsi,  Karbamid zavodu, Neft Kəmərləri İdarəsi kimi SOCAR-ın müxtəlif idarə və müəssisələrindən mühəndislər iştirak edib.

Xəbər lenti