Logo

BDU kollektivi şəhid məzunun ailəsini ziyarət edib

05.08.2021 14:24 710 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) bir qrup kollektivi BDU-nun Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin məzunu Şamil Nəcəfovun ailəsini və məzarını ziyarət ediblər. 

Tehsil.biz xəbər verir ki, ziyarətdə BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov, Həmkarlar İttifaqı Komitəsinin sədri Rəşad Cabarov və Tələbə Gənclər Təşkilatının üzvləri iştirak ediblər.

Tələbələr Şamil Nəcəfovun Vətən torpağı uğrunda qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucalmasından qürur duyduqlarını bildiriblər. BDU-da təhsil aldığı müddətdə nümunəvi tələbə kimi seçilən Şamil həm müəllimlərinin, həm də tələbə yoldaşlarının qəlbində daim yaşayacağı, gələcək nəsillər üçün örnək olacağı qeyd olunub.

Şəhidin  valideynləri  diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib və məhz dövlətimizin başçısının apardığı uğurlu siyasət nəticəsində torpaqlarımızın düşmən tapdağından azad edildiyini qeyd ediblər. Vətən torpağı uğrunda rəşadətlə döyüşərək şəhid olan əsgər valideynləri kimi fəxr etdiklərini vurğulayıblar.

Qeyd edək ki, Vətən müharibəsində BDU-nun onlarla məzunu iştirak etmiş, onlardan 18 nəfəri şəhidlik zirvəsinə ucalmışdır. BDU-da müqəddəs şəhidlərimizin xatirəsinin uca tutulması,  şəhidlik zirvəsinə ucalmış məzunlarımızın ailələrinə diqqət və qayğı göstərilməsi, qazi tələbələrimizin təhsil problemlərinin öyrənilməsi və həlli istiqamətində müvafiq dəstəyin göstərilməsi məqsədilə Tədbirlər Planı işlənilib hazırlanmışdır. Tədbirlər Planına müvafiuq olaraq şəhid məzunların ailələri müntəzəm olaraq ziyarət olunur.

Xəbər lenti