Logo

BMU ilə Cənubi Koreyanın İNHA Universiteti arasında icra olunan ikili diplom proqramı

08.08.2021 13:05 1702 baxış
IMG

Bakı Mühəndislik Universiteti (BMU) ilə Cənubi Koreyanın İNHA Universiteti arasında bakalavriat səviyyəsində mühəndislik ixtisasları istiqaməti üzrə ikili diplom proqramının 2021/2022-ci tədris ili üçün sənəd qəbuluna start verilir.

Son müraciət tarixi - 14 avqust 2021-ci il saat 23:55.

PROQRAM MƏZUNLARI SAHİB OLACAQ

· 4 il – 2 diplom;

· Tam təqaüdlü beynəlxalq keyfiyyətli təhsil;

· 3 il – Azərbaycanda, 1 il – Cənubi Koreyada təhsil;

· Çoxdilli tədris mühiti (ingilis dilində mühəndislik ixtisası ilə paralel olaraq Koreya dilinin tədrisi);

· Seçilmiş yerli və xarici universitetlərin professor-müəllim heyəti ilə tədris imkanı;

· Beynəlxalq təcrübəni öyrənərək, qeyd olunan mühəndislik sahələrində müasir bilik və bacarıqlara yiyələnmək imkanı.

Proqram haqqında:

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” (bundan sonra Dövlət Proqramı) çərçivəsində 2021/2022-ci tədris ili üçün BMU ilə Cənubi Koreyanın İNHA Universiteti arasında ikili diplom proqramı üzrə İnformasiya texnologiyaları, İnşaat mühəndisliyi, Elektronika mühəndisliyi və Elektrik mühəndisliyi ixtisasları üzrə sənəd qəbulu həyata keçirilir.

Proqramda Dövlət İmtahan Mərkəzinin (DİM) təşkil etdiyi imtahanda hər ixtisas üzrə müəyyən edilmiş müvafiq keçid bal toplayan, Azərbaycan Respublikasının vətəndaşı olan abituriyentlər iştirak edə bilər. BMU ilə İNHA Universitetinin birgə təşkil etdiyi müsabiqədən uğurla keçən və qəbul olan abituriyentlər ikili diplom proqramı çərçivəsində qeyd olunan 4 ixtisasdan birində öz seçimlərinə görə dövlət sifarişi əsasında təhsil ala biləcəklər.

İxtisaslar:

1) İnformasiya texnologiyaları (keçid balı - 400)

2) İnşaat mühəndisliyi (keçid balı - 350)

3) Elektrik mühəndisliyi (keçid balı - 350)

4) Elektronika mühəndisliyi (keçid balı - 350)

Kvota: 100 yer (hər ixtisas üzrə 25 nəfər)

Proqramın modeli: 3 il – Azərbaycanda, 1 il – Cənubi Koreyada.

Proqram 3+1 modeli əsasında qurulmuşdur. Belə ki, ikili diplom proqramına əsasən tələbələr 3 akademik ili BMU-da, 1 akademik ili (sonuncu kursu) isə Cənubi Koreyanın İNHA Universitetində təhsil alacaqlar. 4 ilin sonunda tələbələr iki diplom əldə edəcəklər. Cari proqram 4 il ərzində tam olaraq dövlət vəsaiti hesabına təmin olunur. Proqram çərçivəsində tələbələrin 2-ci kursun sonunda Cənubi Koreyada 3 həftəlik yay məktəbində iştirakı da nəzərdə tutulub. Bundan əlavə bakalavriat səviyyəsini bitirən tələbələr magistratura və doktorantura təhsillərini Cənubi Koreyada təqaüdlə davam etdirmək imkanına malik olacaqlar.

Tədris dili:

BMU-da 3 il müddətində ingilis dili (bəzi fənlər Azərbaycan dilində olmaqla), İnha Universitetində isə 1 il müddətində Koreya dili.

Tələbələrə BMU-da 3 illik təhsil müddəti ərzində müvafiq dil bacarıqlarını formalaşdırmaq üçün proqramın şərti olan Koreya dili dərsləri tədris olunacaq və onlar müvafiq olaraq “TOPİK” sertifikatı əldə etmək üçün 2-ci və 3-cü təhsil illərində imtahanlarda iştirak edəcəklər. İmtahanlardan uğurla keçmiş tələbələr 4-cü akademik ildə təhsillərini Cənubi Koreyanın İNHA Universitetində Koreya dilində davam etdirəcəklər.

Təhsil alanların maliyyə xərcləri:

Dövlət Proqramı tərəfindən qarşılanan xərclər aşağıdakılardır:

- Təhsilalanların təhsil haqqı;

- Qeydiyyat xərci;

- Tədris materialları və elektron informasiya resurslarına çıxış xərcləri;

- - Cənubi Koreyada 1 illik təhsil xərcləri;

- - Cənubi Koreyada 3 həftəlik yay məktəbində iştirak xərcləri.

Qəbul şərtləri:

1) Proqramda Azərbaycan Respublikasının vətəndaşı olan və 2021-ci ildə Dövlət İmtahan Mərkəzinin (DİM) imtahanlarında iştirak etmiş və uğurla keçən 1-ci ixtisas qrupunun abituriyentləri və BMU-İNHA İDP-nin hər ixtisas üzrə müəyyən edilmiş müvafiq keçid balını toplamış namizədlər iştirak edə bilər;

2) Proqrama müraciət etmiş namizədlər BMU ilə İNHA Universitetinin birgə təşkil etdiyi daxili imtahandan uğurla keçməlidirlər: yazılı (riyaziyyat və fizika) və şifahi (ingilis dili müsahibəsi).

Tələb olunan sənədlər:

  1. Müraciət forması;
  2. Özünü təqdimetmə forması (ingilis dili müsahibəsi üçün);
  3. 3.5x4.5 ölçüdə rəngli fotoşəkil;
  4. Şəxsiyyət vəsiqəsinin surəti;
  5. Məktəb attestatının ingilis dilində tərcüməsi və notarial təsdiqi (attestatını almayan tələbələr təhsil aldıqları orta məktəbdən imzalı və möhürlü arayış təqdim etməlidir);
  6. DİM tərəfindən keçirilmiş hər iki imtahanda topladığı balı təsdiq edən rəsmi sənəd;
  7. İngilis dili sertifikatı: İELTS və ya TOEFL (olduğu təqdirdə).

Qeyd 1: Namizədlər İNHA Universiteti ilə BMU-nun birgə təşkil etdiyi müsabiqədə (ingilis dili şifahi, riyaziyyat və fizikadan yazılı onlayn formada) iştirak etmək üçün mütləq təqdim olunan onlayn anket formasını dolduraraq tələb olunan sənədləri həmin onlayn anket formasında təqdim etməlidirlər. Onlayn qeydiyyat 28 iyul - 14 avqust 2021-ci il tarixlərini əhatə edir.

Qeyd 2: Proqrama qeydiyyat zamanı namizədin iş nömrəsi (bakalavriat imtahanı) və şəxsi kabinetin istifadəçi adını (FİN) təqdim etməli olacaqdır.

Qeyd 3: Müsabiqədə iştirak etmək üçün qeydiyyat və daxili imtahanın vaxtı:

• onlayn qeydiyyat

× 28 iyul-14 avqust 2021-ci il

• daxili qəbul imtahanı

× 17 avqust 2021-ci il (yazılı - riyaziyyat və fizika)

× 19 avqust 2021-ci il (şifahi - ingilis dilində müsahibə)

• nəticələrin elan olunması

× 23 avqust 2021-ci il

Cənubi Koreyanın İnha Universiteti haqqında:

Universitet mühəndislik, biznes inzibatçılığı, tibb, sosial elmlər sahəsində Cənubi Koreyanın lider universitetlərindən biridir. İNHA Universitetində 73 ixtisasın 26-si mühəndislik ixtisası üzrədir. Reytinqə görə Cənubi Koreyada 189 universitetdən 8-ci yerdədir (2019-cu il). İNHA Universiteti müxtəlif tədqiqatlar aparan, dünyanın bir çox nüfuzlu ali təhsil müəssisələri ilə əlaqələri olan və 20 mindən çox tələbəsi olan ali təhsil ocağıdır. Məzunların işə düzəlmə reytinqinə görə Cənubi Koreya universitetləri arasında 3-cü yerdədir, müvafiq olaraq hər il İNHA universitetinin 70% məzunu işlə təmin olunur (2019-cu il).

İkili Diplom Proqramı və İNHA Universiteti haqqında daha ətraflı məlumat əldə etmək üçün təqdim olunan linklərə baxa bilərsiniz:

(1) (AZ) https://www.youtube.com/watch?v=B7S6FlzX-gU

(2) (ENG): https://www.youtube.com/watch?v=7vJ9jTfusHM

(3) (RUS): https://www.youtube.com/watch?v=64C1E5lrXNs

(4) https://eng.inha.ac.kr/

Əlavə məlumatlarla aşağıdakı müvafiq keçiddən tanış ola bilərsiniz:

- ELAN 2021/2022

- FAQ/MVS (tez-tez verilən suallar)

- Daxili imtahanının keçirilməsi ilə bağlı təlimat

Əlaqə:

BMU-İnha ikili diplom proqramı ilə əlaqədar sualları [email protected] e-mail ünvanına, proqramın rəsmi feysbuk səhifəsinə www.facebook.com/ddp.beu.inha ünvanlamaq və ya (+994 12) 349-99-66/67 (daxili: 2423) / (+99451) 215-57-34 zəng vurmaq mümkündür.

Xəbər lenti