Logo

İnzibati icraçı vəzifə qrupları üzrə dövlət qulluğuna qəbul olmaq üçün test imtahanının nəticələri açıqlanıb

11.08.2021 18:30 513 baxış
IMG

Avqustun 11-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğuna qəbul olmaq üçün test imtahanı keçirilib.

DİM-dən bildirilib ki, imtahanın nəticələri bu gün saat 17:30-dan etibarən Mərkəzin saytında yerləşdirilib. Namizədlər imtahanın nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 1442 namizəddən 59-u imtahana gəlməyib. Bir nəfərdə mobil telefon aşkar edildiyi üçün imtahandan xaric edilib və nəticələri ləğv olunub.

Bugünkü imtahanda BA1 altqrupu üzrə 2 nəfər, BA2 altqrupu üzrə 8 nəfər, BA3 altqrupu üzrə 31 nəfər, BA4 altqrupu üzrə 48 nəfər, BB1 altqrupu üzrə 32 nəfər, BB2 altqrupu üzrə 46 nəfər, BB3 altqrupu üzrə 83 nəfər, BB4 altqrupu üzrə 105 nəfər olmaqla ümumilikdə 355 namizəd tələb olunan müsabiqə şərtlərini ödəyərək uğur qazanıb.

Test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikat 5 il qüvvədədir.

Namizəd sertifikatı əldə etmək üçün avqustun 12-dən 25-dək DİM-in portalında müraciət formasını doldurmalıdır. Onun təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədilə aşağıdakı sənədlərin “skan” edilmiş surətləri formaya əlavə edilir:

-ali təhsil haqqında sənədin surəti;

-əmək kitabçasının surəti (olduğu halda).

Müraciət formasına daxil edilmiş məlumatların və əlavə edilmiş sənədlərin düzgünlüyünün dövlət elektron informasiya vasitələri ilə yoxlanılması mümkün olmadığı halda, namizəd həmin sənədin (sənədlərin) müəyyən edilmiş qaydada təsdiq olunmuş surətlərini və ya eyniləşdirmə məqsədilə həmin sənədlərin əslini 5 iş günü müddətində DİM-ə təqdim etməlidir.

İnzibati vəzifələrin müvafiq altqrupu üzrə sertifikatı olan şəxs bu sənəddə nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir.

İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyası avqustun 12-13-də saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Ə.Salamzadə, 28 (keçmiş Bakı Asiya Universitetinin binası).

Xəbər lenti