Logo

13 əcnəbi tələbədən 8-i BDU-nu seçib

05.11.2020 18:22 593 baxış
IMG

Ali təhsil dünyanın siyasi, iqtisadi, ictimai, ideoloji və mədəni həyatını əhəmiyyətli dərəcədə dəyişmiş qloballaşmanın daha çox təsir göstərdiyi sahələrdən biridir. Hazırda beynəlmiləlləşmə konsepsiyası ali təhsil sahəsində fəaliyyətin ayrılmaz tərkib hissəsinə və mühüm inkişaf amillərindən birinə çevrilib. Bu gün Azərbaycan təhsilindən yalnız ölkə vətəndaşları deyil, həm də digər dövlətlərin vətəndaşları yararlanırlar.

 

2020/2021-ci tədris ili üzrə hökumətlərarası sazişlər çərçivəsində Tacikistan Respublikası və Çin Xalq Respublikası vətəndaşlarından Azərbaycan ali təhsil müəssisələrinə qəbul olunan 13 nəfərdən 8-i Bakı Dövlət Universitetini seçib. Tələbələrin ikisi (bakalavriat) Tacikistan Respublikası, altısı (magistratura) Çin Xalq Respublikasının vətəndaşlarıdır. Xarici vətəndaşlar ali təhsil müəssisəsində tədris dilini bilmədikləri halda, müvafiq dil hazırlığı keçdikdən sonra əsas təhsilə başlayırlar. BDU-da xarici tələbələrin təhsili üçün hərtərəfli şərait yaradılıb.

 

Əlavə edək ki, Azərbaycan Respublikasında əcnəbi vətəndaşların təhsili Nazirlər Kabinetinin 56 nömrəli, 06.03.2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşlarının təhsil almaq üçün xarici ölkələrə göndərilməsi və xarici ölkə vətəndaşlarının Azərbaycanın tədris müəssisələrində təhsil almaları haqqında Əsasnamə” ilə tənzimlənir.

Xəbər lenti