Logo

Deputat: Ölkəmizdə virusa yoluxanların sayında artım davam edəcəksə, məhdudiyyətlərin tətbiqi zərurətə çevriləcək

11.08.2021 12:58 466 baxış
IMG

Bir müddət əvvəl Azərbaycanda koronavirusa yoluxmanın minimuma enməsi Nazirlər Kabineti yanında Operativ Qərargaha bir çox məhdudiyyətləri aradan qaldırmağa imkan verdi. Bununla belə, bəzi şərtlər irəli sürüldü ki, hər kəsin onlara əməl etməsi vacib sayıldı. Təəssüf ki, bir çox insanlar bu şərtləri qulaqardına vurmağı sanki bir qəhrəmanlıq hesab etməyə başladılar, məsələn, açıq havada maskasız gəzməyə icazə verildi, adamlar qapalı məkanlarda da maska taxmadılar.

Bu fikirləri Milli Məclisin deputatı Əziz Ələkbərli AZƏRTAC-a açıqlamasında bildirib. Deputat deyib: “Toy məclisləri ilə bağlı aparılan monitorinqlər göstərdi ki, adamlar nəinki vaksinasiya pasportu olmadan məclislərə axışır, hətta toylarda iştirakçı sayına qoyulan məhdudiyyətlər də çox vaxt kobud şəkildə pozulur. Küçələrdə, idarə-müəssisələrdə dezinfeksiya işləri arxa plana keçirildi, hətta bir çox böyük marketlərdə dezinfeksiya vasitələri yoxa çıxdı və s.

Nəticə göz qabağındadır, yoluxanların, aktiv xəstələrin və ölüm hallarının sayı sürətlə artmağa başladı. İki həftə əvvəl Azərbaycanda yeni yoluxanların sayı 200-dən bir qədər çox idisə, bu gün 2000-ə yaxınlaşır. 1000 nəfərə qədər aşağı düşən aktiv xəstələrin sayının 15 minə çatmasına bu gün az qalır. Gündəlik ölüm sayı sıfıra qədər düşdüyü halda bu gün 10 nəfəri keçib.

Yaddan çıxarmaq lazım deyil ki, hazırda koronavirusun meydana çıxan yeni mutasiyaları müxtəlif ölkələrdə sürətlə yayılmaqdadır, xüsusilə Rusiya, İran, Gürcüstan kimi qonşu ölkələrdə COVID-19-a yoluxma hallarında kəskin sıçrayış müşahidə olunmaqdadır.

Qarşıda bizi daha narahatedici proqnozlar gözləyir, belə ki, yay tətili günlərində müxtəlif ölkələrə üz tutan soydaşlarımız bir müddətdən sonra geri dönəcək və onların potensial virus daşıyıcısı ola bilməsi ehtimalı yüksəkdir.

Ona görə də ölkəmizdə virusa yoluxanların sayında artım davam edəcəksə, məhdudiyyətlərin tətbiqi zərurətə çevriləcək, Operativ Qərargah yaxın zamanlarda bir sıra önləyici tədbirlər görmək məcburiyyətində qalacaq. Yeganə çıxış yolu hər kəsin qoyulan tələblərə ciddi əməl etməsi, peyvəndləmə işinin sürətlə və kütləvi şəkildə aparılmasıdır”.

Xəbər lenti