"Bu məktəbli formasının modelində heç bir dəyişiklik olmayacaq. Çünki yeni məktəbli formaları təsdiq edilməyib".
Tehsil.biz xəbər verir ki, bunu hafta.az-a açıqlamasında Bakı Tikiş Evinin (BTE) satış şöbəsinin müdiri Etibar Əzimov bildirib.
Onun sözlərinə görə, Təhsil Nazirliyindən də köhnə model formaların qüvvədə olduğu bildirilib:
“Formalarla bağlı dəyişiklik yoxdur. Nazirlikdən də bizə dedilər ki, bu il köhnə model forma qüvvədə olacaq. Ona görə bu il də köhnə modelə uyğun formalar tikirik”.
Məktəbli formalarının qiymətinə gəlincə, şöbə müdiri bildirib ki, bu il də qiymətlərdə heç bir dəyişiklik edilməyib:
“2017-ci ildən eyni qiymətdir. Bu il də həmin qiymət qalır. Amma bu ildən valideynlər hazırladığımız formaları bizim satış mərkəzləri ilə yanaşı, həm də “Bravo” supermarketlərindən əldə edə bilərlər”.
Xatırladaq ki, I-VI siniflər üçün kostyumun qiyməti 40 manat, VII-XI sinif şagirdləri üçün kostyumun qiyməti isə 46 manatdır. Bu dəstə pencək, şalvar və yaxud pencək, ətək daxildir. Köynəklərin qiyməti 26–dan 54 ölçüyədək 8 manatdır.