Prezident təqaüdçüsü Sevda Məmmədzadə:“Bütün ümidlərini doğrulda bildim”
Heç bir peşəylə müqayisəyə gəlmir müəllimlik. Müqəddəs bir missiyanın icraçıları olurlar müəllimlər. Dilin açarı olan əlifbadan tutmuş dünya elmlərinə qədər nə varsa hamısını öyrədirlər şagirdlərinə. Mərhum Xalq şairimiz Bəxtiyar Vahabzadə necə də gözəl deyib:
Yaşamaq yanmaqdır, yanasan gərək,
Həyatın mənası yalnız ondadır.
Şam əgər yanmırsa, yaşamır demək,
Onun da həyatı yanmağındadır...
Sanki dərin fəlsəfi yükün daşıyıcısı olan bu sətirlər büsbütün ali rütbə sahibləri olan müəllimlərə xitabən yazılıb. Ömrünün ziyasını, elmini, biliyini, ümumiyyətlə, bu görüb-götürüləsi dünyada Ulu Tanrı tərəfindən nəyə sahib ola bilibsə hamısını ölçüsü, hüdudu bilinməyən ilahi bir məhəbbətlə şagirdlərinə, tələbələrinə ötürən yeganə peşə sahibləridir müəllimlər.
Əminəm ki, belə müqəddəs peşə sahiblərindən biri haqda sevimli övladının dilindən eşidəcəkləriniz müəllimi ən ali bir insan olaraq sizlərə bir daha sevdirəcək.
Həmsöhbətim Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin veteran diktoru, Əməkdar artist, Prezident təqaüdçüsü Sevda Məmmədzadənin bir vaxtlar Əməkdar müəllim olmaqla bərabər el-oba ağsaqqalı sayılan sevimli atası Saleh Məmmədzadə haqqında söylədiklərini sözün tam mənasında həyəcansız dinləmək mümkün deyildi. Bu gün ömrünün müdrik çağını yaşayan tanınmış incəsənət nümayəndəsi uşaqlıq, yeniyetməlik və gənclik illərinin yaddaşında sağalmaz izlər buraxan sevimli ata və sevimli müəllim itkisini görün necə yaşayır:
...Hər il alman faşizmi üzərində qələbənin qeyd olunduğu 9 may tarixində sevimli atamın xoş xatirəsini təkrar-təkrar yada salır, qürur hissi yaşayıram. Həmin gün ailəmizdə toy-bayram əhvali-ruhiyyəsi olurdu. Milyonlarla insanı qanına qəltan edən o dəhşətli müharibədən salamat qayıtmaq doğrudan da hər kəsin tale qisməti olmayıb. Buna görə də həmin günü atam əsil doğum günü kimi qeyd edirdi. Bu barədə danışanda da qəhər məni boğur, o tarixi günləri yenidən atamla bərabər yaşamaq həvəsi ilə coşub-daşıram. Gözlərim qarşısında gözəl qayğısız , xoşbəxt günlər canlanır.
Əziz xatirəsini böyük ehtiramla yaddaşıma həkk etdiyim ilk məhəbbətim və ilk müəllimim olan atam böyük pedaqoji yaradıcılığa malik olan və ondan bədii silah kimi istifadə edən filoloq alim Saleh Məhəmməd oğlu Məmmədzadə Ağdaş rayonunun Şəmsəbad kəndində 1902-ci ildə ziyalı ailəsində doğulmuşdur. Onun tərbiyəsində və təhsilində Türkiyədə təhsil almış ictimai xadim, ərəb-fars dilləri üzrə mütəxəssis, dayısı Muxtar Əfəndizadənin böyük rolu olub. 1920-ci illərin sonunda Bakıya gələn atam seminariyaya daxil olmuş, böyük və dahi yazarımız Hüseyin Cavid Əfəndidən dərs almışdı. Atamın ilk iş yeri İrəvan pedaqoji təhsil mərkəzi olub, sonradan vətənimizin ayrı-ayrı bölgələrində - Quba, Şəki, Ağdaş və Bakıda müxtəlif təhsil ocaqlarında çalışıb. Son iş yeri isə Maarif Nazirliyində aparıcı mütəxəssis vəzifəsi olub. 1941-ci ildə alman faşistləri sovetlər ölkəsinə müharibə elan edəndə atam altı körpəsini xanımına tapşırıb və könüllü surətdə silaha sarılaraq cəbhəyə yollanıb. O, bir sıra Avropa ölkələrində - Çexiya, İtaliya, Fransa və Polşada ön cəbhədə vuruşaraq fədakarlığına görə vətənə medallarla dönüb. Ordudan qayıtdıqdan sonra atam yenə də elmi fəaliyyətini davam etdirərək Əməkdar müəllim fəxri adına layiq görülüb, orta məktəb dərsliyinin - “Azərbaycan dilinin qrammatikası” kitabının müəllifi olub. Atam cəhalətə, xurafata, nadanlığa qarşı daim mübarizə aparan, övladlarını da bu ruhda tərbiyə edən vətən oğlu olmuşdur. O, çox ciddı, həm də kövrək qəlbli sadə bir insan idi. Xalq arasında sevilən, seçilən müəllim kimi tanınırdı. Nümunəvi ailə başçısı, sədaqətli ömür-gün yoldaşı, müdrik ata, baba idi. Atam 1989-cu ildə əbədiyyətə qovuşdu...
Əziz ata, sən mənim damarlarımda axan qanım, arxam- dayağım, vüqarım, fəxrim olmusan. Hər şeyə görə sənə borcluyam. Sən verdin mənə bu əxlaqı, bu qüruru, bu vətənsevərliyi. Həmişə mənimlə fəxr etdiyini dilinə gətirəndə baxışlarında gur həyat eşqi üzümə nur saçırdı. Nə yaxşı ki, gecəmi gündüzümə qataraq bütün ümidlərini doğrulda bildim, sənə başucalığı qazandırdım.
Sifai SƏFƏROVA