Logo

“Dövlət qulluğuna dair qanunvericiliyə edilmiş dəyişikliklər və tətbiqi məsələləri”

05.08.2021 17:16 666 baxış
IMG

Məlum olduğu kimi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa 31 may 2021-ci il tarixli 340-VIQD nömrəli Qanunla bir sıra dəyişikliklər edilib. Qanuna edilmiş dəyişikliklər dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi, qulluqda yüksəliş, ehtiyat kadrların idarə edilməsi və digər məsələləri əhatə edir. “Dövlət qulluğuna dair qanunvericiliyə edilmiş dəyişikliklər və tətbiqi məsələləri” mövzusunda Dövlət İmtahan Mərkəzi tərəfindən 5 avqust 2021-ci il tarixində “ZOOM” platforması vasitəsilə dövlət orqanlarının nümayəndələrinin iştirakı ilə onlayn görüş təşkil edilib.

Görüşdə mərkəzi icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanları üzrə ümumilikdə 134 dövlət orqanından 148 nümayəndə iştirak edib.

İclasda Mərkəzin Dövlət qulluğu məsələləri şöbəsinin müdiri Vüqar Əsgərov “Dövlət qulluğu haqqında Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliklər” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda dövlət qulluğuna dair qanunvericiliyə edilmiş dəyişikliklər və onların tətbiqi, dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi, qulluqda yüksəliş, ehtiyat kadrların idarə edilməsi və digər məsələlər barədə tədbir iştirakçılarına məlumat verilib.

Tədbirin sonunda dövlət qulluğuna dair aktual məsələlərin müzakirəsi aparılıb və iştirakçıların sualları cavablandırılıb.

Qeyd edək ki, müvafiq dəyişikliklərə bağlı vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq növbəti həftə Dövlət İmtahan Mərkəzinin “Facebook” səhifəsi vasitəsilə də canlı yayım ediləcək. Yayım zamanı DİM-in məsul şəxsləri tərəfindən izləyicilərin sualları cavablandırılacaq. Yayımın vaxtı barədə "Facebook"da əlavə məlumat veriləcək. 

Xəbər lenti