Logo

Azərbaycanda dini tolerantlıq

03.08.2021 13:21 810 baxış
IMG

Müasir dövrdə dini tolerantlıq məsələsi bütün dünyada aktual problemlərdən birinə çevrilmişdir. Bu mənada, müstəqillikdən sonra Azərbaycanda da dini tolerantlığın qorunması və inkişafı dövlət-din münasibətləri çərçivəsində həyata keçirilən siyasətin prioritetlərindən birini təşkil edir.

 

Qeyd edilməlidir ki, İslam dini Azərbaycanda yaşayan millətlərin vahid  xalq kimi formalaşması prosesində  mühüm rol oynadığı kimi, bu ərazidə dini tolerantlıq ənənəsinin də əsasını qoymuşdur. İslam dininin təsiri altında ölkəmizdə tarixən formalaşmış dini tolerantlıq və dözümlülük ənənəsi Azərbaycan cəmiyyətini səciyyələndirən  həyat tərzinə çevrilmişdir. Bu baxımdan, tolerantlıq ənənəsini təhdid edən radikal dini cərəyanların yayılması, sosial dəyişikliklərin gözlənilməyən bəzi mənfi nəticələri və digər problemlərin aradan qaldırılması, beləliklə, tolerantlıq ənənəsinin qorunub-saxlanması böyük əhəmiyyət kəsb edir. Həmçinin qeyd edilməlidir ki, radikalizmlə mübarizə çərçivəsində milli-mənəvi dəyərləri əsas götürən dini maarifləndirmə, eyni zamanda, çoxmədəniyyətli cəmiyyətin inkişafı üçün zəruri olan sosial, mədəni, hüquqi şəraitin təmin edilməsi də mühüm rol oynayır.

 

Azərbaycanda tolerant dini mühitin yaranmasında, zənnimizcə, iki mühüm amil – dünyəvi dövlətçilik ənənəsi və nisbətən homogen dini-mədəni sosial struktur xüsusi əhəmiyyət kəsb edir.
Dünyəvi dövlətçilik ənənəsi Azərbaycanda XX əsrin əvvəllərindən etibarən formalaşmağa başlamış, Azərbaycan maarifçiliyi və ictimai-fikir tarixində mühüm yer tutmuşdur.
Məlum olduğu kimi, dünyəvi dövlətçilik ənənəsi Azərbaycan Xalq Cümhuriyyəti dövründə zirvəyə çatmış, sovet dövründə də davam etmişdir. 1991-ci ildə müstəqilliyinə qovuşan Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi, dünyəvi dövlətçilik ənənəsi üzərində bərqərar olunmuşdur. Hal-hazırda dünyəvilik dini etiqad azadlığının təmin olunması, dinlərarası bərabərlik və tolerantlıq mühitinin möhkəmləndirilməsinin vacib şərtlərindən biri hesab olunur.
Dünyəvi dövlətçilik ənənəsi cəmiyyətin nisbətən sekulyarlaşması üçün zəmin yaradır: din, əsasən, fərdi məsələyə çevrilir, bununla belə adət-ənənələrdə canlılığını qoruyub saxlayır. Bu baxımdan, Azərbaycan cəmiyyətinin sekulyarlaşmış  cəmiyyət olması diqqəti cəlb edən məqamlardan biridir. Tədqiqatlar göstərir ki, ölkəmizdə dünyəvi dövlətçilik ənənəsinin möhkəm sosial bazası mövcuddur. Belə ki, Pyu (Pew Research Center) Araşdırma Mərkəzinin İslam dünyasında insanların islamçı ideologiyaya münasibətini araşdıran empirik tədqiqatda Azərbaycanın dünyəvi dövlət quruluşunu ən çox dəstəkləyən ölkə olduğu müəyyən edilmişdir. Həmin tədqiqatda Azərbaycan 36 müsəlman ölkəsi arasında dünyəvi qanunlara görə idarə olunan dövlət quruluşuna münasibətdə ən yüksək dərəcədə yer tutmuşdur: rəyi soruşulanların, sadəcə, 8%-i dini qayda-qanunları ilə idarə edilən dövlət quruluşunu dəstəklədiyini bildirmişdir. Bu, Azərbaycanda sekulyar dünyagörüşün ictimai müstəvidə də geniş yayıldığını göstərir.

 

Dini tolerantlığın ikinci mühüm amili hesab etdiyimiz homogen dini-mədəni mühit isə sekulyarizmin təsiri altında dinin ictimai əhəmiyyətinin azalması, dini dəyərlərin daha çox adət-ənənələr formasında təzahür etməsi,  xalq dindarlığının yayılması nəticəsində müxtəlif dini konfessiyaların bir-birinə yaxınlaşması ilə bağlıdır. Bu xüsusda qeyd edilməlidir ki, müstəqillikdən sonra dini konfessiyaların sayının artması dini-mədəni sosial strukturun nisbətən dəyişilməsinə və ictimai müstəvidə dini plüralizmin inkişafına səbəb olmuşdur. Şübhə yoxdur ki, cəmiyyətin dini baxımdan müxtəlifləşməsi təbii haldır, lakin dini müxtəlifləşmə və plüralizm dinlərarası münasibətlərə mənfi təsir göstərməməlidir. Buna görə də dini təhlükəsizliyin möhkəmləndirilməsi üçün dinlərarası tolerantlıq ənənəsinin qorunub-saxlanması vacibdir.

 

Müstəqillikdən sonra Azərbaycanda dini və milli dəyərlərin dirçəlişi prosesi sürətlənmişdir. Qeyd edək ki, müstəqilliyin ilk illərində tarixi-dini dəyərlərə qayıdış prosesi ilə yanaşı, dini konfessiyaların sayında və miqyasında da əhəmiyyətli dərəcədə artım müşahidə edilməyə başlanmışdı. Bəzi radikal dini qrupların təsiri altında bu proses dini tolerantlıq mühitinə mənfi təsir göstərirdi. Son dövrlərdə həyata keçirilən tədqiqatları nəzərdən keçirdikdə görürük ki, dindarlaşma prosesi nisbətən sabit xarakter almış,  dövlətin din siyasəti nəticəsində dinlərarası və konfessiyalararası tolerant mühit təmin edilmişdir.
Azərbaycanda dini tolerantlığın göstəricilərindən biri də dövlətin din siyasətində dini azlıqlara olan münasibətdə təzahür etməkdədir. Azərbaycan xalqının konfessional müxtəliflik baxımından tərkibinə nəzər saldıqda, görürük ki, əhalinin böyük çoxluğu müsəlmanlardan ibarətdir. Dini azlıqlara gəlincə, tarixən Azərbaycanda yaşamış müxtəlif xristian və yəhudi icmalarının ardıcılları ənənəvi dini konfessiyalar arasında mühüm yer tutur.

 

Azərbaycan xalqının 96%-nin müsəlmanlardan ibarət olmasına baxmayaraq, dövlətin bütün dinlərə bərabər münasibət bəsləməsi aydın nəzərə çarpır; məsələn: Azərbaycan Respublikasının Prezidenti hər il İslam dinində müqəddəs sayılan günlər və bayramlar münasibətilə xalqı təbrik etdiyi kimi, digər dinlərə mənsub olan vətəndaşların da müqəddəs bayramlarını rəsmi şəkildə təbrik edir. Ümumilikdə, ölkədə mövcud olan azlıq dinlərin bütün hüquqları qorunur və fəaliyyəti üçün hər cür şərait yaradılır.
Ölkəmizdə dövlətin dinə münasibəti dinlərarası bərabərlik prinsipinə əsaslanır. Məlum olduğu kimi, Azərbaycanda dövlətin rəsmi dini yoxdur. Buna baxmayaraq, din ilə bağlı məsələlərdə dövlət vətəndaşların tələblərinə laqeyd deyil, müvafiq dövlət qurumları vasitəsilə dini ehtiyac və tələblərə cavab verir. Dövlət dini qurumların sosial xidmətlər, ictimai layihələrlə bağlı fəaliyyətini dəstəkləmək işində də bərabərliyə xüsusi diqqət yetirir. Belə ki, dini icmaların sosial layihələrinin maliyyə yardımları ilə təmin olunmasında dövlət həm İslam,  həm də qeyri-İslam dini icmalarına bərabər maliyyə yardımları ayırır.

 

Məlum olduğu kimi, bu dini konfessiyalara dövlət siyasətində hər hansı  ayrı-seçkilik və ya məhdudiyyət tətbiq edilmir. Onlar İslam dini icmaları ilə eyni hüquqlara malikdir. Yuxarıda qeyd olunduğu kimi, dini konfessiyalara göstərilən maddi yardımlar, dini ibadət yerlərinin inşası və digər sahələrdə dini azlıqlara bərabər münasibət göstərilir; məsələn: Azərbaycan Hökuməti tərəfindən dövlət büdcəsi hesabına 1997-ci ildə gürcü yəhudilərinin sinaqoqunun inşası, 2007-ci ildə Pravoslav Xristian Kilsəsinin əsaslı təmiri, Heydər Əliyev Fondu tərəfindən Bakıda yəhudi uşaqlar üçün Tədris Mərkəzinin təsis edilməsi və s. fəaliyyət dini azlıqlara,  qeyri-islam dini icmalarına göstərilən bərabər və heç bir ayrı-seçkiliyə yol verilməyən münasibətin bariz nümunəsidir.


Azərbaycan xalqı dövlət müstəqilliyini bərpa etdikdən sonra, ölkədə yaşayan yəhudi icmaları dini azadlıqlarına sahib olmaqla yanaşı, beynəlxalq yəhudi təşkilatları ilə əlaqələr yaratmış, özlərinin təhsil, mədəniyyət və dini tədris müəssisələrini, qeyri-hökumət təşkilatlarını, o cümlədən mətbuat orqanlarını yaratmaq üçün bütün imkanlara malik olmuşlar. Xüsusilə qeyd edilməlidir ki, Azərbaycanda uzun tarixi keçmişə malik yəhudi və xristian icmaları xalq arasında  heç bir ayrı-seçkiliyə və dözümsüzlüyə məruz qalmamışlar. Məlum olduğu kimi, Azərbaycanda heç vaxt anti-semitizm təmayülləri mövcud olmamışdır.

 

Azərbaycanda tarixən müxtəlif məzhəblər və dinlər arasında qarşılıqlı hörmət və həmrəylik mövcud olmuşdur. Azərbaycanda heç vaxt dini və məzhəbi zəmində qarşıdurmalar, dini çəkişmələr baş verməmişdir. Bu, onu göstərir ki, Azərbaycanda məzhəblərarası tolerantlığın dərin tarixi kökləri vardır. Azərbaycan dövlətçilik tarixinə nəzər saldıqda, aydın şəkildə görürük ki, Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsində və milli dövlətçiliyin bərqərar edilməsi istiqamətindəki fəaliyyətində müxtəlif məzhəbə mənsub ziyalılar, maarifçilər və ictimai xadimlər birgə fəaliyyət göstərmiş, din və məzhəb fərqliliyini nəzərə almadan Azərbaycançılıq ideyaları ətrafında birləşmişlər.
Günümüzdə aydın nəzərə çarpır ki, dini tolerantlıq ənənəsi Azərbaycan xalqının ən qiymətli dəyərlərindən biridir. Azərbaycanda dini tolerantlıq ənənəsi bir tərəfdən qorunur və inkişaf etdirilir, digər tərəfdən isə bu ənənənin tarixi kökləri və nəzəri əsasları ətraflı öyrənilir. Məsələn, dini tolerantlığın inkişafı məqsədilə, 2016-cı il 15 yanvar tarixində Heydər məscidində şiə və sünni dindarların birgə iştirak etdikləri Vəhdət namazı icra olunmuşdur. Həmin tarixdən etibarən Vəhdət namazı konfessiyalararası dostluq və dini tolerantlığın simvolu kimi ənənəyə çevrilmişdir. Qeyd edilməlidir ki, Azərbaycan fərqli məzhəblərə mənsub dindarların birlikdə ibadət etdikləri az sayda müsəlman ölkələrindən biridir.
Deyilənləri əsas götürərək, Azərbaycanın dinlərarası və məzhəblərarası münasibətlər modelinin dünyanın bir çox müsəlman ölkəsi üçün nümunə təşkil etdiyi vurğulanır. Nəticə olaraq, bir daha vurğulanmalıdır ki, Azərbaycanda həyata keçirilən din siyasətinin prioritetlərini, bir tərəfdən, bütün vətəndaşların,  o cümlədən dini azlıqların dini etiqad azadlığını təmin etmək, digər tərəfdən, dini təhlükəsizliyin tərkib hissəsi olan dini tolerantlığın bərqərar edilməsi təşkil edir.


 
Sosiologiya üzrə fəlsəfə doktoru, Azərbaycan İlahiyyat İnstitutunun dekan müavini Asəf Qənbərov

Xəbər lenti