Azərbaycan Dillər Universitetində (ADU) Qazi Universitetinin əməkdaşları ilə görüş keçirilib.
ADU-dan bildirilib ki, görüşdə elmi işlər üzrə prorektor professor Novruz Məmmədov universitetlər arasında qurulan əlaqələrin vacibliyini vurğulayıb. Prorektor deyib: “Bu gün Azərbaycanla Türkiyə arasında möhkəm, etibarlı və qardaşlıq müstəvisində əlaqələrin olması hər birimizi sevindirir. Mədəni və ədəbi əlaqələrin qurulması, həmçinin elmi mübadilələrin baş tutması gələcəkdə böyük işlərin təməl daşı hesab oluna bilər. Bu gün Azərbaycan və Türkiyə dostluğu bütün sferalarda özünü göstərir”.
Qazi Universitetinin professoru Necati Dəmir tələbələrə elmi-tədqiqat işlərinin mövzularını təqdim edib. Türk xalqlarının qədim tarixindən danışan qonaq türk xalqlarının ədəbiyyatı və mədəniyyətinin tədqiq işinin vacibliyini və əhəmiyyətini qeyd edib.
Tədbir zamanı əlaqələrin qurulmasında xidmətləri olan əməkdaşlar ADU-nun təşəkkürnamə və diplomları ilə təltif ediliblər.
Həmçinin türk tarixinin və ədəbiyyatının salnamələrindən bəhs olunub. Qədim türk torpaqlarında yaşayan xalqların adət-ənənələrindən, mədəni dünyagörüşlərinin əks olunduğu dastanlardan söhbət açılıb.
Görüş tələbələrin sualları ilə yekunlaşıb.