Logo

BANM və SPM Oil and Gas şirkəti arasında əməkdaşlıq çərçivəsində razılaşma imzalanıb

09.08.2021 09:59 884 baxış
IMG

Bakı Ali Neft Məktəbi (BANM) və SPM Oil and Gas şirkəti arasında əməkdaşlıq çərçivəsində gənclərin peşəkar inkişafına yönəldilmiş tədbirlərin təşkilinə dair Razılaşma imzalanıb.

Tehsil.biz xəbər verir ki, tərəflər arasında əməkdaşlıq onların nizamnamələri, fəaliyyət sahələri və səlahiyyətləri çərçivəsində olan məsələləri əhatə edir. 

Razılaşma Neft-qaz mühəndisliyi, Proseslərin avtomatlaşdırılması mühəndilsiyi və Biznesin idarə olunması üzrə magistr (MBA) ixtisasları üzrə mütəxəssis hazırlığında və biliklərin yayılmasında maddi-texniki, elmi metodiki və təşkilatı tədbirlərin birgə həyata keçirilməsi məqsədini daşıyır. Eyni zamanda, BANM-in kitabxana fondunun mütəxəssis hazırlığında istifadə üçün ingilis dilində çap olunmuş texniki ədəbiyyatla və audio-video materiallarla zənginləşdirilməsində Şirkətin dəstəyinin göstərilməsi, BANM-də həyata keçirilən tədris proqramları çərçivəsində Şirkətin mütəxəssisləri tərəfindən BANM-in tələbələri üçün mühazirələr oxunmasının təşkili, Şirkətə müvafiq elmi-tədqiqat layihələrinin həyata keçirilməsində dəstək göstərilməsi,  BANM-in müəllim və tələbələrinin Şirkətin  korporativ tədbirlərində iştirakının təmin edilməsi və BANM-in elmi konfrans və digər tədbirlərdə fərqlənən tələbələrinə Şirkətin mükafatlarının verilməsi planlaşdırılır. 

Razılaşmada Tərəflərin Şirkətlə əməkdaşlıq üçün ayrılmış məkanında müvafiq avadanlıqlarla  təchiz olunmuş ixtisaslaşdırılmış tədris laboratoriyasının yaradılmasında BANM - ə dəstək göstərilməsi, Şirkətin mütəxəssislərinin BANM - də həyata keçirilən mütəxəssis hazırlığı proqramları çərçivəsində müəllim kimi fənlərin tədrisinə cəlb olunması imkanının yaradılması, BANM-in istedadlı tələbələrinə Şirkətin adlı təqaüdlərinin verilməsi, eləcə də BANM tələbələrinin yay təcrübə proqramlarında iştirakının və şirkətin strukturlarında BANM tələbələri üçün praktika imkanlarının təmin edilməsi də nəzərdə tutulur.

Tələbələr üçün Şirkətin fəaliyyət istiqamətlərinə uyğun mövzular çərçivəsində və “ SPM Oil and Gas “ – ın xarici ölkələrdə fəaliyyət göstərən təlim mərkəzlərində BANM-in tələbələri üçün qısa müddətli stajkeçmə kurslarının təşkili də imzalanmış Razılaşmada öz əksini tapır.

Əməkdaşlıq Razılaşmasını Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov və SPM Oil and Gas şirkətinin rəhbəri Elnur Qulamov imzalayıblar. Bu Razılaşma ilkin mərhələdə 5 illik müddəti əhatə edəcək.

SPM Oil and Gas şirkəti neftin hasili, emalı və nəqli ilə məşğul olan neft-qaz şirkətlərinə istehsal etdiyi məhsulları və xidmətlərini təqdim edir. Şirkət neftin hasili, emalı və nəqli üçün qurğular və qurğu hissələri kimi müxtəlif məhsullar istehsal edir. SPM Oil and Gas A Catepillar şirkəti nəhəng şirkətdir və baş ofisi ABŞ-ın İllinois ştatında yerləşir . Dünyanın bir çox ölkələrində olan müştərilərinə xidmət göstərir. 

Xatırladaq ki, Bakı Ali Neft Məktəbi dövlət ali təhsil müəssisəsi statusunda Prezident İlham Əliyevin “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunda dəyişiklik edilməsi haqqında” 29 noyabr 2011-ci il tarixli Fərmanı ilə yaradılıb. BANM Azərbaycanda və xarici ölkələrdə fəaliyyətini genişləndirən SOCAR-ın və ölkənin digər sənaye sahələrinin müasir tədris proqramları və təlim texnologiyaları əsasında ingilis dilində təhsil almış yüksəkixtisaslı mühəndis kadrlarına olan ehtiyaclarını ödəmək məqsədilə təsis edilib.

Xəbər lenti