Lənkəran Dövlət Universitetinin (LDU) nəzdində yaradılan tyutor hazırlığı kursunun növbəti buraxılışı olub.
Müdavimləri təbrik edən LDU-nun rektoru, professor Natiq İbrahimov COVİD-19 pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq tyutor hazırlığının təşkilini universitetin tədris həyatında əlamətdar hadisə kimi dəyərləndirib.
Bildirib ki, kursu uğurla bitirən müdavimlərin əksəriyyəti qarşıdakı tədris ilində LDU-da və bölgədə fəaliyyət göstərən kolleclərdə işlə təmin olunacaqlar. Kursu yüksək balla başa vuran müdavimlər ilk növbədə yerləşdiriləcəklər.
Müsair təhsil prosesində tyutorların fəaliyyətini yüksək dəyərləndirən universitet rəsmisi çətin və məsuliyyətli işlərində müdavimlərə uğurlar arzu edərək bildirib ki, onlar daima dünya və ölkə təhsilində baş verən yeniliklərdən xəbərdar olmalı, zamanla ayaqlaşmalı,tələbələrlə səmərəli ünsiyyət qurmağı bacarmalıdırlar.
Professor Natiq İbrahimov hazırlıq kursunu bitirən müdavimlərə Lənkəran Dövlət Universitetinin sertifikatlarını təqdim edib.
Qeyd edək ki, LDU-da tyutor hazırlığı üçüncü dəfədir ki, həyata keçirilir. Bu ilki hazırlıq kursunda məşğələləri Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin əməkdaşı Rəna Hacımuradova aparıb.