Avqustun 5-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) Kollegiyasının 2021-ci ilin birinci yarısının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş onlayn iclası keçirilib.
Tehsil.biz xəbər verir ki, kollegiya iclasını giriş sözü ilə açan Komitə sədri Mübariz Qurbanlı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfərə diqqət çəkərək bu qələbənin əsasında ölkə başçısının məqsədyönlü müdrik siyasətinin və ordumuzun gücünün dayandığını deyib. Eyni zamanda qələbəmizi şərtləndirən amillərdən biri də xalqımızın həmrəyliyi, milli dəyərlərə, birgəyaşayış ənənəsinə verdiyi önəmdir.
Əhalinin rifah halının daha da yaxşılaşdırılması, bu istiqamətdə mühüm layihələrin həyata keçirilməsi, ölkəmizdə sosial müdafiə sisteminin etibarlılığının ən yüksək səviyyəyə çatdırılması istiqamətində Prezident İlham Əliyevin çoxşaxəli fəaliyyətindən bəhs edən M. Qurbanlı Azərbaycan dövlətinin vətəndaşların dini etiqad azadlığının təminatı sahəsində də həyata keçirdiyi tədbirlərin öz müsbət bəhrəsini verdiyini bildirib. Qeyd edilib ki, hazırda Azərbaycanda dini durum sabitdir, bu sahədə cərəyan edən proseslər və tendensiyalar nəzarətdədir.
Tarixi-dini abidələrimizin, o cümlədən məscid, kilsə, sinaqoqların bərpası və yenidən qurulması, yeni ibadət evlərinin inşasının Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin tərkib hissəsi olduğunu vurğulayan Komitə sədri Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən 30 illik işğaldan azad olunan ərazilərimizdə ermənilərin dağıtdığı dini abidələrin, o cümlədən məscidlərin bərpasına dair görülən işlərdən danışıb, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən Şuşada yeni məscidin təməlinin qoyulması, Zəngilanda erməni vandallığına məruz qalan məscidin, eləcə də Ağdamda “Qiyaslı” məscidinin yenidən qurulması işlərinə başlanılması, “Qazançı” kilsəsində bərpa işlərinin aparılmasını dövlətimizin milli-mənəvi, tolerantlıq dəyərlərinə verdiyi önəmin növbəti təzahürü olduğunu bildirib.
Cari ilin ilk 6 ayında Dövlət Komitəsinin fəaliyyəti barədə ətraflı məlumat verən Komitə sədri qeyd edib ki, bu dövr həm də ona görə əlamətdardır ki, iyun ayının 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 20 ili tamam olub. Hazırda Komitənin 20 illik fəaliyyətini özündə əks etdirən sənədli film üzərində iş gedir. Eyni zamanda bildirilib ki, bu il iyun ayından başlayaraq Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi müvafiq qərara uyğun olaraq dini məbədlər (məscid, kilsə və sinaqoqlar) ibadət üçün açılıb və Dövlət Komitəsi pandemiya şərtləri çərçivəsində dini məbədlərdə keçirilən mərasimlərin monitorinqini həyata keçirməkdədir. Bu istiqamətdə, yəni Operativ Qərargahın müəyyən etdiyi tələblərdən kənara çıxılma halı qeydə alınmayıb.
Komitənin maarifləndirmə istiqamətində reallaşdırdığı layihələrə toxunan M.Qurbanlı milli-mənəvi dəyərlərimizin, birlik və həmrəyliyimizin, ölkəmizdə mövcud olan vəhdət nümunəsinin təbliği, o cümlədən erməni vandalizmi aktlarının daha geniş auditoriyaya yayılması sahəsində, habelə bu sahədə sosial istiqamətdə kompleks tədbirlər həyata keçirdiyini vurğulayıb. COVİD-19 pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq Dövlət Komitəsinin maarifləndirmə tədbirlərini diqqətə çatdıran Komitə sədri həmin tədbirlər çərçivəsində Dövlət Komitəsinin sifarişi ilə kütləvi informasiya vasitələri və sosial medianın imkanlarından istifadə etmək, eləcə də bu sahədə maarifləndirmə işinin effektivliyini artırmaq məqsədilə sənədli filmlərin, videoroliklərin çəkildiyini, bunların gənclərin vətənpərvərlik və həmrəylik ruhunda tərbiyə edilməsinə, Ermənistanın Azərbaycanın tarixi dini-mədəni irsinə qarşı törətdiyi cinayətlərin ifşa edilməsinə xidmət etdiyini qeyd edib.
Mübariz Qurbanlı Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət-din siyasətini Prezident İlham Əliyevin uğurla davam etdirdiyini, dövlət tərəfindən mövcud dini konfessiyaların fəaliyyətinin dəstəklənməsi məqsədilə mütəmadi olaraq onlara maddi dəstək göstərildiyini xatırladaraq, növbəti belə Sərəncamın iyul ayının 8-də imzalandığını da diqqətə çatdırıb.
2021-ci ilin I yarısında görülmüş işlər və ölkədəki mövcud dini durum barədə hesabatla çıxış edən Dini qurumlarla iş üzrə şöbənin müdiri Cahandar Əlifzadə hesabat dövrü ərzində Dövlət Komitəsinin əsas fəaliyyət istiqamətlərindən biri olan dini icmaların dövlət qeydiyyatına alınması prosesinin davam etdirildiyini və hesabat dövründə 15 dini icmanın dövlət qeydiyyatından keçirildiyini, bununla da dövlət qeydiyyatına alınmış dini qurumların sayının 970-ə çatdığını deyib. Vurğulayıb ki, 2021-ci ilin ilk 6 ayında Dövlət Komitəsinə daxil olmuş müraciətlər əsasında idxalı nəzərdə tutalan 2762 adda dini məzmunlu ədəbiyyat dinşünaslıq ekpertizasından keçirilib, nəşr olunmaq məqsədilə təqdim edilmiş 133 adda dini ədəbiyyata baxılıb, 238 adda dini təyinatlı ədəbiyyata 337 min 870 ədəd nəzarət markaları verilib.
C.Əlifzadə hesabat dövrü ərzində Komitə tərəfindən ölkədəki dövlət-din münasibətlərinin tənzimlənməsi, eyni zamanda, Azərbaycan vətəndaşlarının, xüsusilə gənclərin zərərli dini cərəyanların təsiri altına düşməsinin, din adı altında milli və dövlət maraqlarımıza zidd zərərli təlimlərin yayılmasının qarşısının alınması məqsədilə ayrıca və digər qurumlarla birgə (mərkəzi və yerli icra hakimiyyəti orqanları, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, QMİ, müxtəlif dini konfessiyalara mənsub qurumlar, QHT-lər, şəhər və rayonlardakı Heydər Əliyev mərkəzləri, Mədəniyyət, o cümlədən Gənclər və İdman Nazirliklərinin yerli strukturları, Ombudsman Aparatının regional mərkəzləri, Yeni Azərbaycan Partiyası, hüquq mühafizə orqanları və s.) ümumilikdə 260-dan artıq onlayn formatda tədbir keçirildiyini diqqətə çatdırıb. Komitə tərəfindən Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98 illiyi münasibətilə çoxsaylı tədbirlər, o cümlədən dini icmalar arasında “Heydər Əliyev irsi: Azərbaycanda dövlət-din münasibətləri” mövzusunda ənənəvi yazı müsabiqəsi təşkil olunub.
Qeyd edib ki, dövlət proqramları çərçivəsində Komitənin bölgə şöbələri tərəfindən müxtəlif mövzularda maarifləndirici tədbirlər keçirilib. Eyni zamanda Dövlət Komitəsi, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti arasında “2021-ci ildə dini ekstremizmə qarşı birgə mübarizəyə dair birgə tədbirlər planı” çərçivəsində Bakı şəhəri, Füzuli, Xocavənd, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər, Şuşa, Ağdam, Tərtər şəhər və rayonları üzrə müvafiq mərkəzi və yerli icra hakimiyyətlərinin nümayəndələrinin iştirakı ilə tədbirlər təşkil olunub.
Həmçinin İTV kanalında yayımlanan “Cəmiyyət və Din”, SPACE telekanalında yayımlanan “İnam”, Mədəniyyət kanalında yayımlanan “Haqqın dərgahı” verilişləri vasitəsi ilə maarifləndirmə işləri davam etdirilib, Dövlət Komitəsinin mətbu orqanı olan “Dövlət və Din” ictimai fikir toplusu, “Cəmiyyət və Din” qəzeti çap edilib. Cari ilin ilk 6 ayı ərzində Komitə Azərbaycanın dövlət-din münasibətlərinin, tolerantlıq təcrübəsi və multikultural dəyərlərinin, xüsusilə Qarabağla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, beynəlxalq hesabatlarda ölkəmizə qarşı qərəzli yanaşmanın aradan qaldırılması, qeyri-müsəlman icmaların fəaliyyəti ilə əlaqədar məsələlərin tənzimlənməsi, xarici ölkələrdəki dini təşkilatlarla ikitərəfli əlaqələrin təmin edilməsi istiqamətində fəaliyyətini davam etdirib.
Şöbə müdiri bildirib ki, Komitə sədrinin müəllifliyi ilə “Ermənistanın Azərbaycanı azad edilmiş ərazilərdə “mədəni cinayətlər” törətmək barədə əsassız iddiaları” adlı məqaləsi bir çox xarici ölkə mətbuatında işıqlandırılıb.
Hesabat dövründə Komitə ikinci dəfə başlatdığı “Könüllü fəaliyyət” layihəsini yekunlaşdırıb, Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planının 5.5-ci bəndinə əsasən Komitə yanında İctimai Şuranın yenidən formalaşdırılması prosesi çərçivəsində Şuraya seçkilər keçirilib.
Komitənin bütün istiqamətlər üzrə fəaliyyəti KİV-də, rəsmi saytında, sosial şəbəkələrdə operativ şəkildə işıqlandırııb. Komitənin rəsmi saytı vasitəsilə (scwra.gov.az) məlumatların açıqlığı və əlçatanlığı təmin edilib, sosial şəbəkələrdəki rəsmi hesablar üzərindən paylaşılan film və videoçarxları ümumilikdə 100 mindən çox sosial şəbəkə istifadəçisi izləyib.
Daha sonra Dövlət Komitəsinin tabeliyində yaradılan Mənəvi Dəyərlərin Təbliği Fondunun (MDTF) 2021-ci ilin I yarısında fəaliyyəti və cari ildə görüləcək işlərə dair hesabatla Fondun icraçı direktoru Mehman İsmayılov çıxış edib. Bildirib ki, MDTF tərəfindən cari ilin ilk 6 ayı ərzində dini etiqad sahəsində işlər davam etdirilib, o cümlədən bir sıra İslam və qeyri-islam dini icmalarının maarifləndirici layihələrinə maddi dəstək göstərilib. Fondun dəstəyi və təşkilatçılığı ilə Alban-Udi Xristian dini icmasının üzvləri işğaldan azad edilmiş Xocavənd rayonunun Tuğ kəndindəki Alban məbədini, eyni zamanda Kəlbəcər rayonunda yerləşən Xudavəng məbədini və Laçın rayonu ərazisində yerləşən qədim alban məbədi “Ağoğlan” monastırını ziyarət ediblər.
MDTF Müqəddəs Ramazan ayı münasibətilə müsəlman dini icmalarla birlikdə keçirilən “Şəhid ailələrinə Ramazan sovqatı” aksiyası çərçivəsində ölkənin 12 şəhər və rayonunda ümumilikdə 720 nəfər Vətən Müharibəsi şəhidinin ailəsi ziyarət edilib və onların hər birinə alış-veriş kartı hədiyyə edilib. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edən dini icma sədri və din xadimlərinin hər birinə Fond tərəfindən 500 manat məbləğində birdəfəlik maddi yardım göstərilib.
Mehman İsmayılov qeyd edib ki, Mənəvi Dəyərlərin Təbliği Fondu 2021-ci ildə təhsilalanların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə Azərbaycan İlahiyyat İnstitutunun 20 tələbəsinə 100 manat, 21 tələbəsinə 150 manat məbləğində aylıq təqaüd verib və 1 nəfər tələbə üçün adıçəkilən təhsil müəssisəsi tərəfindən təsis edilmiş 200 manat məbləğində “Heydər Əliyev mükafatı” maliyyələşdirib. Eyni zamanda, Fond tərəfindən 44 günlük Vətən Müharibəsində şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsini yad etmək, onların övladlarını sevindirmək məqsədilə 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Şəhid yadigarları” adlı aksiyada ölkəmizin 8 şəhər və rayonunda 127 nəfər Vətən Müharibəsi şəhidlərinin övladları ziyarət edilib, onlara müxtəlif hədiyyələr təqdim edilib. Həmçinin, Fondun maliyyə dəstəyi ilə Bakı şəhərində 61 nəfər, Gəncə, Qazax və Ağstafa rayonlarında 139 nəfər şəhid və qazi ailəsinin övladlarına hədiyyələr təqdim edilib.
M.İsmayılov Azərbaycanda yerləşən Alban tarixi-dini abidələrinin geniş auditoriyada təbliği, müxtəlif bölgələrimizdə yerləşən, keçmişimizin izlərini özündə əks etdirən bu abidələrin daha çox öyrənilməsi, eləcə də qalib elan edilən materialların müxtəlif internet resurslarında xarici dillərdə (rus və ingilis dillərində) yayılmasının həyata keçirilməsi məqsədi ilə MDTF tərəfindən “Mənəvi mirasımız: Alban dini məbədlərimiz” adlı videoçarx müsabiqəsinin keçirildiyini və müsabiqənin qaliblərinin Fond tərəfindən mükafatlandırıldığını qeyd edib.
Azərbaycan İlahiyyat İnstitutunun 2021-ci ildə fəaliyyəti və 2020-2021-ci tədris ilinə hazırlıq işləri barədə məlumatlarla çıxış edən Azərbaycan İlahiyyat İnstitutunun prorektoru Mübariz Camalov bildirib ki, hesabat dövründə İnstitutda mövcud pandemiya şəraitinə uyğun olaraq müxtəlif mövzularda ictimaiyyət nümayəndələri, elm xadimləri, eləcə də İnstitut əməkdaşlarının və tələbələrin iştirakı ilə 25 dən çox onlayn tədbir (konfrans, seminar, vebinar, müsabiqə və s.) təşkil edilib.
Hesabat dövründə İnstitutun müəllim və əməkdaşları tərəfindən 5 kitab və monoqrafiya, 2 dərslik və dərs vəsaiti, 12 fənn proqramı, 1 xaricdə həmmüəllif kitab, 3 tərcümə əsəri, yerli və beynəlxalq elmi jurnallarda 22 məqalə, elmi-publisistik jurnallar və qəzetlərdə 11 məqalə, respublika və beynəlxalq konfrans və ya simpoziumlarda 17 tezis və məqalə nəşr olunub. İnstitutun “Din araşdırmaları” və “İlahiyyat” elmi-publisistik jurnalları, eləcə də ali təhsil müəssisəsinin fəaliyyətini əks etdirən bülleten, həmçinin “İlahiyyat nəşrləri” layihəsinə əsasən müəllimlərin kitabları, bukletlər, qeydiyyat kitabları və digər multimedia materialları nəşrə hazırlanıb.
Mübariz Camalov vurğulayıb ki, hesabat dövrü ərzində “Ramazan orucunun hikməti, yaxud nə üçün oruc tuturuq”, “Oruc və nəfs tərbiyəsi”, “Səmavi dinlərdə oruc”, “Ramazan və Quran”, “Orucluğun tarixi”, “Qədr gecəsi”, “Ramazan ayının fəziləti”, “Fitrə sədəqəsi” və “Bayram namazı” mövzularında Aİİ-nin müəllimlərinin iştirakı ilə maarifləndirici videolar hazırlanıb, ictimaiyyətə təqdim olunub.
Aİİ öz fəaliyyətində xarici ölkələrin müvafiq ali təhsil müəssisələri ilə əlaqələrin gücləndirilməsi, ikitərəfli əməkdaşlıq çərçivəsində birgə layihələrin həyata keçirilməsi, elm və təhsil sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, müəllim və tələbə mübadiləsi proqramlarının reallaşdırılması məqsədilə hesabat dövründə Azərbaycan İlahiyyat İnstitutu ilə Pakistan İslam Respublikasının Müsəlman İnstitutu arasında Anlaşma Memorandumu imzalanıb.
Daha sonra Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov qarşıdan gələn Məhərrəm ayı ilə bağlı Komitə tərəfindən görüləcək maarifləndirmə tədbirləri ilə bağlı məruzə edib, gələcək hədəflər, problem və perspektivlər geniş müzakirə edilib.
Dövlət Komitəsinin sədr müavinləri Sahib Nağıyev, Səyavuş Heydərov, həmçinin Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin direktoru Vüqar Babayev gündəlikdə olan məsələlərlə bağlı fikirlərini bölüşüblər.