Logo

Yaddaşın pisləşdiyi hallara dair tədqiqatlar aparılır

05.11.2020 09:07 1308 baxış
IMG

Yaddaşından şikayətlənən insanlar bunu daha çox hər gün böyük həcmdə informasiya almaq ilə əlaqələndirirlər. Lakin məsələ heç də informasiyanın miqdarında olmayıb, insanın həmin informasiya mənbələri ilə necə davranmasından asılıdır. Tədqiqatın nəticələri "Nature" jurnalında dərc edilib.

 

Tehsil.biz AZƏRTAC-a istinadən bildirir ki, Stenford Universitetindən bir qrup tədqiqatçı 18-26 yaşarasında olan insanların iştirakı ilə eksperiment aparıb. Eksperimentə əsasən, gənclər onlara göstərilən şəkillərdəki təsvirlərdən nəyin dəyişdiyini müəyyənləşdirməli olublar. Dəyişikliyi görmək məqsədilə onlardan əvvəlki şəklin necə olduğunu yada salmaq tələb edilib. Təcrübəyə cəlb edilənlər şəklin əvvəlki variantını yada salmazdan öncə onları bu işdən nə iləsə yayındırıblar.

 

Eyni vaxtda iştirakçıların elektroensefaloqramı (EEQ) qeydə alınıb və bəbəyin ölçüsü qiymətləndirilib. Məlum olub ki, ənsə hissədən çıxan alfa-dalğalar güclənibsə, deməli, insanın fikri həqiqətən yayınıb, diqqəti itib. Bəbəklərin daralması da bundan xəbər verir. Əgər insan nəsə etməyə hazırlaşanda bəbəklər daralırsa, deməli, o, fikri dağınıqlığı səbəbindən işi pis icra edəcək.

 

Eksperiment zamanı kiminsə diqqəti daha çox, yaxud daha az yayınıb ki, bu da EEQ və bəbəklər üzrə görünüb. Kiminsə diqqətini yayındırmaq çətin olub, həmin şəxs testin öhdəsindən yaxşı gəlib, yəni şəkildə əvvəlki ilə müqayisədə nəyin dəyişdiyini müəyyənləşdirə bilib. Təcrübədə olanların diqqəti nə qədər az yayınıbsa, onların yaddaşı yaxşı işləyib.

 

Tədqiqatçılar, həmçinin çoxtapşırıqlılıqla bağlı yaddaşı yoxlayıblar. Bunu ən yaxşı olaraq, insanın eyni vaxtda bir neçə qadjet və ya media mənbələrində işləməsilə müqayisə etmək olar. Məsələn, əgər insan notbukda filmə baxarkən, həmçinin smartfonda kiməsə nəsə yazırsa, sonra isə planşetdə başqa birisinə cavab yazırsa, bu halı çoxtapşırıqlılıq adlandırmaq olar. Lakin belə hal daim diqqəti birindən digərinə yönəltməyi tələb edir. Beləliklə, çoxtapşırıqlılığa meyilli gənclərdə yaddaşın pis olması təəccüb doğurmur. Əgər insan yaddaşının yaxşı işləməsini istəyirsə, informasiya axınının qarşısını bir o qədər almaqdansa, özünü nizamlı, sistemli aparmağı bacarmalıdır. Tədqiqatçılar dəqiqləşdirirlər ki, söhbət media çoxtapşırıqlılığından - insanın eyni vaxtda bir neçə informasiya mənbəyi ilə işləməsindən gedir. Bununla yanaşı, insan digər sahələrdə də bir çox işləri icra edir: məsələn, eyni vaxtda xörək hazırlayır və körpə uşaqla məşğul olur. Belə halda hansı koqnitiv effektlərin meydana gəldiyini bilmək maraqlı olardı. Bundan başqa, yaddaş problemi çoxtapşırıqlılıq və diqqətin yayınması ilə müəyyən dərəcədə bağlıdır, lakin səbəb-nəticə əlaqələrini müəyyənləşdirmək üçün daha çox təcrübə aparmaq lazımdır.

Xəbər lenti