Logo

UNEC-də onlayn konfrans: “Azərbaycan milli mətbuatının 145 illiyi”

06.11.2020 18:18 506 baxış
IMG

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Azərbaycan milli mətbuatının 145 illiyi” mövzusunda onlayn konfrans keçirilib.

 

Konfransda UNEC-in professor-müəllim heyəti, Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Vüqar Rəhimzadə iştirak ediblər.

 

UNEC-in Ümumi Fənlərin Tədrisinin Təşkili Departamentinin direktoru Gülnarə Rzayeva məlumat verib ki, ölkə Prezidenti İlham Əliyevin 2020-ci il 30 iyun tarixli Sərəncamına əsasən, Azərbaycan milli mətbuatının 145 illik yubileyi ölkəmizin bütün bölgələrində, o cümlədən idarə və müəssisələrdə, ali təhsil ocaqlarında təntənə ilə qeyd olunmaqdadır. UNEC-in rektoru, professor Ədalət Muradovun əmri ilə tədbirlər planını təsdiq edilib. Bu konfrans da həmin tədbirlər planının tərkib hissəsidir.

 

UNEC-in Azərbaycan dili kafedrasının müdiri, professor, respublikanın əməkdar mədəniyyət işçisi Tofiq Əbdülhəsənli qeyd edib ki, Azərbaycan mətbuatı ötən dövr ərzində zəngin və şərəfli yol keçib: “XIX əsrin sonlarında Həsən bəy Zərdabinin yaratdığı “Əkinçi” qəzeti ilə əsası qoyulan milli mətbuatımız həmin dövrdə ağır sınaqlara məruz qalsa da, tutduğu şərəfli yoldan dönmədi. Belə bir şərəfli missiyanın həyata keçirilməsində “Ziya”, “Kəşkül”, “Şərqi-rus”, “İrşad”, “Molla Nəsrəddin” kimi qəzet və jurnallar “Əkinçi”dən başlayan ənənələrə sadiq qalaraq öz mənəvi vəzifələrinin öhdəsindən layiqincə gəldilər. Milli mətbuatımız yarandığı gündən Azərbaycan xalqının ictimai-siyasi həyatında böyük rol oynamağa başladı. Bu, özünü ən çox xalqımızın maarifləndirilməsində, milli şüurun formalaşması və inkişafında, azadlıq arzularının gerçəkləşməsində göstərdi.”

 

Professor vurğulayıb ki, XX əsrin sonlarında Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra ümummilli liderimiz Heydər Əliyev tərəfindən məlumat və söz azadlığının təmin edilməsi, kütləvi informasiya vasitələrinin hərtərəfli inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilib: “Ölkəmizdə senzuranın, mətbuatın üzərindən dövlət nəzarətinin aradan qaldırılması, mütərəqqi qanunvericilik bazasının formalaşdırılması, medianın maddi-texniki bazasının möhkəmləndirilməsi məhz bu dahi şəxsiyyətin adı ilə bağlıdır.”

 

YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Vüqar Rəhimzadə milli mətbuatımızın keçdiyi 145 illik yoldan ətraflı bəhs edərək bildirib ki, obyektivlik, qərəzsizlik, milli şüur və vətənpərvərlik kimi prinsipləri fəaliyyətinin önündə saxlayan mətbuatımız ötən dövr ərzində keşməkeşli, eyni zamanda, şərəfli yol keçib: “1875-ci il iyulun 22-də böyük mütəfəkkir Həsən bəy Zərdabinin redaktorluğu ilə ilk nömrəsi işıq üzü görən “Əkinçi” qəzetinin nəşri ilə bünövrəsi qoyulan mətbuatımızın 1993-cü ilin iyununda ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra inkişafında keyfiyyətcə yeni mərhələ başlandı. Həmin dövrdən başlayaraq mətbu orqanların azad fəaliyyəti, inkişafı yolunda süni maneələrin aradan qaldırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirildi. Həmin dövrün ən mühüm addımı mətbuatın üzərindən senzuranın götürülməsi idi. Bu addım bir daha azad mətbuatın inkişafının dövlətin həyata keçirdiyi humanizm siyasətinin əsasında dayandığını nümayiş etdirdi. Ulu öndər Heydər Əliyevin 1998-ci il 6 avqust tarixli “Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərmanı ilə Azərbaycan mətbuatı üzərində imperiya əsarətində olduğumuz çar Rusiyası və totalitar sovet rejimi dövrlərində, həmçinin müstəqilliyimizin ilk illərində mövcud olmuş sərt senzura aradan qaldırıldı. Bu qətiyyətli addım 1875-ci ildə “Əkinçi” qəzeti ilə əsası qoyulan Azərbaycan milli mətbuatının ilk dəfə senzuradan tamamilə azad edilməsi, yeni müstəqil medianın fəaliyyəti üçün geniş imkanların açılması kimi təqdir olunur. Cəmiyyətin güzgüsü kimi dəyərləndirilən mətbuatın inkişafını, jurnalist əməyini daim yüksək dəyərləndirən ulu öndər Heydər Əliyevin sonrakı dövrlərdə imzaladığı Fərman və sərəncamlara, qəbul olunan qanunlara diqqət yetirsək, bu sahənin inkişafının dövlət siyasətində önəmini daha aydın görə bilərik.”

 

“İki sahil” qəzetinin baş redaktoru diqqətə çatdırıb ki, son 17 ildən artıq dövrdə Heydər Əliyev siyasətini bütün istiqamətlərdə uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev azad mətbuatın prioritetliyini önə çəkərək bu istiqamətdə zəruri addımlar atır: “Bu dövrdə mətbuatın maddi-texniki bazasının daha da möhkəmləndirilməsi, jurnalist peşəkarlığının və məsuliyyətinin artırılması dövlət siyasətində prioritet istiqamətlərdən birini təşkil edib. Möhtərəm Prezidentimizin Sərəncamı ilə KİV-lərin İnkişafına dövlət dəstəyi Konsepsiyasının təsdiqlənməsi, bu sənədə uyğun olaraq cənab İlham Əliyevin 3 aprel 2009-cu il tarixli Sərəncamı əsasında Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) yaradılması da dövlətimizin diqqət və qayğısının əsas tərkib hissəsidir. Bu fakt inkaredilməzdir ki, jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə dövlət büdcəsi hesabına yaşayış binalarının inşa edilməsi, dünyada analoqu olmayan addımdır. Bu məqsədlə dövlətimizin başçısı İlham Əliyevin imzaladığı sərəncamlar əsasında 3 yaşayış binası inşa olunub, artıq iki bina istifadəyə verilib, üçüncünün isə istifadəyə verilməsi nəzərdə tutulur”.

 

V. Rəhimzadə Azərbaycan Ordusunun torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində döyüşlərdə əldə etdiyi uğurların işıqlandırılmasında ölkə mətbuatının rolunu xüsusi vurğulayaraq Ali Baş Komandan, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun böyük şücaət göstərərək hərbi əməliyyatların davam etdiyi qısa müddətdə bir sıra yaşayış məntəqələrimizi, strateji yüksəklikləri, o cümlədən 4 şəhər və xeyli sayda kəndləri işğaldan azad etdiyini diqqətə çatdırıb: “Bu qələbələrimizin davamlı olacağı, bütün torpaqlarımızın azad ediləcəyi artıq heç kəsdə şübhə doğurmur. Bu qələbələri “İki sahil” qəzeti də “Əkinçi” ənənələrinə sadiq qalaraq obyektiv, qərəzsiz və vətənpərvərlik prinsipləri ilə işıqlandıracaq”.

 

Tədbirdə, həmçinin UNEC-in Azərbaycan dili kafedrasının dosentləri Cəlal Allahverdiyev və Aynur Qədiməliyeva çıxış edərək qeyd ediblər ki, son illər ərzində KİV-in maddi-texniki bazasının möhkəmləndirilməsi üçün bir çox tədbirlər həyata keçirilib. Ulu öndərimiz Heydər Əliyevin mətbuatın inkişafına diqqət və qayğısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısının milli mətbuatın 145 illik yubileyinin keçirilməsi ilə bağlı Sərəncamında KİV-in fəaliyyət prinsipləri və istiqamətləri əksini tapıb.

Xəbər lenti