12 avqust - dünyada Beynəlxalq Gənclər Günü kimi qeyd olunur. 1998-ci il avqustun 8-dən 12-dək Lissabonda gənclərlə iş üzrə nazirlərin iştirakı ilə keçirilən beynəxalq konfransda hər il avqustun 12-nin dünyada Gənclər Günü kimi qeyd olunması barədə qərar qəbul edilmişdir. Bu əlamətdar günün keçirilməsində məqsəd gənclərə lazımi diqqət və qayğı göstərmək, onların nailiyyətlərini təbliğ etmək, cəmiyyətin bütün sahələrində gənclərin iştirakına təkan vermək, onların hərəkətverici qüvvə kimi innovativ ideyalarının inkişaf etdirilməsinə dəstək göstərməkdir.
Azərbaycanda dövlət gənclər siyasəti gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən, bu siyasəti müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirən Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
“Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir.” - deyən Ulu Öndər sağlam düşüncəli gənc nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab edirdi. Bu vəzifənin icrası məqsədi ilə 1994-cü il iyulun 26-da müstəqil Azərbaycanda gənclər siyasətini həyata keçirilməsində mühüm rol oynayan dövlət qurumu - Gənclər və İdman Nazirliyi yaradılmış, gənc nəslin mənəvi tərbiyəsi və fiziki inkişafının, təhsili və peşə yönümünün, mütəşəkkil formada yetişdirilməsinin, dövlət quruculuğunda fəal iştirakının təmin edilməsi, gənclər təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi istiqamətində lazımi tədbirlər görülmüş, müxtəlif dövlət proqramları hazırlanmış və uğurla həyata keçirilmişdir.
Son illərdə ölkədə aparılan kadr islahatları, gənc kadrların dövlət strukturlarında məsuliyyətli vəzifələrə təyinatı müasir dövrdə ölkəmizdə dərin bilikli və yüksək bacarıqlı gənc kadrlar korpusunun formalaşmasında, əsasən xaricdə təhsil almış və ya təcrübə keçmiş gəncləri cəlb etməklə idarəçilik sistemində beynəlxalq təcrübənin öyrənilməsi və innovativliyin təmin edilməsində mühüm əhəmiyyət kəsb edir. Ölkənin kadr potensialında aparılan gəncləşmə siyasəti bu gün bir çox sahələrdə oduğu kimi, təhsil sahəsində də öz bəhrəsini verməkdədir.
Bu gün gənclərin təşkilatlanması üçün zəruri iqtisadi, hüquqi və təşkilati imkanlar yaradılıb. Hazırda paytaxt və bölgələrdə yüzlərlə gənclər təşkilatı fəaliyyət göstərir. Müstəqilliyin ilk illərində gənclərin əsasən beynəlxalq qurumlar tərəfindən dəstəklənən təşəbbüslərinə son illərdə dövlət büdcəsindən maliyyələşən fondlar və digər təsisatlar vasitəsilə dəstək verilir. Gənclər arasında könüllülük fəaliyyəti inkişaf edir. Müxtəlif könüllülük proqramları vasitəsilə onların liderlik bacarıqları artırılır. Çoxşaxəli fəaliyyət istiqamətləri üzrə təcrübə toplaması, müəyyən mənada məşğulluğu, işgüzar çevrə yarada bilməsi təmin edilir.
24 minlik tələbə kontingentinə malik qocaman universitetin - Bakı Dövlət Universitetinin əsas hədəfinin ölkəmiz və dövlətimiz üçün yüksəkixtisaslı kadr hazırlığı olduğunu nəzərə alaraq, müxtəlif növ tədbirlərin, o cümlədən tələbələrin təşkilatçılığı və iştirakı ilə dövlət və milli bayramların, yubiley və əlamətdar günlərin qeyd edilməsi, elmi və mədəni-kütləvi tədbirlərin, bilik yarışları və müsabiqələrin, sərgi və təqdimatların təşkili, Vətən Müharibəsi qaziləri ilə görüşlərin keçirilməsi, Universitetin şəhidlik zirvəsinə ucalmış məzunların ailələrinə diqqət və qayğının göstərilməsi, tanınmış elm və mədəniyyət xadimləri, görkəmli ziyalılarla mütəmadi görüşlər və yaradıcılıq gecələrinin keçirilməsi, mədəni və tarixi yerlərə ekskursiyaların, xeyriyyə tədbirlərinin təşkili, gənclər arasında sosioloji sorğuların keçirilməsi, tələbə klubları və yaradıcılıq dərnəklərinin yaradılması, digər ali məktəblərdə təhsil alan tələbələrlə dostluq əlaqələrinin qurulması, digər maarifləndirici tədbirlərin təşkili və keçirilməsi uğurla davam edir. BDU-nun tələbələri ölkə gəncliyinin hərəkətverici qüvvəsi kimi dövlət gənclər siyasətinin universitet hüdudlarında uğurla həyata keçirilməsində fəal iştirak edirlər.
Qürurverici haldır ki, müasir Azərbaycanın gənc nəsli yüksək vətənpərvərlik ruhunda, vətəninə və dövlətinə bağlı, milli mənəvi dəyərləri daima uca tutan nəsildir. Bunun əyani təzahürüdür ki, 2020-ci ilin sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən Müharibəsində yüksək milli ruhlu gənclərimiz Ali Baş Komandanımızın əmri ilə torpaqlarımızı işğaldan azad edərək 30 illik həsrətə son qoydular. 44 gün davam edən Vətən Müharibəsində qəhrəmanlıq göstərən gənclərin şücaəti, mücadiləsi xalqımıza qələbə sevincini yaşatdı. Xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən bu tarixi gündə gənclərimiz bütün dünyaya nəyə qadir olduqlarını nümayiş etdirdilər.
"Mən çox şadam ki, son illər ərzində Azərbaycanda vətənpərvər, güclü, milli ruhda tərbiyə almış gənc nəsil yetişib." - deyən Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışlarında qeyd edirdi ki: "Bu illər ərzində yetişən insanlar bu torpaqları azad etdilər. Bütün nəsillərdən olan vətəndaşlarımızın bu Qələbədə böyük zəhməti var, payı var. Ancaq onu da bildirməliyəm ki, əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi. 2003-cü ildə 10 yaşı, 15 yaşı olanların bu gün 27-32 yaşı var. Onların məhz vətənpərvərlik ruhunda tərbiyə alması, düşmənə nifrət hissi bizi Qələbəyə apardı və Azərbaycan tarixi ədaləti bərpa etdi."
Belə vətənpərvər, qəhrəman və məğrur gəncləri olan Vətən heç vaxt yenilməyəcək, daim öz şan-şöhrətini və qüdrətini qoruyub saxlayacaq və gələcək nəsillərə ötürəcəkdir. Əminik ki, vətənpərvər gənclərimiz mənfur düşməndən azad edilmiş müqəddəs torpaqların bərpa edilməsində və çiçəkləndirilməsində də, burada müasir infrastrukturun qurulmasında da böyük xidmət və rəşadət göstərəcək, ölkə başçısının uğurla həyata keçirdiyi gənclər siyasətinə öz layiqli töhfələrini verəcəklər.
Ramin Səmədov,
BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri