2021-ci ilin əvvələrində həyatımda yeni mərhələ başladı. Azərbaycan Prezidentinin Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşlarına təhsil qrantlarının verilməsi haqqında Sərəncamına uyğun olaraq, fəlsəfə doktorluğu proqramı üzrə ölkənin ilk ali təhsil ocağı Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsinə əyani doktorant kimi qəbul olunduğum üçün Azərbaycana gəldim.
Azərbaycana gəlişim əlamətdar günlərə təsadüf edirdi. Ölkə 30 illik işğala son qoymuşdu və tarixi ərazilərini azad etmişdi. Səfərim ərəfəsində Azərbaycan haqqında və ölkənin Vətən Müharibəsindəki qələbəsi ilə bağlı müəyyən məlumatlarım var idi. Bu barədə qəbul olunduğum Kitabxanaçılıq-informasiya fakültəsində tanışlıq görüşümüz zamanı mənə daha ətraflı bilgilər verildi.
Təhsil Nazirliyi tərəfindən Azərbaycanda təhsil alan əcnəbi tələbələrin azad edilmiş ərazilərə səfərinin təşkil edilməsi və həmin tələbələrin sırasında yer almağım məni çox sevindirdi. Səfərimizə Bakıdakı Şəhidlər xiyabanından başladıq. Xiyabanın önündən Təhsil Nazirliyinin əməkdaşları və jurnalistlərlə birgə avtobuslara minərək Qarabağa yola düşdük.
Füzuli və Cəbrayıl rayonlarına, tarixi Xudafərin körpüsünə səyahətim zamanı gözəl təbiəti seyr etdim. Tarixlərin mirası olan Xudafərin körpüsündə Azərbaycan bayrağını dalğalandıraraq şəkillər çəkdirdik. Eyni zamanda səfər zamanı Azərbaycanın ərazilərinin işğal dövründə xarabalığa çevrildiyinin şahidi oldum. Dağıdılmış məscidlərə, qəbiristanlara baş çəkdik. Səfər zamanı Qarabağ haqqında daha aydın təsəvvürlərim yarandı, bu barədə dolğun məlumatlar əldə etdim. Qarabağ Azərbaycanın ən qədim tarixi ərazilərindəndir. “Qara” və “bağ” sözlərinin birləşməsindən yaranan bu ad “Böyük bağ” mənasını verir. Səfərimiz boyu Qarabağın gözəlliklərinə heyran qaldım. Belə bir gözəl məkanın düşmən tərəfindən yandırıldığını, dağıdıldığını görmək isə çox kədərli idi.
Ümid edirəm və inanıram ki, güclü Azərbaycan dövləti yaxın illərdə Qarabağı yenidən quracaq, bərpa edəcək, bu gözəl torpaqlar bir daha müharibənin şahidi olmayacaqdır. Azərbaycan xalqı isə əbədi olaraq sülh içərisində yaşayacaqdır.
Belə bir səfərin təşkilatçılığı üçün Təhsil Nazirliyinə, təhsil aldığım Bakı Dövlət Universitetinə təşəkkür edirəm. Azərbaycanda yaşamaqdan və ölkənin ilk, ən nüfuzlu ali təhsil müəssisəsində təhsilimi davam etdirməkdən çox məmnunam.
Lemunes Nour El Houda Djoumana
BDU-nun Kitabxanaçılıq-informasiya
fakültəsinin əyani doktorantı,
Əlcəzair Xalq Demokratik Respublikasının vətəndaşı