Mingəçevir Dövlət Universitetində (MDU) “Açıq hava seminarları” proqramına start verilib. Proqram çərçivəsində açıq hava şəraitində universitetin akademik heyət üzvləri tərəfindən tələbə və magistrantlar üçün müxtəlif aktual mövzularda silsiləvi seminarların keçirilməsi nəzərdə tutulub.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildiriblər ki, yay tətili zamanı gənclərin asudə vaxtlarının səmərəli təşkili məqsədini daşıyan sözügedən proqrama uyğun olaraq, ilk seminar “Nizami Gəncəvi İli”nə və Beynəlxalq Gənclər Gününə həsr edilib. Mingəçevir şəhəri “Dostluq” parkında MDU-nun Humanitar fənlər kafedrasının müəllimi Ayna Babazadə “Nizami Gəncəvi yaradıcılığında vətənpərvərlik” mövzusunda çıxış edib.
Seminarda A.Babazadə tərəfindən Nizami Gəncəvinin əsərlərində vətənpərvərliyin tərənnümü ilə bağlı gənclərlə geniş fikir mübadiləsi aparılıb, tələbələrin ifasında dahi şairin poemaları əsasında müxtəlif səhnəciklər canlandırılıb.
Qeyd edək ki, “Açıq hava seminarları” proqramı növbəti həftələrdə davam etdiriləcək. Tələbə gənclərin hərtərəfli inkişafına hədəflənən əlverişli təhsil mühitinin təmin edilməsinə xüsusi önəm verən MDU-da bu tipli tədbirlərin davamlı təşkili diqqət mərkəzində saxlanılır.