Logo

Azərbaycan və Ukrayna universitetləri arasında əməkdaşlığa dair memorandum imzalanıb

13.08.2021 11:03 439 baxış
IMG

Kiyevdə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə Dnepr Milli Texniki Universiteti (DMTU) arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Ukraynadakı səfirliyində keçirilən tədbirdə səfir Elmira Axundova, ADNSU-nun rektoru Mustafa Babanlı, DMTU-nun rektoru Aleksandr Azyukovskiy iştirak ediblər.

Mərasimin açılışında səfir Elmira Axundova iki ölkə arasında digər sahələrdə olduğu kimi, təhsil və elm sahəsində də əlaqələrin inkişafını qeyd edib. O bildirib ki, yaxın gələcəkdə də qarşılıqlı səfərlər və iki ölkə ekspertlərinin birgə görüşü nəzərdə tutulub.

A.Azyukovskiy isə bildirib ki, rəhbərlik etdiyi universitetdə elmin inkşafı, gənclərin elmə daha çox cəlb olunması onların əsas prioritetləridir: “Azərbaycanın neft sənayesi üzrə çox dərin təcrübəsi var. Biz məmuniyyətlə bu təcrübəni bölüşmək istərdik. Eyni zamanda, professor-müəllim heyətinin, tələbələrimizin qarşılıqlı mübadiləsini həyata keçiməkdə maraqlıyıq”.

Mustafa Babanlının sözlərinə görə, rəhbərlik etdiyi universitet hazırdır ki, alimlərini mühazirə oxumaq üçün Ukrayna universitetinə göndərsin: “Sizdən də bizdə ehtiyac olan sahələr üzrə alimlərinizi mühazirə üçün dəvət etmək istərdik”. M.Babanlı deyib ki, Azərbaycanda, eləcə də onun rəhbərlik etdiyi universitetdə elm və təhsil sahəsi durmadan öz dinamik inkişafını davam etdirir: “Biz daha çox çalışırıq ki, innovativ təhsil proqramlarına üstünlük verək. Dövlət başçımızın da əsas prioritetlərində biri odur ki, Azərbaycan beynəlxalq nəqliyyat qovşağına çevrildiyi kimi, beynəlxalq innovativ qovşağa da çevrilsin. Bu baxımdan istərdik ki, münasibətlərimiz tək ikitərəfli yox, həm də beynəlxalq xarakter alsın”, - deyə o əlavə edib. Daha sonra azərbaycanlı rektor bir sıra nəzərdə tutulan gələcək qarşılıqlı layihələr barədə məlumat verib.

Tədbirdə DMTU elmi-texniki kitabxanasının direktoru, Dnep şəhərində Azərbaycan Mədəniyyəti Mərkəzinin rəhbəri Qennadi Onişenko, səfirliyin ikinci katibi Samir Allahverdiyev də iştirak edib. Sonda qarşılıqlı surətdə memorandum imzalanıb, xatirə fotosu çəkdirilib.

Xəbər lenti