Logo

BDU-da Qarabağ ruhu - 11-ci yazı

07.11.2020 14:43 473 baxış
IMG

Fəxrlərimizin ruhu şad olur

11-ci yazı

 

İnsan xoş əməlləri ilə özünə məxsus iz qoyur bu ömür dünyasında. Həyatını xalqının maariflənməsinə, Vətəninin tərəqqisinə sərf edən elm-təhsil fədailəri isə ictimaiyyət tərəfindən xüsusi hörmətlə, ehtiramla qəbul edilir, sevilir və xatirələrdə yaşayırlar.

 

Bakı Dövlət Universiteti bir əsrdən çox yaşı və ali təhsilimizin flaqmanı olan BDU-nun, həmçinin Azərbaycan ali təhsil tarixində müstəsna xidmətləri ilə seçilən professor və müəllimlərimizin, ictimai-siyasi xadimlərimizin bu ali elm və təhsil məbədinə verdiyi töfhələrlə bağlı silsilə yazılar dərc etməyə davam edir.

 

Yazılarımızın qəhrəmanları isə ürəyi Vətən üçün alışıb yanan, özündən sonra yetişdirdiyi mütəxəssislərlə, Azərbaycanda elmin, təhsilin inkişafına verdiyi töfhələrlə ürəklərdə əbədi iz qoymuş Qarabağ bölgəsinin elm-təhsil fədailəri, ictimai-siyasi xadimləridir. Sentyabrın 27-dən davam edən haqq mübarizəmizdə qazanılan qələbələr onların da ruhlarını şad edir.

 

On birinci yazımız Bakı Dövlət Universitetinin Yeni media və kommunikasiya nəzəriyyəsi (Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi) kafedrasının müdiri olmuş professor Famil Ağalar oğlu Mehdiyevlə bağlıdır.

 

Famil Mehdi 1934-cü il dekabrın 25-də Ağdam rayonunun Sarıhacılı kəndində anadan olmuşdur. Əhmədvar kənd yeddiillik məktəbini bitirib Ağdam pedaqoji məktəbində təhsil almışdır. 1953-1958-ci illərdə BDU-nun Filologiya fakültəsinin Jurnalistika şöbəsində təhsilini davam etdirmişdir. Əmək fəaliyyətinə 1958-ci ildə "Bakı" axşam qəzetində ədəbi işçi kimi başlamışdır. 1961-1964-cü illərdə BDU-nun Filologiya fakültəsində aspirant, müəllim, baş müəllim olmuş, 1973-cü ildən jurnalistika fakültəsində jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri vəzifəsində işləmişdir. "Azərbaycan bədii publisistikasının sənətkarlıq problemləri" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.

 

Bədii yaradıcılığa 1951-ci ildə "Lenin yolu" adlı Ağdam rayon qəzetində çıxan ilk şeri ilə başlamışdır. Bundan sonra dövri mətbuatda vaxtaşırı çıxış etmişdir. Əsərləri keçmiş SSRİ xalqlarının və bəzi xarici ölkə xalqlarının dillərinə tərcümə edilmişdir. Fəal pedaqoji, elmi və ictimai işlə məşğul olmuşdur. "Jurnalistika məsələləri" adlı ali məktəb tələbələri üçün dərsliyin müəlliflərindən biridir. "Alovlu publisist Səməd Vurğun", "Azərbaycan bədii publisistikasının sənətkarlıq problemləri", "Mətbuatda publisistika", "Bədii publisistika" kimi monoqrafik kitablar və dərs vəsaitləri onun qələminin məhsuludur. Bakı şəhər Oktyabr rayonu Xalq Deputatları Sovetinin (XVII, XVIII, XIX çağırış) deputatı olmuşdur. "Oqonyok" jurnalının laureatı adına layiq görülmüşdür. SSRİ "Bilik" cəmiyyətinin ən yaxşı elmi-kütləvi əsərlərə görə diplomunu almışdır.

 

Qarabağ müharibəsinin ilk günlərindən "Nicat" cəmiyyətini yaratmış və Vətənin müdafiəsinə qalxan könüllülər arasında stimul yaratmaq məqsədi ilə cəmiyyət adından "General Məhəmməd Əsədov" mükafatı təsis etmişdir.

 

2003-cü il sentyabrın 29-da Bakıda vəfat etmişdir.

 

Əminik ki, Qarabağın tamamilə işğaldan azad ediləcəyi, rəşadətli Azərbaycan ordusunun üçrəngli bayrağımızı unudulmaz Famil Mehdinin dünyaya göz açdığı Ağdam şəhərində ən hündür nöqtəyə sancacağı gün uzaqda deyil!

Xəbər lenti