“Sentyabr ayından bəri dərslər artıq 2020-2021 tədris ili üçün ənənəvi qaydada başlanılmalıdır. Çünki, ötən illə müqayisə aparsaq, bu il vəziyyət dərslərin başlanılması baxımından nisbətən daha idealdır. Çünki, bildiyimiz kimi, ötən illəri hələ vaksinasiya olmamışdı, 2 milyona yaxın vətəndaşımızdan test analizi götürülmüşdü. İndi isə 4 milyondan çox vətəndaşdan test analizi götürülüb. Onlardan isə cəmi 300 min nəfər qədər adam koronavirusa yoluxub”. Bu sözləri SİA-ya açıqlamasında təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi deyib.
Onun sözlərinə görə, nəzərə alsaq ki, peyvəndləmənin birinci mərhələsi üzrə 3, ikinci mərhələ üzrə 2 milyondan çox vətəndaşımız vaksinasiya olunub: “Yəni, ümumilikdə vəziyyəti dəyərləndirsək əlbəttə, dərs ənənəvi qaydada başlamalıdır. Bundan əlavə də təhsil müəssisələrində çalışan təhsil işçilərinin böyük əksəriyyəti artıq vaksinasiya prosesində iştirak ediblər. Yalnız, müvafiq olaraq 18 yaşın üzərində olan tələbələr vaksinasiya prosesində iştirak etməlidirlər. Bununla bağlı universitetlər tərəfindən də müvafiq göstərişlər veriləcək. Şagirdlər və tələbələrin vaksinasiya olunması dərslərin başlaması üçün vacibdir”.
Elçin Əfəndi sözlərinə belə davam edib: “Digər bir məqamı da qeyd edim ki, biz distant formalı təhsili o baxımdan saxlaya bilmərik ki, imtahanlarda abituriyentlərin nəticələri ürəkaçan deyil. Yəni, 2019-cu illə müqayisə etsək, 2020 və 2021-ci illər distand formalı təhsilin nəticələri olduqca aşağıdır. Əgər təhsil hələ də distant formada davam etsə, biz gələn il uğurlu nəticələr görməyəcəyik. Ona görə də, gec olmadan artıq distant formalı təhsildən ənənəvi formalı təhsilə keçid etməliyik. Düşünürəm ki, bununla bağlı müvafiq aidiyyatı qurumlar tezliklə qərar verəcəklər”.
Məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədov da öz fikirlərini qeyd edib: “İlk növbədə qeyd edim ki, hal-hazırda istər Azərbaycanda, istərsə də dünyada təhsil sisteminin qarşısında duran ən vacib məqam yeni tədris ilinin başlaması ilə bağlıdır. Belə ki, hal-hazırda artıq Azərbaycanda və dünyada ciddi şəkildə vaksinasiya prosesi həyata keçirilir. Bu da bizim normal həyatımıza qayıtmaq üçün ən vacib və birinci meyar hesab edilir”.
“Nəzərə alsaq ki, bu gün Azərbaycanın 447 orta ümumtəhsil məktəbində 1,6 milyon şagird təhsil alır və onlarla 150 min müəllim çalışır. Bu o deməkdir ki, müəllimlərimiz vaksinasiya olunmalıdır və bu gün kifayət sayda müəllim vaksinasiya olunub”.
“Digər bir vacib məqam isə may ayının 11-dən etibarən yaşı 18 olan tələbələr də vaksinasiya prosesinə cəlb ediliblər. Bu günə olan məlumata görə, 60 faiz tələbə vaksinasiya olunub. Bu rəqəmlər kifayət qədər ümidvericidir və birmənalı şəkildə bizim sentyabr ayında ənənəvi təhsilə qayıdacağımıza imkan verir”.
“Artıq biz pandemiya dövründəki yaşayış və davranış qaydalarına sahibik. Bilirik ki, ara məsafəni gözləməklə, eyni zamanda, digər qaydalara riayət etməklə qorunmaq mümkündür. Bütün bunlar yeni tədris ilinə başlamağa ümid verir. Hesab edirəm ki, sentyabrda ənənəvi dərslərə başlamalıyıq. Əvvəlki hallardan fərqli olaraq, bu dəfə 10-cu və 11-ci sinif şagirdləri də məktəbə getməlidir. Eyni zamanda, ali təhsil müəssisələri də bərpa edilməlidir”.
“Digər bir vacib məqam da odur ki, onlayn formada keyfiyyətli təhsil vermək olmur. Burada müəyyən qədər ciddi problemlər var. Şagirdlərin heç də hamısının telefonu, planşeti və ya kompyuteri yoxdur. Müəyyən fənnlərin tədrisində çətinliklər müşahidə olunur”.