UNEC-in Mühasibat uçotu və audit kafedrasının dosenti Hafis Hacıyev Maliyyə və mühasibat fakültəsinə dekan təyin edilib.
H.Hacıyev 1997-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunun (UNEC) “Mühasibat uçotu, nəzarət və təsərrüfat fəaliyyətinin təhlili” ixtisasını fərqlənmə diplomu ilə bitirib. İnstitutu bitirdikdən sonra Mühasibat uçotu və audit kafedrasında laborant, böyük laborant işləyib. 2002-ci ilin fevral ayından həmin kafedrada müəllim, 2008-ci ilin iyun ayından isə baş müəllim vəzifəsində çalışır.
2006-cı ildə “Kəndli-fermer təsərrüfatlarında mühasibat uçotunun və istehsalın səmərəliliyinin təhlilinin təkmilləşdirilməsi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, iqtisad elmləri namizədi alimlik dərəcəsi alıb.
2006-cı ildən ABŞ Daxili Auditorlar İnstitutunun üzvüdür.
İqtisadiyyatın müxtəlif aktual problemlərinə, o cümlədən mühasibat uçotu, audit və iqtisadi təhlilə həsr edilmiş 80-nə yaxın elmi və tədris-metodiki əsəri dərc edilib.