Logo

TKTA tərəfindən göstərilən xidmətlərin elektronlaşdırılması davam edir

12.08.2021 17:36 431 baxış
IMG

Göstərilən xidmət səviyyəsinin optimallaşdırılması, eləcə də, proseslərdə insan faktorunun minimuma endirilməsi məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən mütəmadi olaraq təkmilləşdirmələr həyata keçirilir. Qeyd olunan təkmilləşdirmələrdən biri də xarici ali təhsil ixtisaslarının ölkə ərazisində tanınması çərçivəsində müxtəlif məzmunlu arayışlar və sənədlərin elektron formada tərtib olunaraq vətəndaşlara təqdim olunmasıdır.

Görülən işlərin davamı olaraq, Agentlik tərəfindən xarici ali təhsil ixtisaslarının tanınması məqsədilə həyata keçirilən ekspertizanın yekun nəticəsinin ərizəçilərə elektron inzibati akt formasında təqdim olunmasına başlanılıb. İnzibati aktlar gücləndirilmiş elektron imza ilə imzalandıqdan sonra ərizəçilərə şəxsi kabinetləri vasitəsilə təqdim olunacaqdır.

İnzibati aktlar yalnız ekspertizanın yekun qərarı verildikdən sonra ərizəçilərin şəxsi kabinetində aktivləşəcəkdir  və ərizəçilər E-sənədlər bölməsinə keçid edərək elektron sənədi əldə edə biləcəklər.

Elektron sənədlərin həqiqiliyinin yoxlanılması unikal QR kod vasitəsilə və (ya) elektron sənədlərin həqiqiliyini yoxlamaq məqsədilə istifadəyə verilmiş portal üzərindən mümkün olacaqdır.

Həyata keçirilən təkmilləşdirmə nəticəsində xarici ali təhsil ixtisaslarının ölkə ərazisində tanınması üçün müraciət edən ərizəçilər bu sənədləri asanlıqla əldə edərək, müvafiq quruma təqdim etdikdə vaxta qənaət etmiş olacaqlar.

Xəbər lenti