Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə Göygöl olimpiya kompleksində 3-8 avqust 2021-ci il tarixlərində "Gənclərin Liderlik Akademiyası" düşərgəsi keçirilib.
Tehsil.biz xəbər verir ki, düşərgədə ölkəmizin müxtəlif bölgələrindən olan 600-dan çox müraciət sırasından seçilən 110 gənc iştirak edib. Layihənin gedişatında gənclərin müxtəlif dövlət rəsmiləri, iş adamları, tanınmış idmançılar və QHT rəhbərləri ilə görüşləri baş tutub. Həmçinin iştirakçılara zamanın idarə edilməsi, təqdimat bacarıqları, karyera quruculuğu, ünsiyyət və debat və s. mövzularda peşəkar təlimçilər tərəfindən sessiyalar keçirilib.
Gənclərə dövlətçilik və vətənpərvərlik mövzusunda, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun əldə etdiyi tarixi qələbə və dövlət başçısının həyata keçirdiyi gənclər siyasətinin gənclər üçün yaratdığı imkanlar barədə bəhs olunub. Eyni zamanda gənclərə regionlarda yaradılan infrastruktur və mexanizmlər, o cümlədən Gənclər Evləri, Gənclərin İnkişaf və Karyera Mərkəzləri, regional gənclər təşkilatlarının fəaliyyətləri barədə məlumat verilib.
Düşərgənin gedişatında gənclər üçün fiziki hazırlıq, əyləncə və istedadların nümayiş etdirilməsi kimi tədbirlər də təşkil olunub.